8 Noyabr – Azərbaycanın suveren və müstəqil siyasətinin təntənəsi - ÖZƏL

"8 Noyabr müstəqillik tariximizin ən məzmunlu və əhəmiyyətli günlərindən biridir. Öz məzmunu və əhəmiyyəti etibarilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu günlə müqayisə edilə bilər. Çünki 1991-ci ildə Azərbaycanın müstəqilliyi bəyan edilmişdisə, 8 Noyabr - Zəfər Günündə müstəqil elan olunmuş Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün bütün yollar açıldı."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"8 Noyabr suveren və bütöv Azərbaycan ideologiyasının qalib gəldiyi gündür. Həmin gün Azərbaycan Ordusu Şuşanı azad etməklə Ermənistanı kapitulyasiyaya məcbur etdi və nəticədə bir neçə rayonun döyüşsüz geri qaytarılmasına nail olundu.

8 Noyabr təkcə Şuşanın azad edildiyi gün deyil. Bu tarix, eyni zamanda, Ermənistanın təcavüzünə son qoyulmasının və regionda tamamilə yeni geosiyasi reallıqların formalaşmasının başlanğıcıdır. 8 Noyabra qədər Cənubi Qafqazda dövlətlərarası geosiyasi münasibətlər tamamilə fərqli mənzərəyə malik idi. Həmin dövrdə regionda əsas müəyyənedici amil Ermənistanın yaratdığı təcavüz və işğal faktı idi. 8 Noyabrdan sonra isə Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə son qoymaqla region ölkələrinin suveren və müstəqil inkişafı üçün yeni imkanlar yaratdı.

8 Noyabr Azərbaycanın tarixində qəhrəmanlıq günüdür. Çünki Şuşanın azad edilməsi Azərbaycanın regionda bəzi dövlətlərin həyata keçirmək istədiyi məkrli planlara ciddi zərbə vurduğu tarixi hadisədir. Hamıya məlumdur ki, xüsusilə Rusiya və İran Qarabağ probleminin tam şəkildə həllində maraqlı deyildilər. Onların əsas marağı münaqişənin yarımçıq həll olunması, keçmiş Dağlıq Qarabağ ərazisinin, Şuşa da daxil olmaqla, Laçın və Kəlbəcərin Ermənistanın nəzarətində qalması idi.

Lakin Azərbaycan Şuşanı azad etməklə 8 Noyabr zəfərinin əsasını qoydu. Bu qələbə regionda bəzi dövlətlərin formalaşdırmaq istədiyi yeni münaqişə ssenarisinin qarşısını aldı. Rusiya çalışırdı ki, Qarabağ problemi yarımçıq həll olunsun və bununla da gələcək onilliklər ərzində regionda həm hərbi, həm də siyasi mövcudluğunu qoruyub saxlaya bilsin. Azərbaycan isə Zəfər tarixini yazmaqla bölgədə yeni reallıqlar yaratdı və sübut etdi ki, regionun gələcəyini ilk növbədə onun dövlətləri və onlarla müttəfiq olan, mütərəqqi siyasət yürüdən ölkələr müəyyənləşdirməlidir.

Təsadüfi deyil ki, 8 Noyabrdan sonra regionda 3+3 formatında əməkdaşlıq platformasının yaradılması üçün yeni imkanlar meydana çıxdı. Təəssüf ki, indiyədək bu format çərçivəsində əməkdaşlığın tam şəkildə həyata keçirilməsi mümkün olmayıb. Bununla belə, regionun üç Cənubi Qafqaz ölkəsinin suveren və müstəqil siyasət yürütməsi üçün yeni imkanların yaranmasında Azərbaycanın tarixi Zəfərinin mühüm rolu var. Buna görə də Azərbaycan xalqının və dövlətinin qarşısında böyük tarixi xidmət dayanır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31