Övladını istəməyən 16 yaşlı ana - Körpənin taleyini kim müəyyən edir?

Azərbaycanda 16 yaşlı qızın ana olması və daha sonra körpəsini istəmədiyi üçün sığınacaqdan getməsi hadisəsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azyaşlı ana hamiləlik dövründə təşkilatın sığınacağında yaşayıb, lakin uşaq doğulduqdan sonra körpədən imtina edərək sığınacağı tərk edib.

Onun həm anası, həm də atası dünyasını dəyişib, uşağın atasının isə harada olduğu məlum deyil.

Hüquqşünas Tağı Hüseynov məsələ ilə bağlı "Yeni Sabah"a bildirib ki, belə hallarda ata adı istənilən ad kimi yazılsa da, uşağın soyadı mütləq ananın soyadı olur:

"Atası məlum olmayan uşaqların hüquqi məsələlərinə gəldikdə isə, əgər ana bu barədə məlumat vermirsə və ya övladından imtina edirsə, ata adı hissəsi ya boş saxlanılır, ya da simvolik ad yazılır. Bu məsələ icra hakimiyyətlərinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Qəyyumluq və himayəçilik komissiyası tərəfindən həll olunur".

T.Hüseynov söyləyib ki, Ailə Məcəlləsinin 53-cü maddəsi bu kimi halları tənzimləyir. Maddəyə əsasən, uşağın ad, ata adı və soyad daşımaq hüququ var:

"Ad valideynlərin razılığı ilə, ata adı atasının adına görə verilir. Soyad isə, adətən valideynlərin soyadına uyğun olur, fərqli olduqda isə tərəflərin razılığı ilə seçilir".

O qeyd edib ki, atası məlum olmayan uşaqların hüquqları digərləri ilə bərabərdir:

"Onların hüquqları digər uşaqlarla tam bərabərdir. Belə uşaqlar ya Sosial Xidmət Agentliyinin sığınacaqlarına, ya da uşaq evlərinə yerləşdirilir. Amma əvvəlcə uşağın qohumlarına müraciət olunur, çünki bəzən qohumlar qəyyumluq götürmək istəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31