“Olaylar” Azərbaycan mediasında öz məktəbini formalaşdırıb

Taleh Əliyev,

Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək

İctimai Birliyinin sədri, siyasi şərhçi

İlk növbədə "Olaylar" qəzetini və eyni adlı saytın yaradıcı kollektivini 30 illik yubileyləri münasibətilə təbrik edirəm. İnanıram ki, bundan sonra da "Olaylar" Azərbaycanın mətbuat məkanında öz dəst-xəttini, öz mövqeyini qoruyub saxlayacaq və "Əkinçi" qəzetindən başlanan Azərbaycan mətbuat ənənələrini yaşadaraq, onun yolunu davam etdirəcək. Eləcə də "Əkinçi" kimi, "Olaylar" qəzeti də Azərbaycan media tarixində özünəməxsus imzasını atmağa davam edəcək.

Geridə qalan 30 il ərzində "Olaylar" qəzetinin artıq bir ənənəsi, bir məktəbi formalaşıb. Xüsusilə də 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində - Azərbaycanın müstəqilliyini yenicə qazandığı, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğu, ictimai-siyasi vəziyyətin gərgin dövrlərində, çap mediasının ən populyar zamanında - fəaliyyətə başlayan "Olaylar" qəzeti həm ölkədə, həm də dünyada baş verən proseslərə dair operativ və hərtərəfli təhlillərə əsaslanan materiallar dərc edib. Qəzetin yaradıcı kollektivinin və xüsusilə də onun təsisçisi və baş redaktoru Yunus Oğuzun bu sahəyə dərindən bələd olan peşəkar mətbuat nümayəndəsi kimi fəaliyyəti, bu uğurlu yolun əsas göstəricilərindəndir. Zaman-zaman "Olaylar" qəzetində çalışmış və bu məktəbdən keçərək Azərbaycan mediasının müxtəlif qurumlarında sözünü və imzasını təsdiqləmiş çoxsaylı jurnalistlər olub. Məhz bu baxımdan əminliklə demək olar ki, "Olaylar" Azərbaycanda ənənəsi olan, öz media məktəbini formalaşdırmış köklü mətbuat orqanlarından biridir. Hesab edirəm ki, çap mediasında qazandığı bu zəngin təcrübə, nailiyyət və uğurlar yeni dövrün çağırışlarına uyğun olaraq onlayn media formatında da "Olaylar"ın ölkənin aparıcı media qurumlarından biri kimi mövqeyini möhkəmləndirməsinə şərait yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31