Avropada sosial narazılıq artır: Hakimiyyət dəyişikliyi gözlənilirmi?-ÖZƏL

Avropanın müxtəlif ölkələrində davam edən kütləvi etirazlar, tətillər və nümayişlər qitədə sosial-siyasi gərginliyin artdığını göstərir. Fermerlərdən işçilərə, gənclərdən miqrasiya siyasətindən narazı vətəndaşlara qədər müxtəlif təbəqələrin etirazlara qoşulması Avropada dərinləşən sosial narazılığın və idarəetmə problemlərinin göstəricisi kimi qiymətləndirilir.

Avropanın müxtəlif ölkələrində kütləvi etirazların eyni dövrdə geniş vüsət almasının əsas səbəbləri nədir? Bu, ayrı-ayrı ölkələrin daxili problemləridir, yoxsa Avropa miqyasında sistemli siyasi böhranın əlamətidir? Davam edən etirazlar Avropa ölkələrində siyasi hakimiyyətlərin dəyişməsinə və ya Avropa İttifaqının gələcək siyasi kursuna təsir göstərə bilərmi?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Hazırda Avropada baş verənlər təsadüfi hadisələr deyil. Bunlar zamanla yığılıb qalmış problemlərin nəticəsində ortaya çıxan etirazlardır. Burada etirazların meydana çıxmasının bir neçə səbəbi var.
Bu səbəblərdən biri ondan ibarətdir ki, uzun müddət Avropa cəmiyyətləri rifah səviyyəsi yüksək, rahat həyat şəraitinə və komforta alışmış cəmiyyətlər olub. Son 5 ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünyada baş verən proseslər, enerji qiymətlərinin dəyişməsi, Rusiyadan alınan enerjiyə sanksiyaların tətbiq olunması, həmin resursların əvəzlənməsi və ABŞ ilə təhlükəsizlik sahəsində yaranan problemlər bu proseslərə təsir edən amillər sırasındadır. Əlbəttə ki, bundan başqa digər səbəblər də var. Bu, həm də onunla bağlıdır ki, Avropa ölkələri son 10 ildə xarizmatik lider qıtlığı yaşayır və hakimiyyətdə olan siyasi qüvvələr problemləri dərindən həll etmək iqtidarında deyillər. Bu da etirazların meydana çıxmasına səbəb olur. Yəni etirazların yaranma səbəblərinin həm daxili amillərdən, həm də xarici təsirlərdən qaynaqlandığı bəllidir. Əlbəttə ki, ABŞ administrasiyasının Avropa ölkələri və Avropa İttifaqı ilə bağlı problemləri, eləcə də Avropadakı sağ qüvvələrə təsiri bu proseslərə öz təsirini göstərir. Təbii ki, burada sistem problemləri də özünü göstərməkdədir. Sistem problemləri dedikdə, idarəetmədə və bürokratik proseslərdə həddindən artıq ləngliyin olması, nəticədə problemlərin vaxtında həll edilməməsi və bunun da etirazlara yol açması nəzərdə tutulur.
Etirazlar nəticəsində Avropa ölkələrində hakimiyyət dəyişikliklərinin baş verməsi ehtimalına gəlincə, bu, gözlənilən haldır. Çünki belə proseslərin yekunu olaraq keçirilən seçkilərdə, adətən, hakimiyyətdə olan qüvvələr daha çox səs itirirlər. Bu da rəqiblərin onları əvəz etməsinə imkan yaradır. Nəzərə alsaq ki, uzun onilliklər ərzində Avropada sol təmayüllü qlobalist qüvvələr hakimiyyətdə olublar, bu proseslər Avropada sağ radikal qüvvələrin güclənməsinə gətirib çıxarıb. Yəni bu etirazların nəticəsində hakimiyyət dəyişiklikləri gözlənilir. Avropa İttifaqının gələcəyinə gəlincə isə hazırkı gedişat bu məsələdə müəyyən suallar yaradır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31