8 Noyabr – Azərbaycan tarixinin şanlı səhifəsi və milli qürur günü - ÖZƏL

"8 Noyabr - Zəfər Günü müasir Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. Əlbəttə ki, belə bir tarixi yaşamaq, onun müasiri olmaq, bu zəfəri bizə yaşadan insanlarla eyni havanı udmaq, eyni ölkənin vətəndaşı olmaq hər birimizdə böyük qürur hissi yaradır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Bütövlükdə, Azərbaycan xalqı bu zəfərin müəllifidir. Başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusunun igid oğulları və qızları, üç mindən çox şəhidimiz, eləcə də minlərlə döyüşçümüz və onlarla birlikdə bütün Azərbaycan xalqı bu zəfərin memarıdır.

Biz XXI əsrin ilk rübündə bütün dünyaya humanist müharibə aparmağın nümunəsini göstərdik. Azərbaycan xalqı məhz bu davranışına görə dünyanın müxtəlif yerlərində daha çox rəğbət və hörmət qazanmağa başladı. Zəfər tariximiz qanla, şanla yazıldı, lakin bu tarixi qələbə, hər şeydən əvvəl, xalqımıza böyük qürur yaşatdı.

44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan xalqı ilə yanaşı, bütövlükdə Türk dünyası və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız daha böyük qürurla, başıuca gəzməyə və özlərini daha inamlı hiss etməyə başladılar. Çünki biz bu zəfəri halal haqqımız olaraq, öz gücümüzlə, Dəmir Yumruğun qüdrəti ilə əldə etdik. Məhz buna görə də biz yalnız qazandığımız qələbəyə görə deyil, həm də bu qələbəni necə əldə etdiyimizə görə qürur duyuruq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31