"Ermənistanın TRIPP layihəsi ilə bağlı zaman məhdudiyyəti var" – Ramiyə Məmmədova – ÖZƏL

"Ermənistanın TRIPP layihəsi ilə bağlı mövqeyinin zaman məhdudiyyəti var. Çünki artıq Azərbaycan tərəfi bu dəhlizin tikintisinə başlayıb və zaman da gedir. Təbii ki, Zəngəzur dəhlizinin nə qədər tez açılması hər iki tərəf üçün, eləcə də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, logistika baxımından mövcud vəziyyət getdikcə daha da mürəkkəbləşir. Ona görə də alternativ yol kimi TRIPP layihəsi bu gün həm region ölkələri, həm də dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Çünki Asiyadan birbaşa Avropaya və əks istiqamətdə daşınacaq yüklər iqtisadi baxımdan böyük dividendlər gətirə bilər. Eyni zamanda, Ermənistanın daxilində baş verən siyasi prosesləri də nəzərə almaq lazımdır. Bildiyimiz kimi, Paşinyan hazırda kifayət qədər gərgin vəziyyətlə üzləşib. Ölkədə müxalifətlə münasibətlər, qarşıdan gələn seçkilər və referendum məsələsi gündəmdədir. Konstitusiya dəyişikliyi məsələsi də Ermənistanda ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olur. Paşinyan bu məsələ ilə bağlı bir neçə dəfə referendum keçirilməsinin vacibliyini bildirib. Düzdür, bu istiqamətdə müxtəlif mövqelər mövcuddur. Belə ki, hökumət rəhbəri bir fikir səsləndirdiyi halda, dövlətin digər rəhbər vəzifəli şəxsləri fərqli mövqelər ortaya qoyurlar. Bir neçə gün əvvəl isə sülh müqaviləsinin konstitusiya dəyişikliyi olmadan da imzalana biləcəyi fikri irəli sürüldü. Bütün bu məsələlər Paşinyanın üzləşdiyi siyasi gərginliyi, KTMT ilə bağlı problemləri və digər çətinlikləri nəzərə aldıqda, Ermənistanın alternativ yollardan istifadə etməyə çalışmasının səbəbləri aydın olur. Paşinyan bu yolla daha çox iqtisadi dividend əldə etmək, ölkənin sosial-iqtisadi vəziyyətini bərpa etmək, əhalinin sosial durumunu və iqtisadi vəziyyəti yaxşılaşdırmaq niyyətindədir. Bu baxımdan, ABŞ ilə əldə olunan razılaşmanın nə zaman tam şəkildə icraya başlayacağı da sual altındadır. Çünki Trampın diqqəti hazırda daxili seçkilərə, Körfəz regionunda baş verən müharibəyə, İranla bağlı məsələlərə və digər proseslərə yönəlib. Ona görə də TRIPP layihəsinin icrası hələlik qeyri-müəyyən görünür.

Ekspert bildirib ki, belə bir şəraitdə Ermənistanın layihəni özü həyata keçirərək daha sürətli addımlar atmaq niyyətində olduğu anlaşılır. Görünür, rəsmi İrəvan bununla həm daxili və xarici siyasət maraqlarını, həm də iqtisadi gəlirlərini təmin etməyə çalışır. Eyni zamanda, bu addım ABŞ-yə bir növ mesaj xarakteri daşıya bilər: yəni Ermənistan layihəni ABŞ-nin birbaşa iştirakı olmadan da başlada biləcəyini nümayiş etdirməklə Vaşinqtonu prosesi sürətləndirməyə təşviq etmək istəyir. Başqa sözlə, İrəvan ABŞ-yə TRIPP layihəsinin artıq işə düşməsinin vacibliyini göstərməyə çalışır. Təbii ki, Paşinyan TRIPP layihəsinin yenidən gündəmə gətirilməsi və həyata keçirilməsi məsələsində Ermənistanın iqtisadi və siyasi dividendlərini, eləcə də gələcək gəlirlərini nəzərə almaq məcburiyyətindədir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31