Gürcüstan Cənubi Qafqazda sülh müqaviləsinin həyata keçirilməsi üçün çalışır- ÖZƏL
14:41 SiyasətGürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq formatını yenidən gündəmə gətirib və regionda sülhün möhkəmləndirilməsinə dəstək olacağını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh müqaviləsinin həyata keçirilməsi üçün çalışır:
"Gürcüstanın bu təşəbbüsü alqışlanmalıdır və biz də əvvəllər bu haqda çıxış etmişik, fikrimizi bildirmişik ki, Ermənistanla Azərbaycan arasında danışıqları Praqada, Brüsseldə, Vaşingtonda keçirməkdənsə, Gürcüstan daha yaxındır. Çünki Cənubi Qafqazın üç ölkəsindən, Ermənistan, Gürcüstan və Azərbaycan arasında ən yaxın qonşusu Gürcüstandır və Gürcüstan da hər iki ölkə ilə strateji tərəfdaşdır. Xüsusilə Azərbaycanla iqtisadi əlaqələri böyükdür, güclüdür və ona görə də təbii ki, Gürcüstan da istəyir ki, Cənubi Qafqazda sabitlik olsun, sülh olsun və bunun üçün də Gürcüstan əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirir.
Bəli, bu haqda Azərbaycan Prezidenti bildirib ki, biz Gürcüstanda bu danışıqlara başlanmasına razıyıq. Ancaq son dövrdə danışıqların birbaşa olması təşəbbüsü daha çox dəstəklənir. Sonuncu Antalya forumunda bu haqda həm də Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bildirdi ki, biz danışıqların ya sərhəddə görüş keçirilib orada başlanmasının tərəfdarıyıq və yaxud da Türkiyədə, Gürcüstanda da bu sülh imzalana bilər. Gürcüstan da buna görə də çalışır ki, sülh müqaviləsi, Ermənistanla Azərbaycan arasında olan bu barışıq, məhz Gürcüstanda həyata keçirilsin.
Bir də qeyd edim ki, baxmayaraq ki, gürcülər xristianlardır, yəni onlar ermənilərin din yaxınlığına sahibdirlər, ancaq onlar mədəni, iqtisadi, siyasi, diplomatik bağlıqları Azərbaycanda daha çoxdur. Biz bunun da qədim tarixini bilirik. Qədimdən azərbaycanlılarla gürcülər arasında dostluq və qardaşlıq olub və biz həmişə bir yerdə olmuşuq. Xarici düşmənlərə qarşı birlikdə döyüşmüşük. Bizim Gürcistanda yaşayan soydaşlarımız da həm gürcü qardaşları ilə onların düşmənlərinə qarşı birlikdə döyüşüblər. 90-cı illərdə Abxaziyada olan müharibədə azərbaycanlılar gürcülərlə birlikdə Gürcüstanın ərazi bütövlüyünü qoruyublar. Amma əksinə, həmin dövrdə gürcülərə qarşı erməni batalyonları çıxış ediblər və bu gün də onlar Abxaziyada ruslar tərəfindən gürcülərə qarşı döyüşürlər. Bu da faktlardır, tarixdir, yaddan çıxmaz.
Yəni, bu mənada Gürcüstan daim bizə dəstək göstərir, bizlə qardaşlıq, xoşməramlı münasibətlər aparırlar. Bunun da əsas kökləri var və eyni zamanda həm də Gürcüstanla Azərbaycan arasında münasibətlər müstəqillik dövrünün ilk illərində, xüsusilə Ulu Öndər Heydər Əliyev dövründə geniş vüsət aldı və bu gün də həmin siyasət Azərbaycan prezidenti tərəfindən davam etdirilir."
Zeynəb Mustafazadə