Rusiyadaki media təxribatları Bakı-Moskva xəttinə təsir edə bilərmi? - ÖZƏL

"2022-ci ilin fevral ayının 22-də Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında 43 maddədən ibarət "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Həmin sənəddə hər iki dövlət bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını təsdiq edir. Rusiya Prezidenti də öz çıxış və bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini açıq şəkildə bildirib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Rusiya ərazisində bəzi kütləvi informasiya vasitələri və müəyyən siyasi ekspertlər tərəfindən zaman-zaman Azərbaycana qarşı təxribat xarakterli çıxışlar səsləndirilir. Bu isə təsadüfi deyil. Çünki bu gün Ermənistanda erməni lobbisinin Qərb qanadı ilə Rusiya qanadı arasında təsir və hakimiyyət uğrunda müəyyən mübarizə gedir. Unutmaq olmaz ki, Rusiyada milyonlarla erməni yaşayır. Ermənilər Rusiyanın həm dövlət strukturlarında, həm də kütləvi informasiya vasitələrində müəyyən mövqelərə sahibdirlər. Erməni lobbisinin Rusiya qanadı Ermənistanda müəyyən siyasi qüvvələri dəstəkləmək üçün bu cür çıxışlar və məlumatlar yayır. Bizim üçün əsas olan Rusiya prezidentinin və Kremlin rəsmi mövqeyidir. Digər qurumların və şəxslərin təxribat xarakterli çıxışları Ermənistanda gedən müəyyən proseslərə dəstək məqsədi daşıyır.

Ekspert qeyd edib ki, Azərbaycan xarici siyasətində qonşularla dinc yanaşı yaşamaq prinsipini hər zaman əsas götürür və beynəlxalq hüquq normaları çərçivəsində münasibətlərin tənzimlənməsində maraqlıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən üçüncü dövlətlərə qarşı heç vaxt təxribat xarakterli fəaliyyət üçün istifadə edilməsinə imkan verməyəcək. Xüsusilə də Rusiya və İran əleyhinə belə fəaliyyətlərə yol verilməyəcək. Baxmayaraq ki, Qərb müəyyən hallarda Cənubi Qafqaz ölkələrini Rusiyaya qarşı istifadə etməyə çalışır. Hətta Gürcüstanın baş naziri də çıxışlarında bildirib ki, bəzi Avropa dairələri Gürcüstana Rusiya ilə "ikinci cəbhə" açılması istiqamətində təzyiq göstəriblər. Yəni Qərb açıq şəkildə Cənubi Qafqaz respublikalarını Rusiyaya qarşı istifadə etməyə çalışır. Bu istiqamətdə fəaliyyət göstərən, erməni lobbisinin təsiri altında olan bəzi kütləvi informasiya vasitələri və ictimai-siyasi təşkilatlar da mövcuddur və onlardan maksimum istifadə edilir.

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-yure, həm də de-fakto olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin noyabr ayında üç dövlət başçısı tərəfindən imzalanmış bəyanat da atəşkəsin təmin olunması və məsələlərin diplomatik yollarla həll edilməsi məqsədi daşıyırdı. Təkrar qeyd edirəm ki, bizim üçün əsas olan Kremlin rəsmi mövqeyidir. Kremlin mövqeyi isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq və suverenliyini qəbul etməkdir. Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşlərdə də bu mövqe açıq şəkildə ifadə olunub. Bununla yanaşı, təxribatçı qüvvələr və xaricdəki erməni lobbisinin təsiri altında olan dairələr fəaliyyətlərini davam etdirirlər. Hətta bu yaxınlarda Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qərarlar və səsləndirilən fikirlər də erməni lobbisinin təsir imkanlarını göstərən nümunələrdən biridir. Erməni lobbisi həm Rusiyada, həm Avropada, həm də Amerikada kifayət qədər fəaldır. ABŞ-də bəzi konqresmenlərin də təsir altında Azərbaycan əleyhinə fikirlər səsləndirdiyi müşahidə olunur. Rusiyada səsləndirilən təxribat xarakterli bəyanatlar da erməni lobbisinin Rusiya qanadının fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31