Elçin Xalidbəyli: "Rusiya sülh deyil, yeni ərazilər işğal etmək istəyir" – ÖZƏL

"Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşün hər hansı pozitiv nəticə vermək ehtimalı mövcud deyil. Müzakirə olunacaq mövzuların sıralaması da bunu göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Ekspertin sözlərinə görə, məsələ ondadır ki, təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı mövzunun müzakirə olunması olduqca absurd məsələdir. Çünki hazırda Ukrayna əraziləri Rusiya tərəfindən işğal olunub və Rusiya işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyil. Belə olan halda təhlükəsizlik təminatlarının müzakirə edilməsi çox absurd və məntiqsiz yanaşmadır. Çünki ən azı ona görə ki, bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin toxunulmazlığı ilə təmin oluna bilər. Rusiya isə Ukraynanın sərhədlərini pozub və ərazilərini işğal edib. Əgər təhlükəsizlik məsələsi müzakirə olunacaqsa, o zaman bu mövzunun müzakirəsinə qədər Rusiya işğal etdiyi Ukrayna ərazilərini dərhal tərk etməlidir. Yalnız bundan sonra sülh sazişinin imzalanması üçün qarşılıqlı təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi mümkün ola bilər. Yəni Rusiya bu kimi mövzuları gündəmə gətirməklə, təhlükəsizliyi özü pozduğu halda təhlükəsizlik məsələsini mühüm faktor kimi ön plana çəkməklə, faktiki olaraq, sülh prosesinin iflasa uğramasına yönəlmiş addımlar atır. Bu da onu göstərir ki, Rusiyanın sülh yaratmaq, müharibəni dayandırmaq kimi bir niyyəti yoxdur. Əksinə, prosesi mümkün qədər uzadaraq daha çox Ukrayna ərazisini işğal etmək imkanı qazanmağa çalışır.

Ekspert bildirib ki, Rusiya bəhanə edir ki, Ukraynanın NATO-ya üzvlük məsələsi onun təhlükəsizliyi üçün ciddi problemdir və müharibəni də məhz bu bəhanə ilə başladıb. İndi isə belə çıxır ki, Ukraynanın işğal olunmuş əraziləri bir kənarda qalmalıdır və Rusiya həm Ukraynadan NATO-ya üzvlük niyyətindən imtina etməyi tələb edəcək, həm də NATO-dan, o cümlədən ABŞ-dan və bütövlükdə kollektiv Qərbdən Ukraynanın alyansa qəbul olunmamasını istəyəcək. Beləliklə, Rusiyanın təhlükəsizlik maraqları toxunulmaz qalmalıdır. Bu, olduqca absurd və yalnız Rusiyanın neoimperialist təfəkkürünə uyğun olan bir yanaşmadır. Sülh, beynəlxalq hüquq normaları və ədalət kimi prinsiplərin ümumiyyətlə nəzərə alınmadığı bir müzakirə mühiti mövcuddur. Bu da onu göstərir ki, görüşün hansı ölkədə keçirilməsindən asılı olmayaraq, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının pozitiv nəticə vermək ehtimalı yoxdur. Xüsusilə də ABŞ-nin, yəni Tramp administrasiyasının vasitəçiliyi ilə sülh prosesində uğur qazanmaq mümkün deyil. Çünki beynəlxalq hüquq normalarını ilk növbədə pozan ölkələrdən biri də məhz ABŞ-dir. Rusiyanın hazırda belə absurd mövqe tutmaq cəsarəti qazanması da Tramp administrasiyasının Rusiya ilə müttəfiq kimi davranmasından qaynaqlanır. Bu baxımdan, Ukrayna müharibəsinin ABŞ-nin vasitəçiliyi ilə nizamlanacağına inanmaq sadəlövhlükdür. Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı məsələləri müzakirəyə çıxarması da dünyanın ən absurd reallıqlarından biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31