Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri uğurla başa çatıb

Joldıbek Kaçkınbayev, "Ədəbiyyat və incəsənət" portalının Qırğızıstan təmsilçisi

Aprelin 24-də Qırğızıstan Milli Konservatoriyasının Böyük Konsert zalında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında Mədəniyyət Günlərinin rəsmi bağlanış mərasimi olub.

Mədəniyyət günləri caz musiqisinə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.

Təntənəli tədbirdə Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Timurlan Acımalıyev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Fərid Hüseynov, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yaradıcı ziyalıların nümayəndələri, tələbələr iştirak ediblər.

Musiqili gecədə Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas gitara) və Eyvaz Xaşımovdan (zərb aləti) ibarət "Etno-caz" triosu Azərbaycan bəstəkarları Arif Məlikov, Tofiq Quliyev, Vaqif Mustafazadənin əsərlərindən və dünya klassikləridən caz üslubunda parçalar ifa ediblər.

Dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə bir sıra ikitərəfli görüşlər və danışıqlar aparılıb. Həmçinin Azərbaycan xalqının zəngin və misilsiz mədəni irsini əks etdirən konsert proqramları təqdim olunub, milli mahnı və melodiyalar səsləndirilib, sərgilər təşkil olunub.

Xatırladaq ki, 2024-cü ilin aprelində Bakıda Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında Mədəniyyət Günləri keçirilib.

"Ədəbiyyat və incəsənət"

(25.04.2025)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31