Ermənistanda nifrət ritorikası davam edir– ÖZƏL
13:41 Siyasət"Əvvəlcə onu qeyd etməliyik ki, Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması artıq illərdir bir ənənəyə çevrilib. Xüsusilə də hər ilin aprel ayında, bu cür hadisələr ölkənin paytaxtı da daxil olmaqla müxtəlif bölgələrində müşahidə olunur. Bu, yalnız bir etiraz aksiyası yox, dərin köklü düşmənçilik ideologiyasının nəticəsidir. Hələ də erməni xalqının düşüncəsi, siyasi tərbiyəsi və ictimai şüuru üzərində ciddi şəkildə Erməni Apostol Kilsəsi və diasporanın təsiri hiss olunur".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün Ermənistan cəmiyyətində revanşist və millətçi düşüncə dominantlıq təşkil edir. Bununla belə, Ermənistanın hazırkı hakimiyyəti - Mülki Müqavilə Partiyasının üzvləri bu cür hərəkətləri açıq şəkildə pisləyib. Ermənistanın baş naziri Nikol Paşinyan da verdiyi açıqlamalarda bu davranışların yolverilməz olduğunu bildirib. Mətbuatda bu fikirlərə rast gəlmişik.
Lakin bizi narahat edən təkcə bayraq yandırmaq məsələsi deyil. Ermənistanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun buraxılmasına müraciət Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra gündəmə gətirilə bilər.
Yaxın keçmişdə, Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq diplomatik forumda Ermənistanın xarici işlər naziri də iştirak etmişdi. Orada o, Ermənistanın bu müraciəti həm sülhdən əvvəl, həm də sonra etməyinin mümkün olduğunu bildirmişdi.
Digər tərəfdən, Ermənistan Hindistandan silah alışını davam etdirir. Beynəlxalq mediada yayılan məlumata görə, Ermənistan Hindistandan 500 kilometr məsafədə hədəfi vura bilən raket sistemləri alır. Bu sistemlərin, Azərbaycanın İsraildən əldə etdiyi LORA raketlərinin alternativi kimi qiymətləndirilməsi diqqət çəkir. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələri hələ də şərti sərhəd boyunca Azərbaycanın mövqelərini atəşə tutur ki, bu da vəziyyəti daha da gərginləşdirir.
Beynəlxalq güclərin bir qismi və xüsusilə də erməni diasporası, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxır. Onlar Ermənistan daxilində siyasi dəyişikliklərə, hakimiyyət dəyişikliyinə nail olmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə edə bilərlər".
Zeynəb Rzayeva