ABŞ-dəki seçki Azərbaycana nə vəd edir?-Özəl
14:24 Siyasət"ABŞ-ni bizim regiondakı proseslərə də müəyyən təsiri olan bir supergüc saydığımdan, əlbəttə, orada baş verənlərlə mən də maraqlanıram. Amma indiki seçkilərin niyə belə nəticələndiyi haqda fikir bildirməyi özüm üçün düzgün saymıram, çünki bu, amerikanşünasların işidir. Təbii ki, burada söhbət əsl mütəxəssislərdən gedir, sosial şəbəkədəkilərdən, yaxud da özlərini belə sayanlardan yox". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Amma ABŞ-dəki seçkinin Azərbaycana, eləcə də bizim regiona nə vəd etdiyi haqda öz fikirlərimi bölüşəcəyəm. Baxıram ki, özəlliklə də hayların Rusiyaya bağlı hissəsi Konqresdəki yeni qüvvələr nisbətinin TRİP-in üstündən xətt çəkdiyini bildirərək onu bayram edir. Bu mənə qardaş Türkiyənin mediasında seçkinin belə nəticələnməsinin İsrailin uduzması və Fələstinin qələbəsi kimi təqdim edilməsini xatırladır və ikinci halda insanda acı gülüş doğurur ki, səbəbini izah edəcəyəm. TRİP-ə gəldikdə, xatırladım ki, ABŞ bu dəhlizlə hələ ötən əsrin 90-cı illərində Azərbaycan torpaqları işğal altındaykən maraqlanırdı, həm də ən yüksək səviyyədə. Bayden administrasiyası dönəmində də Vaşinqtonun ən çox diqqət yetirdiyi və reallaşdırmaq istədiyi məsələlərdən biri məhz dəhliz üzərində ABŞ-nin kontrolunu təmin etmək idi. Bacarmadı, çünki Azərbaycan bəlli səbəblərdən buna izn vermədi. Demək ki, konqresdə seçkinin necə bitməsindən, hətta Ağ evdə kimin oturmasından asılı olmayaraq ABŞ üçün Zəngəzur dəhlizi öz dəyərini itirməyəcək. Hər halda mən belə düşünürəm.
Bizim üçün hazırda bəlkə birincidən də önəmli olan, Konqresə seçkinin hər iki palatada demokratların çoxluq əldə etməsi ilə bitməsinin ABŞ-İran qarşıdurmasına necə təsir göstərəcəyidir. Sevindirici odur ki, Prezident Trampın yan-yörəsindəkiləlerin bir çoxu respublikaçıların uduzmasının həlledici səbəblərindən birini İranla savaşın arzulandığı kimi bitməməsində görür və bunda hərb naziri Heqseti suçlandırırlar. Əlbəttə, bu, heç də İrana qarşı növbəti genişmiqyaslı döyüşlərə başlanmayacağını düşünməyimizə tam əsas vermir. Hətta genişmiqyaslı əməliyyat olmasa belə, ABŞ-İran qarşıdurmasının Tehranda indiki rejim qalanadək davam edəcəyi şübhəsizdir. Sadəcə yaxşı olardı ki, cənab Trampın İranla bağlı nəinki orada, bütövlükdə regionda böyük xaosa yol acacaq hədələri reallaşmasın, elə hədə olaraq da qalsın.
Fəqət mən strateji baxışları mədrəsə təhsili ilə məhdudlaşanlardan fərqli olaraq, düşünmürəm ki, demokratların qələbə çalması İranın Netanyahu, yaxud da Fələstinin İsrail üzərində qələbəsi deməkdir. Qəzetlərindəki belə başlıqlar ola da bilər "qızıl" elektorat, Fələstin sevdalıları üçün nəzərdə tutulur, ancaq reallığı qətiyyən əks etdirmir.
Bilmirəm qardaş ölkədəki o kəsim ABŞ-nin özlərindən saydıqları ilk müsəlman senatoru Əbdül Əl-Sayedin nə sayıqladığından xəbərdardırlarmı? Fərqindədirlərmi ki, bu onlar üçün bəlli lətifədə deyildiyi kimi ikinci filin də peyda olmasına bənzər bir "müjdə"dir. Yəni Əbdül Əl-Sayed də Nyu-York meri Zohran Mamdani sayaq özünün aşırı haypərəstliyi ilə tanınır və artıq onların uydurma soyqırımları haqda da daşnakların maraqlarına tam cavab verən fikirlər səsləndirib. Və seçkinin belə bitməsini az qala həm də öz qələbələri kimi sırıyanların nəzərinə onu da çatdırıram ki, Konqresin aşağı palatasında Xarici İşlər Komitəsinə Türkiyənin beşinci nəsil "KAAN" hərbi qırıcı təyyarəsinə ABŞ-də istehsal olunan reaktiv mühərriklərin satılmasına qarşı kəskin mövqeyi ilə fərqlənən Qreqori Miks sədrlik edəcək. Və ABŞ Senatı tarixində Əbdül Əl-Sayedlə yanaşı daha bir ilkə imza atan Kris Pappas da var. O isə cinsi azlığın təmsilçisi olduğunu açıq dilə gətirən ilk senatordur.
Bax, "Fələstinin İsrail üzərində qələbəsi"nin rəmzlərindən sayılan yunan əsilli bu senator da ABŞ-nin Türkiyəyə bir bolt belə satmamalı olduğunu deyənlərdəndir. Üstəlik, hər iki senatorun təmsilçiləri olduqları Demokratlar Partiyası Türkiyənin "Halkbank"ına qarşı araşdırmaların yenidən aparılmasını tələb edir.
Ancaq burada ədalət naminə onu da deməliyik ki, Konqresə seçkinin belə nəticələnməsi ABŞ-İsrail əlaqələrinə təsirsiz ötüşməyəcək. Düzdür, seçkidən dərhal sonra ABŞ Yəhudi İctimaiyyəti ilə Əlaqələr Şurası Konqresdə nəinki mövqelərini qoruyub saxladıqlarını, hətta ora diasporlarının təmsilçiləri arasından yeni üzvlərin də seçildiyini bəyan etdi.
Amma İsrailin aparıcı ekspertləri də bildirirlər ki, ABŞ-də seçkinin belə nəticələnməsi Donald Trampla yanaşı Benyamin Netanyahuya da büyük zərbədir və Konqresin yeni tərkibi ölkələrinə verilən dəstəyin həcmini azalda bilər. Bütün hallarda bu, ABŞ-nin Yaxın Şərqdə əsas müttəfiqinin İsrail yox, Fələstin, yaxud da İran olacağı demək deyil. Və yəhudi lobbisi də necə güclüdürsə, elə də qalmaqda davam edəcək. Əminəm ki, Əbdül Əl-Sayed kimi haypərəst senatorların Azərbaycanla bağlı söylədiklərinin reallığa çevrilməməsi üçün dəstəyini də əsirgəməyəcək".