Antonio Quterreş: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıdır

"Hazırkı tərkiblə BMT Təhlükəsizlik Şurası müasir dünya ilə ayaqlaşmır, Afrika və Latın Amerikasından daimi nümayəndələrin olmaması səbəbindən legitimlik problemi ilə üzləşir".

Olaylar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

"Bütün ölkələrin Latın Amerikası və Afrikadan nümayəndəsi olmayan, üç Avropa, biri Asiya və biri Şimali Amerika üzvü olan Təhlükəsizlik Şurasının müasir dünya ilə ayaqlaşa bilməyəcəyini və bunun legitimlik problemi yaratdığını qəbul etməsi vacibdir", - o vurğulayıb.

Quterreş BMT Təhlükəsizlik Şurasında islahatların çətin olacağını, amma artıq düzgün istiqamətdə addımlar atıldığını bildirib.

BMT baş katibi əlavə edib ki, islahatlar mütləq vacibdir: "Çünki şahidi olduğumuz geosiyasi bölünmələr nəzərə alındıqda, müasir dünyada sülh və təhlükəsizliyin təmin edilməsi olduqca çətinləşir. Bizə effektiv Təhlükəsizlik Şurası lazımdır".

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə Çin, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31