Rusiyada 7 Noyabr tədbirləri niyə ləğv edilir? – Dron hücumları və terror təhlükəsi – ÖZƏL

"7 Noyabr münasibətilə Rusiyada fəaliyyət göstərən siyasi partiyalar, xüsusilə kommunist partiyaları hər il möhtəşəm tədbirlər keçirir və bu günü qeyd edirlər. Lakin indiki yaranmış vəziyyət, bildiyiniz kimi, Rusiya ilə Ukrayna arasında müharibə ilə xarakterizə olunur. Hazırda Rusiyada Ukraynanın kəşfiyyat və təxribatçı qüvvələri fəaliyyət göstərir. Ukrayna tərəfindən Rusiyaya məxsus obyektlərə dron hücumlarının həyata keçirilməsi, ayrı-ayrı hərbi obyektlərə qarşı terror hadisələrinin baş verməsi, diversiya aktlarının törədilməsi kimi hallar müşahidə olunur. Ona görə də indiki vəziyyətdə hər hansı ictimai-siyasi tədbirin keçirilməsi məqsədəuyğun hesab edilmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, hətta bu barədə kütləvi informasiya vasitələrində təhlükəsizlik orqanları tərəfindən dəfələrlə açıqlamalar verilib. Bildirilib ki, hər hansı terror hadisəsi baş verə bilər və nəticədə insan tələfatı ilə müşayiət olunan hadisələr, təbii ki, ictimai narazılığa səbəb ola bilər. Buna görə də belə tədbirlərin kütləvi xarakter alması təhlükəsizlik baxımından riskli hesab olunur. Ümumiyyətlə, indiki məqamda Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlarla əlaqədar müəyyən məhdudiyyətlərin tətbiq edilməsi təbiidir. Bu da qeyd etdiyim kimi, həm ictimai asayişin qorunması, həm də dövlətin təhlükəsizlik maraqları baxımından həyata keçirilən tədbirlərdir ki, sabitlik pozulmasın. Müharibə başlamazdan əvvəl bu cür tədbirlər mütəmadi olaraq keçirilirdi. Kommunist İttifaqı tərəfindən 7 Noyabr günü xüsusi ehtiramla qeyd olunurdu. Hesab edirəm ki, indiki məqamda belə tədbirlərin keçirilməməsi yaranmış şəraitə uyğun atılmış addımdır.

"İkinci məsələ isə ondan ibarətdir ki, Rusiyada hər hansı tədbir keçirməklə, mitinq və ya küçə yürüşü təşkil etməklə, yaxud hansısa aksiya keçirməklə dövləti dəyişmək, Putin hakimiyyətini devirmək real deyil. Yəni bu cür üsullarla hər hansı dövlətin hakimiyyəti üçün ciddi təhlükə yaratmaq mümkün deyil. Sadəcə olaraq, təhlükəsizlik baxımından belə tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmır. Hesab edirəm ki, bu, Rusiyanın daxili işidir. Dövlətin təhlükəsizlik baxımından qəbul etdiyi qərarlara Rusiya vətəndaşları da hörmətlə yanaşmalıdırlar. Çünki dövlətin qanunlarına və qəbul etdiyi qərarlara hər bir siyasi partiya əməl etməlidir. Bu baxımdan, belə tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmasını təbii qəbul etmək lazımdı", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31