“8 Noyabr Zəfəri Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdi" – Zeynal Əmrəliyev – ÖZƏL

8 Noyabr Azərbaycanın müasir tarixinin ən əlamətdar və qürurverici günlərindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və milli həmrəyliyi nəticəsində torpaqlarımızın işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyət əldə edildi.

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda siyasi münasibətlərin xarakteri dəyişdi. Əvvəlki status-kvo aradan qalxdı. Regionda yeni əməkdaşlıq imkanları və nəqliyyat-kommunikasiya layihələri üçün şərait yarandı. Azərbaycanın artan siyasi və iqtisadi potensialı onun regional liderliyini daha da möhkəmləndirdi. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri baxımından ölkəmizin strateji əhəmiyyəti yüksəldi. Bu gün Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri əldə olunmuş Zəfərin siyasi və iqtisadi nəticələrini uzunmüddətli dövlətçilik strategiyasına çevirməkdir. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi və regionda dayanıqlı sülhün təmin olunması bu strategiyanın əsas istiqamətləridir. Hesab edirəm ki, 8 Noyabr Zəfəri Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcıdır. Bu qələbə təkcə keçmişin ədalətsizliyinə son qoymadı, həm də gələcəyin siyasi və geosiyasi mənzərəsini dəyişdirdi. Azərbaycanın qarşıdakı dövrdə əsas üstünlüyü hərbi-siyasi gücünü diplomatik imkanları, iqtisadi potensialı və regional əməkdaşlıq təşəbbüsləri ilə birləşdirmək olacaq. Zəfər Gününün dövlətçilik tariximizdəki əbədi əhəmiyyəti də məhz bundadır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31