Türkiyə, Pakistan və Azərbaycan: Yeni əməkdaşlıq mərhələsinə doğru – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə önəmli mesajlar verib. O bildirib ki, Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atmağa hazırlaşır. Ərdoğanın sözlərinə görə, bu əməkdaşlıq regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir. Lakin o, planlaşdırılan addımların detalları barədə açıqlama verməyib.

Hazırda Türkiyə, Pakistan və Azərbaycan arasında hərbi və müdafiə sahəsində sıx əməkdaşlıq mövcuddur. Üç ölkə ortaq hərbi təlimlər keçirir, birgə istehsalat layihələri reallaşdırır və qarşılıqlı texniki dəstək göstərir. Bu əməkdaşlıq hər üç ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayır.

Bu əməkdaşlıq gələcəkdə formal hərbi-müdafiə ittifaqına çevrilə bilərmi və belə bir ittifaqın regional güc balansına təsiri necə olar?

"Hazırkı geosiyasi şərait dövlətlərin öz təhlükəsizliyini təmin etməsini qaçılmaz edir. Ona görə də dövlətlər hərbi potensialın artırılması ilə bağlı qərarlar qəbul edirlər. Təbii ki, bu, dünyanın bütün bölgələrində müşahidə olunan prosesin tərkib hissəsidir. Eyni zamanda yeni hərbi ittifaqların yaranması zərurəti ortaya çıxır. Türkiyə, Azərbaycan və Pakistan kimi yaxın münasibətləri olan dövlətlər hərbi sahədə də əməkdaşlıq edirlər. Hesab edirəm ki, bu üç ölkənin gələcəkdə hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırması tamamilə real bir perspektivdir".

Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan, Türkiyə, Pakistan və türk dövlətlərinin birgə hərbi ittifaq yaratması regional güc balansını dəyişərək xarici təhdidlərə qarşı effektiv çəkindirici rol oynaya bilər:

"Digər tərəfdən, Azərbaycan türk dünyasının mərkəzi ölkəsi kimi müxtəlif təşəbbüslərlə çıxış edir və birləşdirici missiyanı yerinə yetirir. Azərbaycanın təşəbbüsləri türk dövlətləri tərəfindən də müsbət qarşılanır. Daha sonra bu təşəbbüslərin praktiki mexanizmlərinin hazırlanması istiqamətində addımlar atılır. Eyni zamanda, Türkiyənin də müxtəlif təşəbbüslərlə çıxış etməsi prosesi müşahidə olunur. Azərbaycan, Türkiyə, Pakistan və ümumilikdə türk dünyasını əhatə edən hərbi ittifaqın yaradılması ilə bağlı təkliflərin gələcəkdə reallaşması mümkündür. Bu baş verdiyi halda, yeni bir güc mərkəzi formalaşacaq və bu, ümumilikdə türk dövlətləri və Pakistanın maraqlarına tam uyğundur. Belə olan halda, kənar təhdidlər əhəmiyyətli dərəcədə azalacaq, çünki yeni hərbi ittifaq çəkindirici güc kimi çıxış edəcək. Bu isə o deməkdir ki, istər Pakistan, istər Türkiyə, istərsə də digər türk dövlətləri xarici təzyiqlərə qarşı daha güclü şəkildə dayanacaqlar".

Siyasi şərhçi sonda qeyd edib ki, bu təşəbbüs kifayət qədər adekvatdır və eyni zamanda onun formalaşma perspektivi də mövcuddur. Bunun üçün həm geosiyasi şərait, həm də siyasi iradə vacibdir və hesab edirəm ki, hər ikisi də mövcuddur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31