KTMT məsələsi: Rusiya Ermənistanı seçim qarşısında qoyur?-ÖZƏL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin başçıları noyabrın 11-də keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında Ermənistanın təşkilatdakı üzvlüyü məsələsini müzakirə edə bilərlər.
KTMT-nin baş katibi Taalatbek Masadıkov bildirib ki, Ermənistan təşkilatın danışıqlarında və qərar qəbuletmə prosesində iştirak etmir. Onun sözlərinə görə, İrəvanın təşkilatdan çıxması məsələsi üzv dövlətlərdən birinin təşəbbüsü ilə iclasın gündəliyinə daxil edilə bilər.

KTMT-nin noyabrın 11-də keçiriləcək iclasında Ermənistanın üzvlüyü məsələsinin qaldırılması hansı nəticələrə səbəb ola bilər? Bu, ölkənin təşkilatdan rəsmən çıxması prosesini sürətləndirə bilərmi?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Belə bir vəziyyətdə Ermənistanın KTMT-dəki üzvlük məsələsinin yenidən qabardılması və bunun ittifaq səviyyəsində müzakirəyə çıxarılması təsadüfi deyil. Bu, bir növ, Ermənistan hakimiyyətinə təzyiq mahiyyəti daşıyır. Yəni, başda Rusiya olmaqla, KTMT üzvləri Qərbə yönəlməyin fəsadları barədə bir növ ikibaşlı mesajlar çatdırırlar. Ancaq mənə elə gəlir ki, bu, hazırda Ermənistan üçün o qədər də uğurlu mesaj deyil. Nəyə görə? Çünki Paşinyan hakimiyyəti baş nazirin və digər rəsmilərin dilindən əvvəl açıqlamışdı ki, Qarabağ müharibəsini nəzərdə tutaraq, bizim dar günümüzdə KTMT-dən kömək istədik, lakin təşkilat köməyimizə gəlmədi. Elədirsə, biz bu təşkilatda niyə üzv olaraq qalaq? Çətin an yaşayanda təşkilat bizə dəstək olmursa, orada qalmağın da praktiki mənası qalmır, demişdilər. Yəni, bu açıqlamadan sonra Rusiya tərəfinin KTMT-yə üzvlük məsələsi ilə bağlı Ermənistana siyasi mesaj göndərməsi İrəvan üçün o qədər də kəskin xarakter daşımır. Burada ola bilsin ki, Moskvanın vermək istədiyi mesaj Qarabağ məsələsindən də kənar, Ermənistanın beynəlxalq hüquqla tanınan sərhədləri ilə bağlıdır. Bəlkə də Rusiya bununla göstərməyə çalışır ki, əgər mən olmasam, yəni sənin təhlükəsizliyini öz üzərinə götürmüş Rusiya və KTMT olmasa, onda dövlət təhlükəsizliyin sual altına düşə bilər. Bununla Ermənistan daxilindəki anti-Paşinyan qüvvələrə və Rusiyayönümlü qüvvələrə xalqın nəzərində yenidən üstünlük qazanmaq üçün bir platforma verməyə çalışırlar. Çünki bu yaxınlarda Ermənistanda yenidən növbədənkənar seçkilərin keçirilməsi məsələsi qabardılmağa başlayıb. Bu məsələ Konstitusiya dəyişikliyi formasında ortaya atılıb.
Yəqin ki, bu, həm də ona hesablanıb ki, seçkilərə gediləcəyi təqdirdə Paşinyan hakimiyyəti xalqın gözündə bir qədər də etibar itirsin və Rusiyayönümlü qüvvələr özlərinin haqlı olduqlarını xalqa təlqin edə bilsinlər. Nəyə görə? Çünki onların fikrincə, KTMT və Rusiya Ermənistanı müdafiə etməyəcəksə, bu dövləti başqa heç kim müdafiə etməyəcək. Amma burada da bir məqam var. Ermənistan dövləti kimdən təhlükə gözləyir? Rusiyadanmı, Azərbaycandanmı, Gürcüstandanmı, İrandanmı, yoxsa Türkiyədənmi? Halbuki Azərbaycanın imkanı olduğu zaman hərbi əməliyyatları Ermənistanın içərilərinə doğru aparmamışdır. Türkiyənin də bu günə qədər Ermənistana hücum etmək niyyəti olmayıb. Belə bir niyyəti olsaydı, Ermənistanın onu bu fikrindən daşındıracaq ciddi potensialı da yoxdur. Burada Rusiyanın Ermənistanı qoruması məsələsi var. KTMT-dən kənarda da Rusiya ilə Ermənistan arasında ikitərəfli hərbi müqavilələr mövcuddur. Bu müqavilələrə əsasən, Rusiya yenə də hüquqi sənəd çərçivəsində Ermənistanın təhlükəsizliyinə görə məsuliyyət daşıya bilər. Rusiya Ermənistanı KTMT-dən kənarlaşdırırsa, Ermənistana dəstəyi dayandırmaq üçün həmin ikitərəfli müqavilələrə də xitam verməlidir. Bəs bu nə qədər inandırıcıdır, nə dərəcədə realdır? Bunu da əslində görməli və başa düşməliyik. Rusiya özü də bu məsələni konkretləşdirməlidir ki, əgər Ermənistanı KTMT-dən çıxarırsa, onda ikitərəfli müqavilələr də dayandırılmalıdır. Ona görə də mənə elə gəlir ki, bu, sadəcə, təzyiq vasitəsidir. Məqsəd Ermənistanın Qərbə meyillənməsinin qarşısını almaq və yenidən Rusiyadan asılı hakimiyyətin formalaşmasına nail olmaqdır. Bu mümkün olmasa belə, Paşinyan hakimiyyəti hakimiyyətdə qaldığı təqdirdə Rusiyanın maraqlarına cavab verən xarici siyasət yürütməlidir. Yəni, bütün məqsədlər bundan ibarətdir. KTMT-dən çıxarılma məsələsinin reallığına gəlincə, mənə elə gəlir ki, nə Rusiya, nə də digər ittifaq ölkələri bu məsələdə ilk təşəbbüskar olmaq istəyər. Yəni, bu, elə bir məsələdir ki, Ermənistan özü çıxsa, günah onun üzərində qalacaq. Yox, əgər Ermənistanı çıxarsalar, bu dəfə təşəbbüs göstərən tərəf günahkar olacaq. Bu, bir növ, əməkdaşlıq məsələsində kimin ilk addımı atacağı ilə bağlıdır.  Paşinyan özü hüquqi qaydada ölkəsini KTMT-dən çıxaracaqsa, anti-Paşinyan qüvvələri ona qarşı çıxış edəcəklər ki,  bizim müttəfiqlik münasibətlərimizi korladın. Eyni zamanda, Rusiya və digər ittifaq ölkələri Ermənistan əhalisinə rahat şəkildə bildirəcəklər ki, bu, bizim deyil, Paşinyanın qərarıdır. Yox, əgər bunu Rusiya və ya başqa bir ölkə etsə, onda Paşinyan bu dəfə özünü müdafiə edəcək ki, gördünüzmü, onlar bizi yarı yolda qoydular, müttəfiqlik ruhuna xəyanət etdilər.
Ona görə də bu məsələ bir növ kimin birinci addım atacağı və günahın kimin üzərinə qoyulacağı ilə bağlıdır. Yəqin ki, Rusiya buna getməyəcək. Rusiyanın kifayət qədər diplomatik təcrübəsi var. Onlar başa düşürlər ki, Ermənistan özü təşkilatdan çıxmalıdır ki, Rusiya bu məsələdən çatmaq istədiyi hədəflərə nail ola bilsin".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31