İmtahan yükü və valideyn təzyiqi: Gənc beyinlərin görünməyən mübarizəsi
25 Aprel 19:59 Sosialİmtahan mövsümünün yaxınlaşması ilə məktəblərdə və hazırlıq mərkəzlərində təlaş artır. Lakin bu dövrün təzyiqi təkcə dərs yükləri və test vərəqləri ilə ölçülmür. Əslində, bu mövsüm şagirdlərin üzərinə görünməyən, amma bəlkə də ən ağır yük düşür: valideyn gözləntiləri. Hər il minlərlə şagird yalnız biliyini deyil, həm də ailəsinin arzularını, cəmiyyətin qəliblərini və gələcəklə bağlı qoyulan ümidləri çiyinlərində daşımağa məcbur olur. Bu, təkcə təhsil məsələsi deyil - bu, psixoloji sağlamlıq, şəxsiyyət formalaşması və bəzən də uşaqlığın itirilməsi məsələsidir.
"Yaxşı oxusan, adam olarsan"
Valideynlərin çoxu övladlarının uğurlu olmasını istəyir - bu, birmənalı şəkildə təqdirəlayiqdir. Amma uğur anlayışı zamanla dəyişdiyi və fərdi qabiliyyətlərə görə müxtəlif şəkil aldığı halda, bəzən bu arzular zərərverici bir forma alır. "Qonşunun uşağı 700 bal topladı", "Biz sənə hər şeyi yaratmışıq, sən də nəticə verməlisən" kimi cümlələr sadəcə motivasiya deyil, bir çox hallarda yükləyici, əngəlləyici və psixoloji baskı yaradan faktorlar kimi çıxış edir.
Psixoloqlar bildirir ki, yüksək gözləntilər, müqayisələr və nəticəyə yönəlik təkidlə uşaqların emosional vəziyyəti ciddi şəkildə zədələnə bilər. Bu təzyiqlər uşaqda narahatlıq, özgüvən itkisi, depressiya və hətta fobiya hallarının yaranmasına gətirib çıxara bilər. Uşaq sanki valideyn sevgisini yalnız uğur qazandığı halda haqq edirmiş kimi hiss edir və bu, onun şəxsiyyətinin dərinliklərinə işləyir.
Təhsil, yoxsa yarış?
Bugünkü təhsil mühiti sanki marafon yarışına çevrilib. Məqsəd sadəcə öyrənmək deyil, digərlərindən daha tez və daha çox öyrənməkdir. Bu yarışda çox zaman uşaqların maraqları, istedadları və fərdi bacarıqları nəzərə alınmır. İmtahan nəticələri isə bütün bacarığın göstəricisi kimi təqdim olunur. Halbuki hər bir uşaq fərqlidir: kimisi riyaziyyatda parlayır, kimisi incəsənətdə, kimisi isə liderlik bacarıqları ilə ön plana çıxır.
Valideynlərin gözləntilərinin bu fərqlilikləri nəzərə almadan "yeganə doğru yol" təyin etməsi uşaqların potensialını boğur. Hər kəsin həkim, hüquqşünas və ya mühəndis olması mümkün deyil və buna ehtiyac da yoxdur. Cəmiyyətin hər bir sahədə yaradıcı, peşəkar və motivasiyalı insanlara ehtiyacı var. Ən böyük uğur isə insanın öz istedadını kəşf edib onu inkişaf etdirməsidir.
Psixoloji təzyiqin nəticələri
Psixoloji təzyiq, şagirdlərin akademik performansına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, yüksək səviyyədə stress və narahatlıq yaşayan şagirdlər, imtahanlarda daha aşağı nəticələr əldə edirlər. Bu, bir növ paradoks yaradır: valideynlərin daha yüksək nəticə gözləməsi, əksinə, şagirdlərin performansını aşağı salır.
Bəzi hallarda, bu təzyiqlər daha ciddi nəticələrə səbəb ola bilər. Məsələn, 2023-cü ildə aparılan bir araşdırmada, Azərbaycanda imtahanlar ərəfəsində və sonrasında yüzlərlə şagirdin psixoloji şok yaşadığı və bu travmaların onların gələcək həyatında dərin izlər buraxdığı qeyd olunur
Valideyn dəstəyi necə olmalıdır?
Valideynin vəzifəsi təkcə maddi təminatla məhdudlaşmır. Onların ən önəmli rolu emosional dəstək vermək, uşağın yanında olduğunu hiss etdirməkdir. Uğur qazanmaq istəyi yerindədir, amma bu istəyin uşaqda qorxu yox, inam yaratması vacibdir. Uşağa "Sən bacararsan", "Əlinə gələn nəticə bizi məyus etməyəcək, əsas odur ki, çalışırsan" kimi sözlər onu ruhlandırır, özünə inamını gücləndirir. Bəzən isə ən böyük dəstək sadəcə onunla oturub dərdləşmək, bir imtahan nəticəsinin bütün həyatı müəyyən etmədiyini anlatmaq olur.
Psixoloji dayanıqlığın önəmi
İmtahanlar keçici, amma psixoloji izlər qalıcı ola bilər. Bu səbəbdən, məktəblərdə və ailələrdə psixoloji dəstəyin gücləndirilməsi, şagirdlərə streslə mübarizə yollarının öyrədilməsi, onların duyğularına və fikir azadlığına hörmət edilməsi vacibdir. Şagird yalnız zehni deyil, həm də emosional cəhətdən imtahanlara hazır olmalıdır.
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, valideynlər övladlarını imtahan nəticəsinə görə deyil, onların şəxsiyyətinə və potensialına görə dəyərləndirməlidir:
"Bəli, çox gözəl qeyd etdiniz ki, hazırda abituriyentlərə yalnız dərs oxumaq məsuliyyəti yüklənmir. Bundan əlavə valideynlərini də məmnun etmə, yaxşı övlad olmaq məsuliyyəti də yüklənir. Valideynlərin övladlarını imtahan nəticəsinə görə dəyərləndirməsi heç təqdirə layiq deyil. Bir uşağın, yeyetmənin həyatı sadəcə imtahanla ölçülmür. Onun bir şəxs olaraq formalaşmasında təbii ki, elmin də rolu var amma bunu oxumaqdan əlavə xüsusi bacarıqlarla da edə bilər. Hazırda bir çox gənc öz bacarıqlarını inkişaf etdirməkdə çətinlik yaşayır. Bu kimi halları nəzərə alsaq bəli, psixoloji olaraq gərginlik yaşayırlar və buda onların öz daxili potensiallarını geri salır. Sağlam düşünə bilmirlər. Çünki, bilmirlər ki, ailəni, nəsili məmnun etsinlər, yoxsa, öz istək və ehtiyaclarını, həmçinin öhdəliklərini reallaşdırsınlar. Duyğusal və zehni olaraq qarışıqlıq yaşadıqlarına görə də, aktivlikləri azalır.
Az öncə qeyd etdiyim kimi, sadəcə nəticəyə uyğun dəyərləndirmək yanlış addımdır. Burda sadəcə bir tərəfli fikir bildirə bilməyəcəm. Çünki insanlar yaradılışına və sosial mühitdə formalaşmasına görə fərqlənirlər. Bir abituriyentdə bu hal ( valideynin nəticəyə əsasən qiymətləndirməsi) müsbət təsir edirsə, bir başqasında isə bu mənfi nəticələnəcək. Belə ki, müsbət halda abituriyent daha prinsipial yanaşıb daha yüksək nəticə əldə etmək üçün vuruşacaq ki, valideyninə sübut etsin ki, "Mən sən dediyin kimi olmadım, bacardım". Əks halda isə (bu daha çox, təsdiq axtaran abituriyentlərdə olur) motivasiyadan düşəcək. Düşünəcək ki: " Zatən mən bacarmıram, valideynlərim də bunu deyirsə həqiqətən də, məndə alınmayacaq". Bir sözlə, valideynlər "qohum- qonşu nə deyəcək", "mənim övladım yüksək nəticə yığsın, fərqlənsin" və s düşünərək deyil, öz övladının potensialına, xarakterinə uyğun yanaşsın, münasibət bəsləsin. Uşağa sadəcə məsuliyyət yükləmək əvəzinə, öz həyatını və ya quracağı gələcəyi dərk etməsinə şərait yaratmaq lazımdır".
Psixoloq Şərəbanı Abbasovanın fikrincə isə, valideynlərin yüksək imtahan gözləntiləri uşaqlarda psixoloji gərginlik yaradaraq onların özünəinamına və motivasiyasına ciddi şəkildə mənfi təsir göstərə bilər:
"İmtahan mövsümündə təkcə dərs yükü deyil, valideynlərin yüksək gözləntiləri də şagird və tələbələrdə ciddi psixoloji təzyiq yaradır. Bu gözləntilər uşaqlarda narahatlıq, özgüvən əskikliyi və hətta panik ataklara səbəb ola bilər. Valideynlər daha anlayışlı olmalı, övladlarının emosional vəziyyətini də diqqətə almalıdırlar. Valideynlərin imtahan nəticələrinə dair yüksək gözləntiləri şagird və tələbələrdə bir sıra ciddi psixoloji gərginliklərə yol aça bilər. Bu, xüsusilə aşağıdakı təsirlərlə müşahidə olunur:
Psixoloji gərginlik və stress:
Valideyn təzyiqi altında olan şagirdlərdə imtahandan əvvəl və ya imtahan zamanı yüksək dərəcədə stress, qorxu və narahatlıq müşahidə olunur. Bu hallar onların diqqətini yayındırır, yaddaşı zəiflədir və nəticədə performansın aşağı düşməsinə səbəb olur.
Perfeksionizm və uğursuzluq qorxusu:
Valideynlər yalnız yüksək nəticəni qəbul etdikdə, uşaqlar özlərini yalnız "mükəmməl" olduqları halda dəyərli hiss edirlər. Bu isə onları daim özlərini sübut etməyə və uğursuzluqdan qorxmağa vadar edir.
Özünəinamın azalması:
Əgər uşaq valideynin gözləntilərini qarşılaya bilməzsə, "Mən bacarmıram", "Mən kifayət qədər yaxşı deyiləm" kimi düşüncələr formalaşır. Bu, onun özünə olan inamını zədələyir və uzunmüddətli psixoloji problemlərə yol aça bilər.
Gələcək motivasiyanın zəifləməsi:
Uğur yalnız nəticə ilə qiymətləndirildikdə, uşaq öz daxili motivasiyasını itirir. O, öyrənməyi sevdiyi üçün yox, cəza almamaq və ya razılıq qazanmaq üçün oxumağa başlayır. Bu isə zamanla dərsə marağın azalmasına, hətta öyrənməkdən imtina etməyə gətirib çıxara bilər.
Valideynlər uşağın nəticəsindən çox, onun əməyi, səyi və prosesdə göstərdiyi inkişafı qiymətləndirməlidirlər. Dəstək və anlayışla yanaşmaq, onun yanında olduğunu hiss etdirmək - uşağın həm emosional balansını qoruyur, həm də gələcəkdə daha motivasiyalı və özünəinamlı bir şəxsiyyət kimi yetişməsinə səbəb olur".
İmtahan mövsümü, şagirdlər üçün həm akademik, həm də emosional baxımdan çətin bir dövrdür. Valideynlərin bu dövrdə övladlarına göstərdikləri dəstək və anlayış, onların uğur qazanmasında və psixoloji sağlamlıqlarının qorunmasında mühüm rol oynayır. Əsas məsələ, bu dəstəyin təzyiqə çevrilməməsi və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınmasıdır.
Unutmayaq ki, hər bir uşaq bir naxışdır - onu qəlibə salmaq yox, inkişaf etdirmək lazımdır. Valideyn sevgisinin şərtsiz olduğu bir ailə mühiti, təhsilin yarış yox, inkişaf olduğu bir məktəb sistemi və nəticə yox, səylə dəyərləndirilən bir cəmiyyət arzusu ilə...
Səidə Ramazanova