Azərbaycan bayrağı xalqımızın azadlıq iradəsinin təcəssümüdür-Özəl
14:25 Siyasət"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir". Ümummilli Lider Heydər Əliyevin bu sözləri üçrəngli bayrağımızın xalqın həyatında daşıdığı mənanı, milli kimliyimizdəki yerini və dövlətçilik tarixindəki mövqeyini aydın ifadə edir. Azərbaycan bayrağı xalqımızın azadlıq iradəsinin, müstəqil dövlətçilik ənənələrinin, milli birliyinin və Vətənə sədaqətinin təcəssümüdür. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü də bu müqəddəs rəmzə ehtiramın, tarixi irsimizə bağlılığın ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul edilən bayraq milli istiqlal ideologiyasının əsas prinsiplərini özündə birləşdirirdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islam mədəniyyətinə bağlılığı ifadə edir. Bu ideyanın əsasını görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü milli düşüncə təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın istiqlal düşüncəsində yaşamaqda davam etdi. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçilik tarixinin dönüş nöqtələrindən biri oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı yenidən dövlət rəmzi kimi təsdiqlədi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi hüquqi əsasını tapdı.
Beləliklə, üçrəngli bayrağımız müstəqil Azərbaycanın dövlətçilik atributu kimi öz layiqli yerini tutdu. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində milli rəmzlərə xüsusi münasibət xalqın tarixi yaddaşının qorunmasına və azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edirdi. Ulu Öndərin "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik" fikri də hər bir vətəndaşın dövlət rəmzlərinə münasibətinin mənəvi əsasını müəyyənləşdirir".