“Olaylar” öz dəst-xətti və peşəkarlıq keyfiyyətləri ilə seçilir- OLAYLAR-30
12:00 SiyasətƏli Məsimli,
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
Azərbaycanın media məkanında özünəməxsus layiqlı yeri, rolu, çəkisi olan, öz dəst-xətti və peşəkarlıq keyfiyyətləri ilə sayılıb-seçilən "Olaylar" qəzetinin rəhbərliyini və kollektivini 30 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm.
"Olaylar" qəzeti fəaliyyət göstərdiyi bu 30 il ərzində həmişə aktual siyasi, iqtisadi, sosial məsələləri, əhalinin problemlərini gündəmə gətirib, dünyada gedən proseslərə geniş yer verib və onların hər biri yüksək peşəkarlıqla təhlil və təqdim edilib. Bununla yanaşı "Olaylar"ın 30 illik fəaliyyətində diqqətçəkən məqamlar içərisində xüsusi bir xətt kimi milli təəsssübkeşlik-Azərbaycanın milli məsələləri, Güney Azərbaycan, Türk dünyası mövzuları da önəmli yer tutub. Belə bir çoxşaxəli fəaliyyət şəraitində "Olaylar"ın aydın hədəfinin formalaşmasında və belə bir xəttin öncül yer tutmasında qəzetin yaradıcısı Yunus Oğuzun Azərbaycan milli azadlıq hərəkatının öncüllərindən biri olması, eləcə də bir yazıçı kimi yaradıcılığının əsas qayəsi və istiqamətləri həlledici rol oynayıb.
"Olaylar" qəzetinin öz səhifələrində cəmiyyət həyatının bütün sahələrində aktual məsələləri, eləcə də geosiyasi prosesləri obyektiv, dolğun və dövlətçilik mövqeyindən məsuliyyətli şəkildə işıqlandıra bilməsi, ictimai-siyasi proseslərə təsir baxımından çox önəmli yer tutması bu qəzetin 30 illik fəaliyyəti dövründə ən qiymətli nəticələrindən və böyük uğurlarından biridir.
"Olaylar" 30 illik fəaliyyəti dövründə operativlik, obyektivlik və qərəzsizlik prinsiplərinə sadiqliyi ilə fərqlənən, geniş oxucu auditoriyasına malik informasiya yayıcısı olmaqla yanaşı, həm də zəmanəmizin tərəqqisi üçün çox vacib şərtlərdən olan daha bir istiqamətdə də-müxtəlif baxışlı insanların fərqli fikirlərinin ifadə platforması kimi özünü tanıtmağı bacarıb.
"Olaylar" qəzeti kollektivini yüksək peşəkarlık baxımından da Azərbaycanın media məkanının yaxşı nümunələrdən biri kimi dəyərləndirmək olar. Bu amil qəzetin faktı oxunaqlı informasiyaya çevirməklə ictimai rəyin formalaşdırılmasına təsiri ilə yanaşı,həm də Azərbaycanın media məkannda rəqabət qabiliyyətini və öz nüfuzunu, yerini qoruyub saxlamaqda mühüm rol oynayır.
"Olaylar"-ın bizim aktual iqtisadi və sosial məsələlərə dair yazı və çıxışlarımıza diqqət göstərməsini və öz səhifələrində işiqlandırılmasını yüksək qiymətləndirir və məmnunluğumuzu bildiririk.
"Olaylar" qəzetinin rəhbərliyini və bütün kollektivini bir daha 30 illik yubiley münasibətilə ürəkdən təbrik edir,can sağlığı,həyat və fəaliyyətinizin bütün sahələrdə uğurlar,o cümlədən bol-bol və davamlı yaradıcılıq uğurları arzulayram!