Azərbaycan-Çin tərəfdaşlığı strateji məzmunla zənginləşən mərhələdə

Dünya nizamının pozuldüğu və yeni dünya düzəninin formalaşmasının çox təlatümlü və proqnoza gəlməz vəziyyətə düşmüş bir mərhələsini yaşadığımız hazırkı dönəmdə, dünyada gedən proseslərə daha çox təsir etmə gücünə malik olan dövlətlərlə münasibətlərin normal səviyyədə olması,qarşılıqlı hörmət, qarşılılı etimad və qarşılılı faydalılıq prinsipləri əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan Azərbaycanın beynəlxalq münasibətlər sistemində həm geostrateji, həm də geoiqtisadi baxımdan sürətlə dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə olan Çin ilə  tərəfdaşlığının strateji məzmunla zənginləşən mərhələyə adlaması günümüzün diqqətçəkən hadisələrindəndir.Dünya nəhəngi adlandırlan Çin  dünya əhalisinin,eləcə də qlobal iqtisadiyyatın 17 faizini təmsil etməklə, dünyanin ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malikdir.Çinlə münasibətlərimizdə yüksək səviyyəli siyasi dialoqun iqtisadi əlaqələrimizə də ciddi  təkan verir. Bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar və qarşılıqlı səfərlərin,o cümlədən hökumətlərarası və parlamentlərarası münüsibətlər,xüsusən də ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlər Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində,hər iki ölkənin qarşılıqlı maraqlarının reallaşdırılmasında,iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.     
       
Bu kontekstdə  bu il aprelin 22-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına  dövlət səfəri Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir.Bunun əsas konturları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da aydın göründü.  
       
Birgə Bəyanat"da deyilir ki,"tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.       
      
Birgə Bəyanat məzmun və mahiyyət etibarı ilə Azərbaycanla Çin arasında həm siyasi dialoqin dərinləşdirilməsi,həm də iqtisadi və digər səpgili əməkdaşlığın hərtərəfli genişləndirilməsi sahəsində hər iki tərəfin siyasi iradəsini nümayiş etdirir. Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında sözügedən Birgə Bəyanatla yanaşı 20-ə qədər sənəd imzalanıb.Onların arasında "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi,texniki-iqtisadi əməkdaşlıq,sənaye sahəsində əməkdaşlıq,"Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə əməkdaşlıq,beynəlxalq multimodal daşımalar haqqında,rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsi,maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi,  kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə sahəsindəki   sənədlər xüsusi yer tutur.
         
Danışıqların nəticələri,birgə bəyanatın və imzalanmış 20 sənədin əhatə dairəsinin genişliyi göstərir ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır.Çin bütün sahə və istiqamətlərdə  Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin genişləndirmək və dərinləşdirməkdə çox maraqlıdır.İki ölkə arasındakı əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edir, sağlam və sabit inkişaf dinamikası qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.Azərbaycanla Çin arasında ticari-iqtisadi,sənaye, investisiya və digər sahalərdə əməkdaşlıq getdikcə daha çox dərəcədə işlənir və dərinləşir.Bu özünü ticarət əlaqələrinin dinamikasında daha əyani göstərir. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 3,7 milyard dolları ötüb.Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 2,4 milyard dollar və ya 2,4 dəfə çoxdur.Təkcə ötən ildə ticarət dövriyyəsinə 2023-cü illə müqayisdə 21 faizə yaxın artım olub. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib.Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır.İdxalımızda isə Çin 2018-2022-ci illərdəki 3-cü,2023-cü ildəki 2-ci yerdən 2024-cü ildə 1-ci mövqeyə keçib.Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 8 faizə çatıb.Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlığın möhkəm əsası qoyulub.Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir.Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanla Çinin 3744,8 milyon dollarlıq ticarət dövriyyəsinin 3725,1 milyon dolları Çinin,cəmi 19,7 milyon dolları isə Azərbaycanın payına düşür.Yəni Azərbaycanın Çinə ixrac etdiyi malların həcmi Çindən idxal etdiyi malların həcmindən   3705,4 milyon dollar və ya 19 dəfə azdır.Azərbaycan Çinlə imzaladığı  iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən sənədlərdən irəli gələn işləri sistemli  qurmaqla  yaxın perspektivdə indikindən qat-qat artıq mal və məhsul,xüsusən də şərab və nar şırəsi iləyanaşı kənd təsərrüfatı və onun emalından əldə edilən xeyli sayda məhsullar icrac edə bilər. 
         
 Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımaları getdikcə artmaqdadır.Çinin Orta Dəhlizə marağının artması əməkdaşlığığımızın genişləndirilməsi və dərinləşdirilməsi üçün çox vacib amildir. Çünki Orta Dəhliz etibarlılıq,məsafə və zaman baxımından öz üstünlüyünü göstərdikcə,bu əməkdaşlıq daha da genişlənəcək. Mərkəzi Asiyadan və Cənubi Qafqazdan keçməklə  Pekindən Londona qədər uzanan "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çin-Azərbaycan əməkdaşlığının böyük perspektivləri var. Birgə Bəyanatda  göstərilib ki, Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq,gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır.Hər iki tərəf Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında,ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
         Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də regional və qlobal iqtisadi inteqrasiyanın yeni çalalar kəsb etməklə gücləndirilməsi üçün də müham amilə çevriləcək.

Əli Məsimli
 
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31