Üçrəngli bayrağımız müasir Azərbaycan dövlətinin əsas atributlarından birinə çevrilib-Özəl

"Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət rəmzi statusunu itirsə də, onun ifadə etdiyi istiqlal ideyası xalqımızın yaddaşında yaşamaqda davam edib. Müstəqilliyə qayıdış yolunda atılan addımlar sırasında Ümummilli Lider Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın qəbul edilməsinə nail olması xüsusi yer tutur. Bu qərar milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm siyasi addım idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının dövlət bayrağı elan edildi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə bayrağımız müstəqil Azərbaycanın suverenliyini təcəssüm etdirən müqəddəs rəmz kimi öz layiqli yerini tutdu. Beləliklə, bir vaxtlar istiqlal uğrunda mübarizənin ifadəsi olan bayraq müasir Azərbaycan dövlətinin əsas atributlarından birinə çevrildi.

Ümummilli Lider Heydər Əliyev dövlət bayrağına münasibətdə milli-mənəvi dəyərləri və vətənpərvərlik tərbiyəsini ön plana çəkirdi. Onun fikrincə, hər bir vətəndaş bayrağın mənasını dərk etməli, onu sevməli və qorumağı özünün mənəvi borcu hesab etməlidir. Ulu Öndərin dövlətçilik siyasəti milli rəmzlərin cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə və azərbaycançılıq məfkurəsinin inkişafına mühüm töhfə verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağının təbliği və onun ətrafında milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Gününün qeyd edilməsi və dövlət rəmzlərimizin beynəlxalq tədbirlərdə nümayişi bayrağımıza verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan bayrağı bu gün dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında dalğalanaraq dövlətimizin müstəqilliyini və beynəlxalq mövqeyini nümayiş etdirir. Bu mənzərə hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki bayrağımızın yüksəldiyi hər bir məkan müstəqil dövlətimizin dünyada tanınması və milli iradənin ifadəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31