"ABŞ İrana qarşı nüvə silahı işlətsə, …” – AÇIQLAMA – ÖZƏL
14:26 Siyasət"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə belə bir məlumat yayılır ki, guya ABŞ İrana qarşı taktiki nüvə silahından istifadə edə bilər. Amma mən qətiyyən inanmıram ki, Amerika İrana qarşı taktiki nüvə silahından istifadə etsin".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçinin sözlərinə görə, əgər Amerika bunu edərsə, Rusiya da Ukraynaya qarşı eyni addımı ata bilər. Yəni, Amerika bununla bir presedent yaradacaq. Necə ki, 1945-ci ildə Yaponiyaya ilk dəfə nüvə silahı atılıb. Həmin silahı atan ölkə Amerika, onun hədəfi isə Yaponiya olub. Bu baxımdan, belə bir addımın atılması ehtimalı çox azdır. Lakin əgər ABŞ bunu edərsə, Rusiyanın da əlində Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etmək üçün imkan yaranacaq. Bununla belə, Tramp bildirib ki, onlar bütün vasitələrdən istifadə edəcəklər, ancaq nüvə silahından yox. Təbii ki, Tramp sözünün üstündə durmasa, fərqli addım ata bilər. Onun son iki ildə dəfələrlə fərqli mövqelər sərgilədiyinin şahidi olmuşuq. Amma hazırda gündəmdə olan 72 saatlıq ərzaq ehtiyatı və digər zəruri təminat vasitələrinin hazırlanması məsələsi bir növ Avropa İttifaqının və Avropa ölkələrinin əlinə bəhanə verir ki, militarist daxili siyasət yürütməyə başlasınlar və bu siyasətə haqq qazandırsınlar. Onlar bu istiqamətdə informasiya müharibəsi aparırlar. Cəmiyyətə belə bir mesaj verməyə çalışırlar ki, güclənməli, hərbi potensialımızı artırmalıyıq. Təbii ki, bütün bunlar Avropa xalqlarının sosial təminatı hesabına baş verir. Biz bilirik ki, Avropada insanları ən çox maraqlandıran məsələlərdən biri onların gələcək sosial təminatıdır. Məhz bu kimi məsələlərə görə Avropanın bir çox ölkəsində kütləvi iğtişaşlar və mitinqlər keçirilir. Hazırda Avropa İttifaqının rəhbəri Ursula fon der Leyen, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, eləcə də Avropa İttifaqına üzv ölkələrin prezidentləri və baş nazirləri, Emmanuel Makron, Fridrix Merts, Corcia Meloni və başqaları bu siyasəti dəstəkləyirlər. Təbii ki, onlar xalqa təlqin etmək istəyirlər ki, apardıqları siyasət doğrudur və dünyanı ciddi təhlükə gözləyir. Amma bir daha qeyd edirəm ki, belə bir addımın atılacağına o qədər də inanmıram. Əgər nəzəri cəhətdən belə bir hadisə baş verərsə, Azərbaycan əhalisinin onsuz da, demək olar ki, hər bir evində yalnız üç günlük deyil, hətta bir həftəlik və ya on günlük ərzaq ehtiyatı olur. Bu, bizim mental xüsusiyyətlərimizdən irəli gəlir. Azərbaycan xalqının evində hər zaman müxtəlif ərzaq ehtiyatları saxlanılır. Ona görə də bu məsələyə görə həddindən artıq narahat olmağımıza ehtiyac yoxdur. Lakin belə bir proses nəzəri cəhətdən baş verərsə, təbii ki, bu, çox təhlükəli hadisə olar. Xüsusilə də yaşadığımız region üçün ciddi təhlükə yaradar. Amma ümid edək ki, arzuladığımız kimi, belə bir hadisə baş verməyəcək.
Səidə Ramazanova