Azərbaycan Zəfərdən sonra Cənubi Qafqazın gələcəyində söz sahibinə çevrildi-ÖZƏL
17:22 Siyasət" 8 Noyabr Azərbaycan tarixində yalnız hərbi qələbənin deyil, həm də milli iradənin, siyasi əzmin və dövlətçilik düşüncəsinin təntənəsi kimi yadda qaldı. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın otuz ilə yaxın davam edən işğala son qoymaq istiqamətində apardığı mübarizənin həlledici mərhələsi oldu. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini dəyişən, hərbi və siyasi baxımdan müstəsna əhəmiyyət daşıyan hadisəyə çevrildi.
Şuşanın azad edilməsi sadəcə bir şəhərin düşmən işğalından qurtarılması deyildi. Bu, Azərbaycanın tarixi yaddaşının, mədəni kimliyinin və milli qürurunun bərpası idi. Çünki Şuşa Azərbaycan üçün sıradan bir coğrafi məkan deyil, milli mədəniyyətimizin, musiqimizin və tarixi dövlətçilik ənənələrimizin mühüm simvollarından biridir. Məhz buna görə Şuşada qazanılan qələbə hərbi uğur olmaqla yanaşı, həm də mənəvi və siyasi dönüş nöqtəsi idi".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini də əhəmiyyətli dərəcədə dəyişdirdi. Müharibədən əvvəl Azərbaycan uzun illər beynəlxalq vasitəçilik mexanizmləri çərçivəsində münaqişənin həllini gözləyən ölkə kimi təqdim olunurdu. Müharibədən sonra isə Bakı regionun təhlükəsizlik arxitekturasına təsir göstərən, siyasi gündəliyin formalaşmasında daha fəal rol oynayan aktora çevrildi.
Əslində, 8 Noyabrın yaratdığı ən mühüm siyasi nəticələrdən biri Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmlənməsi oldu. Bu gün Cənubi Qafqazda baş verən proseslərdə Azərbaycanın mövqeyi nəzərə alınmadan hər hansı uzunmüddətli siyasi və iqtisadi planın reallaşdırılması çətindir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, Orta Dəhliz və regional iqtisadi əməkdaşlıq kimi məsələlər Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Digər tərəfdən, Zəfərdən sonra Cənubi Qafqazda əvvəlki siyasi status-kvonun bərpası mümkün olmadı. Ermənistanın təhlükəsizlik və xarici siyasət prioritetləri dəyişməyə başladı, regionda yeni güc balansı formalaşdı. Rusiya-Ukrayna müharibəsi, Qərblə Rusiya arasında artan geosiyasi rəqabət və Yaxın Şərqdəki proseslər isə Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da artırdı.
Hərbi qələbəni davamlı siyasi və iqtisadi üstünlüyə çevirmək daha mürəkkəb prosesdir. Bunun üçün regional kommunikasiyaların açılması, Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və əldə olunan razılaşmaların icrası mühüm əhəmiyyət daşıyır.
8 Noyabr Zəfəri Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu tarix ölkəmizin yalnız keçmişə münasibətini deyil, gələcəyə dair siyasi baxışlarını da dəyişdirdi. Azərbaycan artıq öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək üçün daha geniş imkanlara malikdir.
Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazın gələcəyinin müəyyənləşdirilməsində söz sahibi olan dövlətə çevrildi".
Zeynəb Mustafazadə