Saxlanılan icra başçısının qızı işdən çıxarılır? – Mühüm açıqlama
31 Oktyabr 18:43 SosialBalakən rayonunun həbs edilən icra başçısı İslam Rzayevin hakim qızı Fəridə Rzayeva hazırda diqqət mərkəzindədir. Bildirilir ki, o da işindən uzaqlaşdırılmalıdır, çünki atasının məhkəmə istintaqı zamanı prosessual gedişata təsir göstərə bilər.
Qeyd edək ki, Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O, 2023-cü ildə bu vəzifəyə təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.
Belə bir tələb nə dərəcədə ədalətli, etik və hüquqi baxımdan əsaslıdır?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, sözügedən şəxs qanunla nəzərdə tutulmuş bütün mərhələlərdən keçərək hakim vəzifəsinə qəbul olunub:
"O, test imtahanı, yazılı və şifahi müsahibələr, xüsusi kurslar və təlimlər daxil olmaqla 5-6 mərhələli prosesdən uğurla keçib. Bildiyimə görə, hakim olmamışdan əvvəl vəkil kimi fəaliyyət göstərib. Qanunvericiliyə əsasən, vəkillik də üç mərhələli imtahan tələb edir. Yəni həm vəkil olmaq, həm də sonradan hakim kimi fəaliyyət göstərmək üçün Fəridə Rzayeva bütün imtahanları uğurla verib. Buna görə də onun işdən azad olunmasını tələb etmək hüquqi baxımdan tamamilə əsassızdır".
Vəkil bildirib ki, sözügedən hakim başqa bir rayon məhkəməsində çalışır, icra başçısı isə Balakəndə həbs olunub:
"İstintaq prosesini Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır və iş məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinin kurasiyasındadır. Bu baxımdan, Sabunçu Rayon Məhkəməsinin hakiminin digər rayonun məhkəməsinə hansısa formada müdaxiləsi mümkün deyil. Səsləndirilən fikirlər isə sadəcə subyektiv mülahizələrdir. Hər kəsin öz düşüncəsi ola bilər, amma heç birinin hüquqi əsası yoxdur".
Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb.
 
    