Paşinyanın Moskva səfəri niyə təxirə düşür?-İrəvanla Kreml arasında dərin fikir ayrılıqları-ÖZƏL
16:51 SiyasətRusiya prezidentinin Ermənistan baş nazirinin Moskvaya gözlənilən səfərinin iki aydır baş tutmadığı bildirilir. Bişkek səfərindən sonra sərhədlərin delimitasiyası və sovet dövrü xəritələrinin müzakirə olunacağı gözlənilsə də, tərəflər hələ də razılığa gəlməyiblər.
Azərbaycan üçün əhəmiyyətli olan bu mövzuda erməni tərəfi Rusiya Baş Qərargahının arxiv materiallarına istinad edir. Xatırladaq ki, indiyədək iki ölkə arasında 1000 kilometrdən çox olan şərti sərhədin təxminən 13 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub.
Bəs gözlənilən səfər niyə baş tutmadı? Paşinyanın Moskva səfərinin təxirə düşməsi İrəvanla Moskva arasındakı hansı dərin fikir ayrılıqlarından xəbər verir?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Paşinyanın Rusiya səfərinin təxirə salınmasının və nəzərdə tutulan məsələlərin müzakirəsinin baş tutmamasının səbəbləri yalnız ikitərəfli münasibətlərlə xarakterizə oluna bilməz. Çünki bir neçə ay əvvəl də qeyri-müəyyənlik yaradan bir sıra məqamlar mövcud idi. Məsələn, ABŞ-də aralıq seçkiləri keçirilirdi. Hər kəs gözləyirdi ki, bu seçkilər başa çatsın və Trampın, eləcə də onun partiyasının yenidən Konqresə nəzarəti ələ ala bilib-bilməyəcəyi bəlli olsun. Çünki respublikaçılar qalib gəlsəydi, fərqli yanaşma ortaya çıxacaqdı. Demokratların qələbəsi isə, əlbəttə ki, tamamilə fərqli siyasi yanaşmanın formalaşmasına səbəb ola bilərdi.
Digər tərəfdən, İsraildə də seçkilər keçirilirdi. Eyni zamanda, Zelenskinin ciddi təzyiq altında olması ilə bağlı suallar yaranmışdı: Ukrayna təslim olacaqmı? Necə təslim olacaq? Ukrayna tərəfi öz mövqeyini açıq şəkildə bildirirdi ki, müharibənin ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması şərti ilə başa çatmasına razıdır. Bəs Ukrayna bu mövqeyini qoruyacaq, yoxsa danışıqlara gedəcək? Çünki həmin ərəfədə Vaşinqtondan ciddi təzyiqlər var idi. Bütün bu qlobal proseslər, Qərbdə baş verən xalq etirazları, Avropa ölkələrinin Ukraynaya dəstək məsələsində qarşılaşdıqları maddi problemlər, iqtisadi çətinliklər və ümumiyyətlə, Avropa İttifaqı daxilində, eləcə də ayrı-ayrı Qərb dövlətləri arasında yaranan fikir ayrılıqları qeyri-müəyyən mənzərə formalaşdırmışdı. Belə bir şəraitdə Paşinyan özü də Rusiya ilə danışıqlar masasına əyləşərkən hansı məsələləri və necə müzakirə etməli olduğunu dəqiq müəyyənləşdirə bilmirdi.
Çünki bu görüşdə yalnız Azərbaycanla bağlı məsələlər müzakirə olunmayacaqdı. Rusiya tərəfi, əlbəttə ki, Ermənistanın siyasi seçiminin nədən ibarət olduğunu da soruşacaqdı. Qərbə meyillənmə tam xarakter daşıyırmı, yoxsa Rusiya ilə əlaqələr hələ də Ermənistan üçün prioritet olaraq qalır? Məhz bu suallara cavab vermək üçün Paşinyanın qeyri-müəyyənlik dövrünün başa çatmasını gözləməsinə və bundan sonra qərar verməsinə ehtiyac yaranmışdı. Yəni Paşinyanın əslində Moskvaya getməməsinin səbəbi yalnız Kremlə münasibətlərlə bağlı deyil. Bu, həm də İrəvanın hazırkı mərhələdə konkret qərar verə bilməməsi ilə əlaqəli məsələdir.
Yəqin ki, növbəti mərhələlərdə, qısa müddət ərzində Paşinyan hakimiyyəti də öz qərarını verəcək. Rusiya tərəfi ilə görüşdə hansı məsələlərin və necə müzakirə olunacağını, hansı mövqenin ortaya qoyulacağını müəyyənləşdirərək görüşə hazır vəziyyətə gələcəklər. Rusiyada da eyni zamanda hələ aydınlaşdırılmamış bir çox məsələ var. Onlar da əvvəlcədən ABŞ-də aralıq seçkilərində kimin qalib gələcəyini bilmirdilər. Demokratların qələbə qazanması halında Ukraynaya dəstəyin artırılması ehtimalı mövcuddur. İndi Rusiya özü də yeni çağırışlarla üzləşir və bu şəraitdə Ermənistanla hansı ritorikada danışacağını müəyyənləşdirməlidir. Qeyri-müəyyənlik Moskvada da müəyyən suallar yaradırdı: Ermənistanı hazırda hədəf taxtasına çıxarmaq lazımdır, yoxsa Rusiyanın əlavə problemlərə ehtiyacı olmadığı üçün bu məsələni sonraya saxlamaq, yəni Ermənistanın xarici siyasətinin Rusiya üçün yaratdığı problemlərin həllini təxirə salmaq daha məqsədəuyğundur? İndi düşünürəm ki, qısa müddət sonra hər iki tərəf nəyi necə edəcəyini hesablayacaq və hansı nəticələrə gələcəklərsə, müzakirələrə də həmin mövqedən başlayacaqlar.
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinə gəldikdə isə, əlbəttə ki, arxivlər bu kimi məsələlərdə çox önəmlidir. Tarixi və rəsmi sənədlər problemin həllində əsas vasitələrdən biridir.
Ona görə də görüş baş tutacağı təqdirdə Azərbaycanın mövqeyi də nəzərə alınmaqla bu məsələ müzakirəyə çıxarılacaq. Ancaq mən tərəfdarı olardım ki, arxivlərin və rəsmi sənədlərin istifadəsi bir məsələ, Rusiyanın bu prosesdə iştirakı isə tamamilə başqa məsələ kimi qəbul edilsin. Bu gün biz Rusiya arxivlərindəki SSRİ dövrünə və ondan əvvəlki dövrlərə aid sənədlərdən, tarixi həqiqətləri əks etdirən materiallardan istifadə edirik. Amma bu, o demək deyil ki, Rusiyanın prosesdə hansısa formada iştirakı zəruridir. Biz, Azərbaycan və Ermənistan tərəfləri olaraq, prosesdə üçüncü və dördüncü tərəflərin iştirakını minimuma endirməliyik. Bu proses ikitərəfli formatda aparılmalıdır. Oturub problemi öz aramızda həll etməliyik ki, gələcəkdə yenidən mübahisələrə səbəb olan müzakirələr ortaya çıxmasın. Çünki heç kim bizim yerimizə qərar verən deyil və heç kim öz maraqlarını kənara qoyaraq bu məsələyə bizim maraqlarımızdan çıxış etməklə yanaşmayacaq".
Zeynəb Mustafazadə