Seçkilərin nəticəsi ABŞ-da hakimiyyət balansının dəyişməsinə səbəb olacaq - ÖZƏL

"Amerika Birləşmiş Ştatlarının 2026-cı il aralıq seçkiləri bir sıra mühüm hadisələrlə yadda qaldı."

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"İlk növbədə qeyd edək ki, Demokratlar həm Respublikaçıların güclü mövqelərə malik olduğu ştatlarda, həm də rəqabətin gərgin keçdiyi ştatlarda Senatda azı yeddi mandat qazanıblar. Bu ştatlara təxminən bir əsrdir Demokrat senator seçməyən Kanzas, həmçinin Ayova, Texas, Ohayo, Men, Şimali Karolina və Cənubi Karolina daxildir. Demokratlar Corciya və Miçiqanda da rəqabətli seçki dairələrində mövqelərini qoruyub saxlayıblar.
Bu isə o deməkdir ki, Donald Tramp prezidentliyinin son iki ili ərzində Vaşinqtonda köklü şəkildə dəyişmiş siyasi mənzərə ilə üz-üzə qalacaq. Demokratlar bir sıra mühüm institusional imkanlar əldə ediblər. Belə ki, onlar Trampın qanunvericilik gündəliyinin qarşısını almaq, onun irəli sürdüyü namizədlərin təyinatlarını rədd etmək və administrasiyanın fəaliyyəti ilə bağlı araşdırmalar aparmaq imkanına malik olacaqlar.

Seçki kampaniyası və səsvermə prosesi zamanı diqqətçəkən məqamlardan biri də Donald Trampın mövqeyi ilə bağlı idi. O, seçicilərə dəfələrlə müraciət edərək, "Elə təsəvvür edin ki, mən də seçki bülletenindəyəm" deyirdi. Lakin seçkilərin nəticələri məlum olduqdan sonra məsuliyyəti öz üzərindən atmağa çalışdı və Respublikaçıların məğlubiyyətinə görə öz partiyasının namizədlərini günahlandırdı.

Bu seçkilər tarixdə ilk dəfə baş verən bir sıra hadisələrlə də yadda qaldı. Belə ki, ABŞ tarixində ilk dəfə qaradərili qadın qubernator, yerli Amerika xalqlarına mənsub qadın qubernator, yerli Amerika mənşəli qadın senator və açıq şəkildə homoseksual olduğunu bəyan edən kişi senator seçildi. Bu tarixi ilklər siyahısına ABŞ tarixində ilk müsəlman senator da əlavə olundu. Demokratların gözlənilməz dərəcədə genişmiqyaslı qələbəsi, eyni zamanda, ABŞ tarixində ilk dəfə qaradərili siyasətçinin Nümayəndələr Palatasının spikeri seçilməsi ehtimalını da yaratdı.

Bununla yanaşı, sorğuların nəticələri Demokratlar üçün də ciddi xəbərdarlıq xarakteri daşıyır. Belə ki, bir çox seçici Demokratlar Partiyasına da müsbət yanaşmır. Demokratlar iqtisadiyyat kimi mühüm məsələlərdə müəyyən üstünlüyə malik olsalar da, bu üstünlük o qədər də böyük deyil.

Sorğular göstərir ki, seçicilər ümumilikdə Trampın onların ehtiyaclarından daha çox öz şəxsi sərvətinə və dəbdəbəli həyat tərzinə diqqət yetirdiyini düşünürlər. Xüsusilə inflyasiyanı cilovlamaqla bağlı verilən vədlərin əksinə olaraq, qiymət artımının daha da pisləşməsi Respublikaçıların seçkilərdəki nəticələrinə ciddi təsir göstərib.

Bu seçkilərin ən mühüm siyasi nəticəsi ABŞ-da hakimiyyət balansının dəyişməsi ilə bağlı olacaq. Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin qarşısında yeni institusional maneələr yaradır.

Eyni zamanda, Demokratlar daxilində yeni siyasi qüvvələrin yüksəlişinin şahidi oluruq. İlk müsəlman senatorun, yerli Amerika mənşəli qadın senatorun və digər tarixi nailiyyətlər əldə etmiş siyasətçilərin seçilməsi partiyanın təmsilçilik strukturunda baş verən dəyişiklikləri göstərir.

Konqresdə yeni qüvvələr nisbətinin formalaşması, şübhəsiz ki, ABŞ-nin İran, Cənubi Afrika ilə münasibətləri, ticarət siyasəti və digər beynəlxalq məsələlər üzrə Vaşinqtonda aparılan siyasi müzakirələrə də təsir göstərə bilər.

Hesab edirəm ki, bu seçkiləri yalnız Trampın və Respublikaçıların məğlubiyyəti kimi xarakterizə etmək düzgün olmaz. Məsələnin mahiyyətində yalnız partiyalararası seçki mübarizəsi dayanmır. Əsas amil ABŞ-ın hakimiyyət sistemində qüvvələr balansının dəyişməsidir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31