Paşinyan Moskvaya niyə getmir? – İki aylıq gecikmənin pərdəarxası – ÖZƏL
15:15 Siyasət"Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfərinin artıq iki aya yaxındır reallaşmaması, ilk baxışdan diplomatik protokol məsələsi təsiri bağışlasa da, əslində, bu hadisənin arxasında daha ciddi geosiyasi və siyasi səbəblər dayanır. Hesab edirəm ki, burada söhbət sadəcə səfərin vaxtının razılaşdırılmamasından deyil, Ermənistan-Rusiya münasibətlərində yaranmış etimad böhranından və tərəflərin regionun gələcək siyasi arxitekturasına fərqli yanaşmalarından gedir. Xatırladaq ki, sentyabrın 1-də Bişkekdə Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Rusiya Prezidenti Ermənistanın baş nazirini Moskvaya dəvət etmişdi. Məqsəd iki ölkə arasında mübahisəli məsələləri, o cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasını müzakirə etmək idi. Lakin bu günə qədər səfərin konkret tarixi müəyyənləşdirilməyib. Rusiya tərəfi isə görüşün yaxın vaxtlarda baş tutacağına dair razılığın olduğunu bildirir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, məsələnin ən diqqətçəkən tərəfi ondan ibarətdir ki, Moskva sərhədlərin müəyyənləşdirilməsi prosesində özünün arxiv materiallarını, xüsusilə də keçmiş SSRİ Baş Qərargahının xəritələrini mühüm vasitə kimi önə çıxarır. Ermənistan tərəfinin də bu materiallara istinad etməsi təsadüfi deyil. Çünki İrəvan yaxşı anlayır ki, sovet dövrünün inzibati sərhədləri ilə bağlı məsələlər Ermənistanın ərazi iddiaları və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin burada prinsipial bir məqam var ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Rusiyanın siyasi maraqlarına uyğun şəkildə deyil, iki dövlətin suveren hüquqları, hüquqi sənədlər və əsaslandırılmış tarixi-kartoqrafik materiallar əsasında həyata keçirilməlidir. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında indiyədək 1000 kilometrdən artıq şərti sərhədin cəmi 12,7-13 kilometrlik hissəsinin delimitasiya olunması göstərir ki, qarşıda kifayət qədər mürəkkəb və həssas proses dayanır. Məhz buna görə də Moskva bu məsələdə özünün vasitəçilik imkanlarını yenidən aktuallaşdırmağa çalışır. Ancaq Azərbaycanın mövqeyi aydındır: sərhədlərin müəyyənləşdirilməsi Bakı ilə İrəvan arasında birbaşa razılaşmalar əsasında aparılmalıdır.
"Məncə, Paşinyanın Moskva səfərinin yubadılmasının digər mühüm səbəblərindən biri də Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklərdir. İrəvan artıq Avropa İttifaqı ilə münasibətləri genişləndirmək, Qərbin siyasi və iqtisadi dəstəyini artırmaq, eyni zamanda Rusiyanın ənənəvi təsir mexanizmlərindən tədricən uzaqlaşmaq xətti götürüb. Bu isə Moskvanın maraqları ilə üst-üstə düşmür. Burada təkcə sərhəd məsələsini deyil, Ermənistanın dəmir yollarının idarə olunması, Rusiya hərbi bazasının gələcəyi, enerji təminatı və Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim kimi məsələləri də nəzərə almaq lazımdır. Deməli, fikir ayrılıqları ayrı-ayrı diplomatik məsələlərlə məhdudlaşmır, Ermənistanın gələcək geosiyasi istiqaməti ilə bağlıdır. Bununla belə, Paşinyanın Rusiyadan birdəfəlik uzaqlaşdığını söyləmək də doğru olmazdı. Ermənistanın iqtisadiyyatı, enerji infrastrukturu, nəqliyyat-kommunikasiya sistemi və təhlükəsizlik məsələlərində Rusiyadan asılılığının müəyyən elementləri hələ də qalmaqdadır. Yəni İrəvan Qərbə inteqrasiya etmək istəyir, amma Moskva ilə münasibətləri tamamilə qırmağın da nə qədər ağır nəticələr doğura biləcəyini anlayır. Bu, Paşinyan hakimiyyətinin qarşısında dayanan əsas siyasi dilemmanın mahiyyətidir. Azərbaycan baxımından isə burada xüsusi diqqət yetirilməli olan məqam Rusiyanın regiondakı təsir imkanlarını qorumaq cəhdidir. Tarix göstərir ki, Cənubi Qafqazda həll olunmamış münaqişələr və qeyri-müəyyən sərhədlər uzun illər xarici güclərin siyasi təsir vasitəsinə çevrilib. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda yeni reallıq yaranıb. Bu reallıq əvvəlki geosiyasi oyunların davam etdirilməsinə imkan verməməlidir. Hesab edirəm ki, Ermənistan-Rusiya münasibətlərindəki ziddiyyətlər Azərbaycanın milli maraqları baxımından diqqətlə izlənilməlidir. Lakin Azərbaycan bu ziddiyyətlərdən hansısa tərəfin mövqeyini gücləndirmək üçün deyil, özünün prinsipial siyasi xəttini və regional maraqlarını təmin etmək üçün istifadə etməlidir. Əsas məsələ budur ki, Azərbaycanla Ermənistan arasında sülh və sərhədlərin delimitasiyası üçün Moskvanın, yaxud başqa bir güc mərkəzinin razılığına ehtiyac yoxdur. Bu məsələnin həlli iki suveren dövlətin iradəsindən asılıdır. Kənar qüvvələr yalnız prosesə konstruktiv töhfə verə bilərlər, lakin qərarların müəllifi ola bilməzlər. Mən düşünürəm ki, Paşinyanın Moskva səfərinin yubadılması Ermənistanın geosiyasi seçim qarşısında qaldığının növbəti göstəricisidir. İrəvan hələ də Rusiya ilə Qərb arasında manevr etməyə çalışır. Ancaq regionda yeni siyasi reallıqlar artıq manevr deyil, konkret və məsuliyyətli qərarlar tələb edir", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova