Azərbaycanla bu gün hesablaşmayanlar sabah peşman olurlar- ÖZƏL
10:36 Siyasət"Mayın 10-da - Ulu öndər Heyddər Əliyevin doğum günündə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdamda 507 yerlik konsert zalı, 15 dərs otağı, sərgi salonu, iclas zalı, kafe, kinozal, kitabxana, iki rəqs zalı, 615 tamaşaçı tutumu olan açıq amfiteatr olan Muğam Mərkəzini açmaları rəmzi məna daşıyır. Açılış mərasimində dövlət başçımızın etdiyi nitqində millətimizin bu günü və gələcəyi baxımından vacib olan bir sıra məsələlər vardır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Bildirildi ki, 1993-cü ilin ümumi böhranından Azərbaycan xalqı yalnız Heydər Əliyevin dühası sayəsində çıxdı, müəyyənləşdirdiyi siyasətin yeni şəraitə uyğun olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan çətinlikləri geridə qoyaraq, əraziləri düşmən işğalından azad edərək indiki dövrə gəldi. İşğal illərində Ermənistanın məqsədyönlü siyasəti nəticəsində yerlə-yeksan edilmiş bütün şəhər və kəndlər İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində dirçəldilir. Atəşkəs illərində törədilən dağıntı erməni faşizminin eybəcər sifətinin göstərir. Azərbaycan müharibədə təkcə Ermənistan, dünya erməniliyi deyil, həm də onun havadarları üzərində qələbə qazandı. Cənab Prezidentin dediyi kimi, onlar bir şeyi hesablaya bilməmişdilər. O da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığıdır. Həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsi olan 44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Sübut etdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır.
Cənab Prezidentin qeyd etdiyi kimi, qələbəni aşağıdakı amillər şərtləndirdi: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Xüsusi vurğulandı ki, Azərbaycandan əvvəlki onilliklər ərzində, nə də sonrakı dörd il yarım ərzində dünyada heç bir dövlət mütləq və tam Qələbə qazanmayıb. Xalqın bir yumruq ətrafında birləşməsi Ali Baş Komandana əlavə mənəvi ruh verdi. Bu Qələbə ilə Azərbaycan xalqı öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bildilər ki, Azərbaycan xalqı ləyaqətlidir, hörmətə layiqdir və onunla hesablaşmaq lazımdır. Bölgədə Azərbaycanla bu gün hesablaşmayanlar sabah peşman olurlar. Səfər zamanı mayın 10-da səhər Ağdam dəmir yolu vağzalının açılması ilə Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün gözəl imkan yaradılır. Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində də işlər görülür. Vağzal kompleksindən Şuşaya gedən yol qısalır. Xankəndi yenidən qurulur Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır
Açılış nitqində dövlət başçısı yaxın planlar barədə də ictimaiyyətə məlumat verdi. Dedi ki, Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində iş iş gedir. Laçın şəhərində kanat yolunun tikintisinə bu il başlanılacaqdır. Kəlbəcərdə də belə layihə vardır. Bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaqdır.
Görülən bütün bu işlər cənab Prezident İlham Əliyevin dərin zəkasının, böyük millət və vətən sevgisinin, heyrətamiz təşkilatçılığının, ciddi planlaşdırmanın göstəricisidir. Azərbaycanın bütün quruculuq işlərini heç bir xarici yardım olmadan yalnız öz hesabına etməsi dövlətimizin düzgün maliyyə-iqtisadi siyasətini sübut edir.
Nitqində cənab Prezident İlham Əliyevin dediyi aşağıdakı sözlər millətimizin bütün gələcəyi üçün əhəmiyyətlidir: "Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq".