Azərbaycanın Hindistan-Pakistan münaqişəsindəki mövqeyi tamamilə beynəlxalq hüquqa əsaslanır - XİN rəhbəri
12:25 SiyasətAzərbaycanın Hindistan-Pakistan münaqişəsindəki mövqeyi, digər mövzularda olduğu kimi, tamamilə beynəlxalq hüquqa əsaslanır.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"Son gərginliyin başlanma səbəbi ondan ibarətdir ki, Pakistan ərazisinə ciddi bir əsaslar gətirilmədən Hindistan tərəfindən zərbələr endirildi. Yəni bir dövlət digərinin ərazisinə zərbələr endirməyə başladı və bu, çox ciddi bir gərginliyə səbəb oldu.
Biz bunun qəbul edilməz olduğunu və eyni zamanda hər iki tərəfə bu gərginliyə son qoymağa, münaqişənin siyasi-diplomatik müstəvidə həlli istiqamətində çağırış etdik. Ona görə kimsə bizim bu mövqeyimizdən narazıdırsa, biz düşünürük ki, ilk növbədə diqqətlə proseslərə baxsın və məntiqli yanaşma ortaya qoysun", - o bildirib.