Azərbaycan və C5+1 formatı yaxud yeni geosiyasi xəttin açılışı – ÖZƏL

"ABŞ Prezidenti Donald Trampın noyabrın 6-da Vaşinqtonda keçiriləcək C5+1 Sammitinə Orta Asiya - başqa sözlə, Türküstan liderlərini dəvət etməsi, Vaşinqtonun o coğrafiyaya diqqətini yenidən topladığını göstərir. Bu, yalnız bölgəiçi bağlar üçün deyil, həm də enerji, təhlükəsizlik və daşımaçılıq sahəsində dəngənin qurulması və qorunması üçün strateji hadisədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həmin təşəbbüsü "vaxtında və dəstəyə layiq" adlandırması, eyni zamanda Azərbaycanın da belə bir formatda iştirakının "arzuolunan"lığını vurğulaması təsadüfi deyil. Bu fikir, əslində, bölgənin geosiyasi xəritəsində Bakının rolunun artıq Güney Qafqaz sınırlarını aşdığının göstəricisidir.

"Azərbaycan haqlı olaraq, uzun müddətdir ki, "körpü ölkə" kimi tanınır. - Xəzərdən Aralıq dənizinə, Türküstandan Avropaya qədər enerji, kommunikasiya, daşımaçılıq və mədəniyyət xətləri ölkəmiz üzərindən keçir. Lakin son illərdə bu siyasi metafor dəyişir: Azərbaycan artıq sadəcə körpü deyil, mərkəzə çevrilir. C5+1 formatı (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan + ABŞ) Türküstanla Günbatar ölkələri arasında strateji dialoqun platformudur. Azərbaycan bu çərçivəyə daxil olmasa da,
-enerji təhlükəsizliyinin təminatçısı,
-Orta dəhlizin əsas bəndi,
-Türk Dövlətləri Təşkilatının fəal aparıcı üzvü,
-Trans-Xəzər koordinasiyasının təcrübəli aktoru kimi, bu formatın faktiki iştirakçısına çevrilə bilər.
Bu, həm iqtisadi, həm də təhlükəsizlik baxımından vacibdir.
Azərbaycanın Vaşinqtonla bu ilin avqustunda imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası haqqında memorandum da bu yöndə ciddi siqnaldır: ABŞ artıq Bakı ilə Mərkəzi Asiya siyasətini eyni platformda görür", - deyə araşdırmaçı-yazar əlavə edib. 

Türkoloq qeyd edib ki, C5+1-in "C6+1"ə çevrilməsi ideyası yalnız simvolik yox, həm də gerçək geoiqtisadi sonuclara yol aça bilər:
-Orta dəhlizdə logistik sinxronlaşdırma,
-enerji tədarükü və qaz tranzitinin vahid sistemi,
-rəqəmsal inteqrasiyanın sürətləndirilməsi,
-həm də Vaşinqtonun bölgədəki siyasətinə dayanıqlı müttəfiqliyin sabitləşməsi, güclənməsi və s.
Azərbaycanın belə bir formata cəlb olunması, bölgədəki dəngəni "ikili təsir"lə dəyişə bilər:
Yəni Türküstanın Günbatar ölkələrinə çıxış imkanlarını gücləndirər.
Bakı limanı, BTQ dəmir yolu, Zəngəzur dəhlizi, Trans-Xəzər marşrutu - bunlar artıq qlobal təchizat zəncirinin tərkib hissəsidir.
İkincisi, C5+1-in ABŞ patronajında genişlənməsi bəlli paytaxtlar üçün siqnal deməkdir: bölgənin ciddi alternativləri artıq təkcə ideya yox, praktik mexanizmə çevrilir.

Ekspertin sözlərinə görə, əgər Azərbaycan bu platforma daxil olsa, Türk Dövlətləri Təşkilatının (TDT) strateji "siyasi dayağı" Günbatar ölkələri platformunda da təmsil edilmiş olar. Bu, Türk dünyası - Günbatar ölkələri münasibətlərində yeni körpü anlamına gələr.
Prezident Tokayevin "Azərbaycan Böyük Orta Asiyanın təbii hissəsidir" ifadəsi diplomatik ritorikadan çox konseptual tezisdir.
Bu cümlə tarixi-mədəni, geoiqtisadi, geosiyasi kimi üç paralel ismarıcı özündə daşıyır: 
-Türk xalqlarının eyni mədəni-sivilizasiya məkanında yerləşməsi fikrini təsdiqləyir. Bakı ilə Astana, Daşkənd, Bişkek və Aşqabad arasında təkcə etnik, dil və din yaxınlığı yox, eyni ideoloji-mədəni kod mövcuddur;
-Azərbaycanın enerji, daşımaçılıq və kommunikasiya sistemləri Türküstanın "davamı" kimi fəaliyyət göstərir. Bakıdan keçməyən Türküstan marşrutu, faktiki, "natamam" sayılır;
-Bölgənin gələcək dəngəsində Qafqaz-Türküstan xəttinin birləşməsi Günbatar ölkələri üçün də strateji alternativdir - yəni söhbət "Rusiyadan yan keçən, Çinə tabe olmayan, sabit və etibarlı xətt"dən gedir...

Araşdırmaçı-yazar əlavə edib ki, qardaş ölkə Prezidentinin bu fikri həm də Türk-Avrasiya konsepsiyasının formalaşmasına bir işarədir. "Böyük Orta Asiya" termini ilk dəfə 2000-ci illərdə ABŞ-da işlədilsə də, indi artıq bölgəsəl liderlər bu anlayışı "Türk mərkəzli inteqrasiya"nın sinonimi kimi qəbul edir. Beləliklə, bizimçün yeni diplomatik xətdən danışmış oluruq.
Belə bir yanaşma Azərbaycanın qarşısında üç əsas istiqamət açır: 1. Türk-Orta Asiya koordinasiyası çərçivəsində Bakı "strateji həlqə" rolunu daha da dərinləşdirə bilər.
Bunun üçün TDT ilə paralel olaraq, C5+1 və Asiya İnkişaf Bankı (AİB) kimi strukturlarla kəsişən mexanizmlər qurmaq mümkündür;
2. Trans-Xəzər diplomatiyası - Xəzər dənizinin hüquqi rejimi və enerji resursları çərçivəsində Azərbaycan öz texniki və diplomatik təcrübəsini bölgəsəl platforma daşıya bilər;
3. Bakı-Vaşinqton xətti - ABŞ-ın C5+1 formatında Azərbaycanı "qeyri-rəsmi iştirakçı" kimi qəbul etməsi, Azərbaycanın Günbatar-Asiya dialoqunda mərkəz statusunu legitimləşdirər.

"Bəli, Tokayevin açıqlaması dostcasına ifadədən daha çox, strateji zamanlaması olan diplomatik siqnaldır. C5+1-in 2025-ci il sammiti ərəfəsində səslənməsi, rəsmi Bakıya yeni "oyun masası" təqdim edir.
Azərbaycan artıq "enerji ixracatçısı" olmaqla yanaşı, bölgəsəl qərarların iştirakçısı və yönvericisi kimi çıxış edir. Beləliklə, Tokayevin "Azərbaycan Böyük Orta Asiyanın təbii hissəsidir" fikri, bir dost dövlətin komplimenti olmaqdan daha üstün anlam daşıyır. - Bu, bir çağırış, bir ismarıc olaraq güclü bir xəttin başlanğıcıdır...," - deyə ekspert sonda vurğulayıb.

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31