Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu və regional gücünü artırdı-ÖZƏL
16:14 Siyasət8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə Azərbaycanın müasir tarixində tarixi dönüş nöqtəsinə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımızın işğalına son qoyulması və ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm nailiyyət əldə edildi.
"44 günlük Vətən müharibəsi və əldə olunan Zəfər Azərbaycan xalqının öz dövlətinin ərazi bütövlüyünü bərpa etmək əzmini, dövlətimizin gücünü göstərdi. Xalqımızın birliyini, dəmir yumruq kimi birləşməyini dünyaya nümayiş etdirdi. Təbii ki, bu qələbənin ən mühüm siyasi nəticələrindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməsi oldu. Bəli, Azərbaycan beynəlxalq müstəvidə bir aktor olaraq tanınır və qəbul edilirdi. Amma bizim ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı problem var idi, torpaqlarımız işğal altında idi və bu məsələlər tam həllini tapmamışdı. Bu qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu".
Bu fikirləri "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında söyləyib:
"Səsimiz daha gur gəlməyə başladı və Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırdıq. Bu, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq idi.
Azərbaycan dünyada bir sıra məsələlərdə öz sözünü deyən dövlət olduğunu, Cənubi Qafqazın aparıcı və ən güclü dövləti olduğunu bir daha təsdiqlədi. Azərbaycanın nüfuzu və imkanları regionun hüdudlarını aşdı, bu qələbə yeni imkanlar yaratdı.
Azərbaycan, Avropa ilə Asiya arasında mühüm nəqliyyat və kommunikasiya bağlantıları yaradan ölkə idi. Torpaqlarımızın işğaldan azad olunması Zəngəzur dəhlizi məsələsi və digər mühüm məqamları da gündəmə gətirdi.
8 Noyabr Zəfəri Azərbaycan xalqının özünəinamını gücləndirdi. Biz gələcək nəsillər üçün birlik, həmrəylik və vətənpərvərlik ruhunda dövlətçilik nümunəsi göstərdik. Ona görə də hesab edirəm ki, Zəfər Günü tarixi qələbənin təcəssümüdür. Bu qələbə Azərbaycan xalqının gələcək inkişafının siyasi, mənəvi, iqtisadi və sosial təməlidir".
Zeynəb Mustafazadə