Təkrar şəhadətnamə və arayışların verilməsində hansı məhdudiyyətlər var?

Vətəndaşlara təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər nəzərə alınır. Belə ki, valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamə və arayış verilmir, nikah pozulduqdan sonra isə nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamənin verilməsinə yol verilmir.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata əsasən, 16 yaşına çatmış şəxslərə şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamə və ya arayış verilə bilər.

Vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin mövcudluğu barədə məlumat aşkar edilmədikdə, ərizəçiyə həmin akt qeydinin olmaması barədə arayış təqdim olunur.

Bununla yanaşı, valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamə və ya arayış verilmir.

Nikah pozulduğu halda qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Zərurət yarandıqda, keçmiş ər və ya arvadın müraciəti əsasında ona müvafiq arayış təqdim oluna bilər.

Ölən şəxslər barəsində doğum haqqında şəhadətnamə deyil, arayış verilir. Ölüm haqqında təkrar şəhadətnamə və ya arayış isə vəfat etmiş şəxsin qohumlarına təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31