Azərbaycan enerji ixracatçısından beynəlxalq investora çevrilir: SOCAR-ın ABŞ addımı-ÖZƏL

"SOCAR-ın ABŞ-nin "Comstock" şirkətinin qaz aktivlərinə 1,65 milyard dollar investisiya yatırması Azərbaycanın enerji strategiyasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın yalnız öz ərazisində hasilat aparan və enerji resurslarını ixrac edən ölkə olmaqdan çıxaraq, beynəlxalq enerji bazarlarında aktivlər əldə edən investor kimi mövqeyini gücləndirdiyini göstərir. Xüsusilə ABŞ kimi dünyanın ən böyük qaz istehsalçılarından birinin bazarında iştirak SOCAR üçün strateji əhəmiyyət daşıyır. Bu addım şirkətin beynəlxalq portfelini genişləndirir, gələcəkdə hasilat və satışdan əlavə gəlirlər əldə etmək imkanları yaradır".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"Sövdələşmənin əsas üstünlüklərindən biri Azərbaycanın enerji gəlirlərinin coğrafi baxımdan şaxələndirilməsidir. Yəni ölkənin enerji sektorunun gəlirləri təkcə Xəzər hövzəsindəki yataqlardan və ənənəvi ixrac marşrutlarından asılı qalmayacaq. ABŞ-nin Haynesville qaz hövzəsi böyük hasilat potensialına malikdir və burada iştirak SOCAR-a dünyanın ən inkişaf etmiş qaz bazarlarından birində iqtisadi imkanlar qazandırır. Bununla yanaşı, ABŞ-də qaz hasilatının və daxili tələbatın vəziyyətindən asılı olaraq investisiyanın gəlirliliyi dəyişə bilər. Ona görə də bu vəsaitin geri dönüş müddəti, qaz qiymətləri və hasilat xərcləri xüsusi əhəmiyyət daşıyacaq.
Digər mühüm məqam Azərbaycanın ABŞ ilə enerji sahəsində iqtisadi əməkdaşlığının dərinləşməsidir. Bu investisiya iki ölkə arasında münasibətlərin yalnız ənənəvi enerji ixracı ilə məhdudlaşmadığını, qarşılıqlı kapital qoyuluşu və biznes maraqları üzərində də inkişaf etdiyini göstərir. SOCAR-ın ABŞ enerji bazarında aktivlərinin artması gələcəkdə yeni tərəfdaşlıqlar və investisiya layihələri üçün də imkanlar aça bilər.
Bununla belə, nəzərə almaq lazımdır ki, SOCAR əldə etdiyi paylar üzrə əməliyyatların idarə olunmasında iştirak hüququ qazanmır. Bu isə şirkətin hasilat və idarəetmə qərarlarına birbaşa təsir imkanlarını məhdudlaşdırır. Deməli, investisiyanın uğuru daha çox müqavilə şərtlərindən, tərəfdaş şirkətin fəaliyyətindən və aktivlərin iqtisadi səmərəliliyindən asılı olacaq. Ümumiyyətlə, bu sövdələşmə düzgün idarə edildiyi təqdirdə Azərbaycanın enerji sektorunun beynəlxalq miqyasda genişlənməsinə, SOCAR-ın gəlir mənbələrinin şaxələndirilməsinə və ölkənin qlobal enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31