Görünməz təhlükə-dəm qazı niyə bizi öldürür?
25 Aprel 22:06 SosialQoxusuzdur. Rəngsizdir. Səssizcə gəlir, hiss etdirmədən həyatları əlindən alır. Dəm qazı - bizimlə eyni havanı paylaşan, amma varlığını hiss etmədiyimiz görünməz bir qatildir. Ən dəhşətlisi isə budur ki, onun varlığından xəbər tutanda artıq gec olur. O, nə görünür, nə hiss olunur, nə də səs verir. Amma saniyələr içində nəfəs aldığımız havanı zəhərə çevirə bilir. Dəm qazı - yəni karbonmonoksit - həyatımızda varlığını hiss etmədiyimiz, amma ölümcül təsirə malik olan görünməz bir düşməndir. İnsanı yuxu halına salır, orqanizmin oksigenlə təmasını kəsir və bir daha oyatmır.
Son günlər ölkədə dəm qazı ilə bağlı ölüm halları yenidən gündəmə gəlib. Təkcə bu ay ərzində müxtəlif bölgələrdə azı 5 nəfərin həyatına son qoyan bu görünməz təhlükə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, bəzi hallarda ailə üzvləri eyni vaxtda zəhərlənərək dünyasını dəyişir. Televiziyada yayılan xəbərlər, sosial şəbəkələrdə paylaşılan faciəli hadisələr bizə göstərir ki, bu təhlükə heç də uzaqda deyil. Hər kəsin qapısını döyə bilər.
Dəm qazı, yəni karbonmonoksit, tam yanmamış qaz, odun, kömür kimi maddələrin nəticəsində yaranır. Əgər evlərdə havalandırma sistemi düzgün qurulmayıbsa, su qızdırıcıları köhnə və baxımsızdırsa, bu qaz yavaş-yavaş toplanmağa başlayır. İnsanın bədəninə daxil olduqda oksigenin yerini tutur və beyni, ürəyi zədələyir. Bu isə çox zaman ölümcül nəticələnir.
Əsas təhlükəsi isə onun insana hiss olunmadan təsir etməsidir. İnsan bu qazı tənəffüs etdikdə, bu, sadəcə havanı udmaq kimi hiss olunur. Amma bədənin içində başlayan proses olduqca dağıdıcıdır.
Dəm qazı qana keçdiyi anda ilk olaraq hemoglobinə hücum edir. Hemoglobin normalda ağciyərlərdəki oksigeni daşıyıb orqanizmin bütün hüceyrələrinə paylayır. Lakin karbonmonoksit hemoqlobinə oksigendən 200 dəfə daha güclü bağlanır. Bu zaman oksigen bədəndə daşına bilmir və hüceyrələr "boğulmağa" başlayır. Bədənin ən çox oksigenə ehtiyacı olan orqanları - beyin və ürək - ilk zərbəni alır.
Zəhərlənmənin orqanizmə təsirləri:
Sinir sistemi: Beyin oksigen çatışmazlığını dərhal hiss edir. İnsan əvvəlcə baş ağrısı, zəiflik, yuxululuq kimi simptomlar yaşayır. Əgər müdaxilə olunmazsa, huşunu itirir və komaya düşə bilər. Uzunmüddətli zəhərlənmə hallarında yaddaş pozğunluğu, diqqət zəifliyi və nevroloji fəsadlar müşahidə olunur.
Ürək-damar sistemi: Dəm qazı ürəyə də ciddi ziyan vurur. Ürək döyüntüləri sürətlənir, təzyiq düşə bilər. Bəzi hallarda bu, ürək dayanmasına qədər gedib çıxır.
Tənəffüs sistemi: Dəm qazının təsiri altında nəfəs sürətlənir, amma bu, oksigen çatışmazlığını aradan qaldırmır. Ağciyərlərin fəaliyyəti pozulur, bədən oksigensiz qalır.
Əzələlər və toxumalar: Əzələlərdə zəiflik, titrəmə, bəzən də iflic əlamətləri görülə bilər. Bədən tədricən fəaliyyətsiz qalır.
Uşaqların və yaşlı insanların orqanizmi daha zəif olduğu üçün dəm qazının təsiri onlara daha tez və daha ağır şəkildə dəyir. Həmçinin hamilə qadınlarda dölün oksigenlə təchizatı da kəsilə bilər ki, bu da ölüm və ya inkişaf qüsurlarına səbəb ola bilər.
Bəs insanlar bu qoxunu necə hiss etmir? Bu sual faciələrdən sonra ən çox verilən suallardan biridir. Cavab isə çox sadədir: karbonmonoksit qoxusuzdur. Heç bir rəngi və dadı yoxdur. Onu hiss etmək mümkün deyil. İnsanı yavaş-yavaş boğur, amma o, bunu anlamır.
Bəzən deyirlər: "Necə bilmirlər axı? Bu qədər də səhlənkarlıq olar?" Amma məsələ bəzən cahillikdə deyil, məlumatsızlıqda və laqeydlikdədir. Çox insan düşünür ki, illərlə bu qaz cihazından istifadə etmişəm, heç nə olmayıb, indi niyə olsun ki? Bu "mənə heç nə olmaz" düşüncəsi isə bəzən ölümə aparan ən təhlükəli yoldur. Halbuki sadə və çox ucuz bir dəm qazı detektoru ilə bu faciələrin qarşısı alınardı. Təəssüf ki, biz bu cihazlara "lazımsız xərclər" kimi baxırıq. Təhlükəni hiss etmədiyimiz üçün, təhlükəsizliyi də düşünmürük.
Ən acınacaqlı məqam isə budur ki, bu faciələrin əksəriyyəti sadə təhlükəsizlik tədbirləri ilə qarşısı alına biləcək hadisələrdir. İnsanların böyük qismi dəm qazının necə və niyə yarandığını, ondan necə qorunmaq lazım olduğunu bilmirlər. Bu məlumatsızlıq isə həyatlara başa gəlir.
Dəm qazı tərkibində karbon olan maddələr (qaz, odun, kömür və s.) düzgün yanmadıqda yaranır. Havadakı oksigenin yerini tutaraq bədənə daxil olur və hüceyrələrin oksigen qəbuluna mane olur. Bu isə beyin, ürək və digər həyati orqanlara ciddi zərər verir. Bir çox hallarda zərərçəkənlər heç nə hiss etmədən, yuxuda olarkən həyatlarını itirirlər.
Təhlükə haradan gəlir?
Dəm qazı bir çox mənbədən yarana bilər. Ən çox rast gəlinənlər:
- Evdə istifadə olunan qazla işləyən su qızdırıcıları (kolonka)
- Köhnə və nasaz soba sistemləri
- Havalandırması zəif olan hamam və mətbəxlər
- Qapalı sahədə işləyən avtomobil mühərrikləri
- İstilik üçün istifadə olunan kömür sobaları
Əgər bu cihazlar texniki nasazlıqla işləyirsə və ya havalandırma sistemi düzgün qurulmayıbsa, otaqda yığılan karbonmonoksit ölümcül nəticəyə səbəb ola bilər.İnsanlar bu qədər riskə niyə laqeyd qalır?
Bu sualın cavabı, bəzən iqtisadi səbəblərdə, bəzən də təhlükəni yetərincə dərk etməməkdə gizlidir. İnsanlar çox vaxt belə düşünür: "İllərlə bu cihaz işləyir, heç nə olmayıb, indi niyə olsun?" - bu yanlış rahatlıq faciəyə zəmin yaradır. Digər tərəfdən, bəzi ailələr üçün təhlükəsizlik cihazlarını almaq əlavə xərc kimi görünür. Amma bu "əlavə xərc" bir insanın həyatını qurtara bilər.
Mövzu ilə bağlı Təhlükəsizlik üzrə eskpert Orxan Musayev Olaylar.az-a açıqlama verib. Ekspert bildirib ki, dəm qazından qorunmağın ən düzgün yolu düzgün havalandırmadır:
"Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydalarına əməl etməklə və təhlükəsizlik tədbirləri görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır. Buna görə də ölkəmizdə mövcud olan qaydalara əsasən vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yolverilməzdir. Belə ki, mövcud qaydalara görə qazla işləyən isidici qurğular yalnız mətbəx otaqlarında quraşdırılmalıdır. Vanna otaqlarında yalnız elektriklə işləyən su qızdırıcıların quraşdırılmasına icazə verilir. Bundan əlavə, qazla işləyən su qızdırıcıların istismarı zamanı həmin otaqda mütləq müvafiq şərait - yəni havalandırma - təşkil olunmalıdır. Bu, süni və ya təbii havalandırma ola bilər. Vanna otaqlarında tüstü bacalarının təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum 2.2 metrdən daha yuxarı olmalıdır. Mütləq şəkildə mətbəxlərdə pəncərələr olmalıdır. Bəzi hallarda mətbəklərdə pəncərələr ləğv olunur və ya daşla örülür. Qaz cihazları, qaz qurğuları yerləşən otaqlarda bu hallar yolverilməzdir. Dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz detektorları hesab olunur. Qaz detektorlarının quraşdırılması Avropa ölkələrində geniş yayılıb. Orada bu detektorların quraşdırılması ilə məşğul olan lisenziyalı şirkətlər mövcuddur. Ölkəmizdə isə, təəssüf ki, qaz detektorlarının quraşdırılması ilə bağlı hələ də effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir insan özü üçün müəyyən satış məntəqələrindən qaz detektorları alaraq istifadə edə bilər. Dəm qazından qorunmağın ən düzgün yolu isə havalandırmanın düzgün təşkil olunmasıdır".
Dəm qazı həyatımıza birbaşa təsir edən real təhlükədir. İllərdir bu qazdan ölüm halları baş verir, amma yenə də evlərdə eyni səhlənkarlıq, eyni biganəlik davam edir. Hələ gec deyilkən düşünməliyik: evimizdə təhlükə varmı? Cihazlarımız işləkdirmi? Ventilyasiya açıqdırmı?
Bu, qorxmaq üçün deyil, tədbir görmək üçündür. Sadə yoxlamalar həyat qurtaran addımlardır. Görünməyən təhlükəyə qarşı görünən tədbirlər görmək bizim borcumuzdur.
Zeynəb Mustafazadə