Britaniyada minlərlə miqrant kazarmalara köçürüləcək

Böyük Britaniya hökuməti noyabrın sonundan etibarən qeyri-qanuni miqrantların otellərdən çıxarılaraq hərbi kazarmalara yerləşdirilməsinə başlayacaq.

Musavat.com xəbər verir ki, rəsmi plana əsasən, gələn ilin sonunadək təxminən 10 min miqrant bu obyektlərə köçürüləcək. Addımın məqsədi dövlət büdcəsinə düşən yükü azaltmaq və bahalı otel yerləşdirməsindən imtina etməkdir.

Hazırda bir miqrantın oteldə qalması hökumətə gündə 144-192 dollar başa gəlir. Daxili İşlər Nazirliyi bildirir ki, bu xərclərin azaldılması üçün sənaye zonalarında və digər müvəqqəti sahələrdə daha ucuz məskunlaşdırma variantları da nəzərdən keçirilir.

Bununla belə, ekspertlərin hesablamalarına görə, bəzi hallarda kazarmaların yenidən qurulması və uyğunlaşdırılması otellərdən daha baha başa gələ bilər.

Xatırladaq ki, son aylarda ölkədə miqrasiya ilə bağlı vəziyyət mübahisəli müzakirələrə səbəb olub. Bir müddət əvvəl isə qəribə hadisə baş vermişdi - bir miqrant səhvən həbsdən azad edildikdən sonra könüllü şəkildə geri qayıtmaq istəsə də, onu yenidən içəri buraxmayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31