Azərbaycanda musiqi sənayesinin pərdəarxası- Bəstəkar Cavanşir Quliyevlə müsahibə
25 Aprel 22:04 SosialHər mahnının bir hekayəsi var. Səslənən notlar arxasında duyğular dayanır. Tarix boyu Azərbaycan musiqisi təkcə notlardan ibarət olmayıb, o, həm də bir yaddaşdır - xalqın hissini, ağrısını, sevincini içində yaşadan bir güzgüdür. Amma bu incə sənətin səhnədə görünən tərəfi qədər, görünməyən, pərdəarxası dünyası da var. Biz bəzən həzin, bəzən oynaq olan bu melodiyaları dinləyir - amma onların necə yarandığını, hansı yollarla bizə çatdığını çox zaman bilmirik. Səhnədə bir neçə dəqiqəlik çıxışın arxasında illərin əziyyəti, arxa planda isə adları heç çəkilməyən insanlar dayanır. Kimlər yazır bu əsərləri? Kimlər səhnənin kənarında qalır, amma əsərləri dillərdə dolaşır?
Azərbaycan musiqisinin tanınmış bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Cavanşir Quliyev bu mövzuda bizimlə fikirlərini bölüşür. Onunla təkcə melodiyalardan yox, həm də bu sənayenin iç üzündən danışacağıq.
- Musiqi sənayesində uzun illər fəaliyyət göstərmiş bir bəstəkar kimi, sizcə bu sahənin ən çox dəyişən və heç dəyişməyən tərəfi nədir?
-Ən çox dəyişən məqam ondan ibarətdir ki, bu gün müğənnilər artıq ciddi və peşəkar bəstəkarlara müraciət etmirlər. Bu da musiqinin ümumi keyfiyyətinə ciddi təsir göstərir. Dəyişməyən cəhət radio və televiziya kanallarında keyfiyyətsiz, sənət dəyəri olmayan mahnılar üstünlük təşkil edir.
- Bugünkü musiqi daha çox sənətdir, yoxsa biznes? Siz bu iki anlayış arasında tarazlığı necə qoruyursunuz?
- Əslində, "biznes" bədii sənətdə yaranan gündən var. Niyə? Çünki bu sənəti yaradanlar insanlardır. Bu insanların maddi ehtiyacları var. Əgər onlar başqa peşə ilə məşğul deyillərsə, yalnız sənətlə məşğuldurlarsa, deməli, bu sənət onları yaşatmalıdır, dolandırmalıdır. Bu qədimdən də belə olub.
Amma sualınızı anlayıram - yəni bu qədər eybəcər şəkildə idimi? Yox, əvvəllər bu, belə deyildi. Əgər söhbət mahnıdan, xüsusilə də Azərbaycan mahnısından gedirsə, bu mahnı yaradıcılığının iqtisadi tərəfini, biznes tərəfini Sovet İttifaqı dövründə dövlət üzərinə götürmüşdü. Yaradanlara, bəstəkarlara və şairlərə "qonorar" verilirdi, yəni pul ödənilirdi. Bu pul, təxminən, o dövrün Sovet vətəndaşının bir aylıq maaşı qədər olurdu. Pul ödəndiyinə görə dövlət özü də nəzarət edirdi. Yəni, kim pulu verirsə, o da nəzarət edir - bu, bazarın qanunudur. O görə də Sovet İttifaqında keyfiyyətsiz musiqi efirə az çıxırdı. Demirəm, yox idi, amma az idi. Yəni sualın cavabı odur ki, bizneslə sənət ayrılmaz bir bütövdür. Sənət biznes olmadan yaşaya bilməz, ölər. Əgər biznes yalnız öz maraqlarını güdəcəksə, o zaman da sənət ölür. Yəni, bunlar bərabər yaşamalıdır.
- Sizin fikrinizcə, müasir musiqiyə hələ də ruh qatılırmı, yoxsa o, artıq sadəcə sifarişə çevrilib?
- Sənət və sifariş. Əslində sifarişsiz mədəni əsər olmur ki. Sadəcə, bəzən sifarişi kənardan bir adam, bir idarə verir sənətkara, ya da sənətkar özü-özünə sifariş verir. Yəni bir əsər yazmaq istəyirsə, o da bilmədən özünə sifariş verir.
Bu "ruh" məsələsi... Mən tez-tez rastlaşıram bu sualla. Jurnalistlərin çoxu verir bu sualı və mən də cavab verirəm ki, məni bir anladın görək, bu ruh nədir? Deyəcəksiniz ki, musiqidən danışırıqsa, musiqinin içində olan gözəllik və s. Siz ona "ruh" deyirsiniz, mən ona "ustalıq" deyirəm. Yazanın ustalığı, yazanın istedadı, yazanın bacarığıdır. Musiqidə o varmı, yoxmu? Mənim bunu deməyim bir az doğru olmur, çünki dinləyici deməlidir. Kimə-kimin qəlbinə toxunursa o əsərlər, o insanlar deməlidir - bəyəndilər, ya bəyənmədilər. O görə də bu suala təxminən belə cavab vermək istəyirəm: Ruh hər bir əsərin içində var. Hər şeyi sənətkarın istedadı həll eləyir.
- Müğənnilərlə işləyərkən sizin üçün ən vacib olan nədir? Yaxşı musiqini yaxşı səs xilas edir, yoxsa düzgün yanaşma?
- Təbii ki, əgər müğənninin səsi varsa, bu yaxşıdır, pis şey deyil. Amma səs ən vacib olan deyil. Hər bir insanda Allahın verdiyi bir səs-danışıq səsi var.Yəni insanlar danışırsa, deməli, müəyyən bir səsləri var. Amma dediyim kimi, birinci iş deyil səs. Birinci iş istedaddır, ustalıqdır. Mən misal çəkirəm həmişə - Hacıbaba Hüseynov kimi bizim bir xanəndəmiz vardı. Səsi çox yüksək deyildi. Uzun müddət ömründə heç oxumadı da. Hesab eləyirdi ki, səsi yoxdur oxumaq üçün. Amma sonradan necə olursa, oxumağa başladı və məlum oldu ki, böyük ustaddır, böyük istedaddır. İnsanlar bəyəndilər, dəyər verdilər sənətinə. Biliyi də, zövqü də var idi.
Səs vacibdir amma əsas cəhət deyil. Əsas ağılı və biliyidir. Varsa, o zaman o müğənnidən bir şey olacaq. Mən işlədiyim müğənnilərdə də birinci növbədə səs axtarmamışam. Təbii ki, səsləri olub. hesab eləmişəm ki, əsas o deyil. Əsas istedadı, biliyi, zövqü, dünya görüşüdür. Bunların hamısına bir yerdə "inkişaf" deyilir. O varsa, o müğənninin ifası qəbul olunacaq.
- Gəlin bir az da "pərdəarxasından" danışaq. Musiqi sənayesində elə nələr baş verir ki, dinləyici onun fərqində belə olmur?
-Təbii ki bəzi hallar baş verir. Bəzən müğənnilər dinləyicini reallıqdan kənar bir tərəfə aparırlar. Səhnə də görürsən ki, müğənni oxuyur amma əslində o "fanaqram" oxuyur. Əvvəlcədən yazılmış mahnı səslənir. Aktiv dinləyicilər bunu bilir amma geniş dinləyici bunu bilmir. Bu müğənnilərin aktyorluq qabiliyyətindən asılıdır Bu texnologiyanın inkişafı ilə yaranan haldır. Mən bu hala o qədər yaxşı baxmıram. Əgər mahnını sən oxumusansa, səhnədə də oxuya bilərsən. Tamaşaçı müğənnini eşitmək istəyir. İşlə bağlı başqa pərdəarxası hadisə yaşamamışam xatırlamıram.
- Gənc musiqiçilərlə də təmasınız olur? Onların sizə maraqlı və ümidverici gələn tərəfləri hansılardır? Siz onlarda əsasən nə axtarırsınız?
- Əlbəttə, mən həmişə gənc ifaçılarla işləmişəm. İndi də onlarla işləyirəm. Yaxınlarda birgə konsertim oldu. Bütün ifaçılar gənc idi. Bu gün səhnədə olanlar, günümüzün ifaçıları gənc sənətçilərdir. Ümidverici ifaçılar var. Əks halda, mən onlarla işləməzdim. Həmişə demişəm ki, mənim müğənni ilə işləməyim üçün o yaxşı yox, çox yaxşı müğənni olmalıdır. Gənclər arasında çox yaxşı namizədlər var. Əgər inkişaf etsələr, inkişafları uğurlu getsə, onlar "ulduz" ola bilərlər. Jurnalistlər onları "ulduz" adlandırır. Mən heç vaxt demirəm. Çünki Azərbaycanda heç vaxt ulduz olmayıb. Səviyyəni bir az qaldırmaq lazımdır. Yaxşı ifaçıların hamısı ulduz deyil.
Hər halda, mən düşünürəm ki, bu günün gənc ifaçıları arasında tanınacaq olanlar var. Amma bir məsələni demək istəyirəm. Məncə, bu bir mənfi haldır. Gəlin, buna "mənfi" deməyək, bir qeyd deyək. Müğənnilər bəstəkarlarını az dinləyirlər. Qərarları özləri verirlər. Belə halda bəzən yanlış mahnı oxuyurlar, yanlış repertuar seçirlər, yanlış geyim seçirlər. Bu, təcrübəsizlikdən irəli gəlir. Məsələn, mənim işlədiyim müğənnilər , xüsusilə də xanım müğənnilər , o zamanlar oxumağa başlayanda mən nə deyirdimsə, onu edirdilər. Dediklərimə heç vaxt şübhə etmirlər. Heç bir zərər görmədilər. Bugünkü ifaçılar bir qədər özlərindən arxayndırlar. Mahnıya düzgün dəyər vermirlər. Bu da, təbii ki, onlar üçün itki olur. Çünki bəzən yaxşı bir mahnını mahnı hesab etməyib ondan qaçırlar. Gənc ifaçılar əgər daha çox bəstəkar və şair dinləsələr, məncə, daha yaxşı olacaqlar.
- Dövlətin musiqi sənayesinə olan dəstəyi sizi qane edirmi? Yoxsa sizcə hələ də çatışmayan vacib məsələlər var?
- Dünyanın inkişaf etmiş ölkələrində dövlət musiqi sənayesinə heç bir dəstək vermir. Sadəcə musiqinin ciddi növlərinə, yəni opera, balet, simfonik musiqiyə və xüsusilə də o ifaçılara, o kollektivlərə bələdiyyələr tərəfindən və bəzən mədəniyyət nazirlikləri tərəfindən müəyyən maddi yardım verilir. Amma o maddi yardım həmin kollektivlərin qazancının əsas hissəsi deyil. Əsas hissə, Avropa və Amerika kimi inkişaf etmiş ölkələrdə çox sayda ictimai təşkilat var. Xeyriyyə təşkilatları, müxtəlif, fərqli ictimai təşkilatları. Onlar mədəniyyətə maddi yardım edirlər. Məsələn, bir dəfə Boston şəhərində, Amerikada məşhur Boston Simfonik Orkestrinin konsertinə getdim və orada biletlə bir yerdə broşür də verirdilər. O broşurun əvvəlində 12 insanın şəkli və adları var idi. Soruşdum, tərcüməçidən kimdir bunlar? Dedilər, bunlar bu orkestrin mesenatlarıdır. Onlar yardım edirlər ki, orkestr keyfiyyətdə olsun. Yəni maaşları yüksək olsun və elədikləri yardım qədər vergidən azad olurlar. Bax, belə bir qayda var o ölkələrdə. Ona görə də o sənət orada artıq dövlətin qarışmasına ehtiyac yoxdur, yaşayır. Hə, o ki, qaldı mahnı təsərrüfatına, şou biznes deyirlər ona, mən əyləncəli musiqi deyirəm. Əyləncəli musiqi özü-özünə pul qazanır orada. Konsertlər olur, albomlar buraxırlar, müxtəlif reklamlarda iştirak edirlər, qazanır. Və yaxud prodüksiya şirkətləri deyilən bir şirkətlər olur. Onlar müğənnilərlə, bəstəkarlarla, şairlərlə ünsiyyətə girirlər, müqavilələr bağlayırlar, əsərlər sifariş verirlər və onları yaşadırlar. Bizdə prodüksiya şirkətləri bir-iki dənə var. Həqiqətən prodüksiya şirkətidirmi, onu bilmirəm. Çünki prodüksiya nə deməkdir? İşçilər, yəni sənətkara iş verən, işçilər də onu sifariş verən. Onu işə götürürsə, sənətkara deməli, onun pulunu verməlidir. Demək ki, bu prodüksiya şirkətinin pulu olmalıdır. Bax, belə bir şou biznesidir bu. Bizdə bilmirəm var üzdə olanı mən tanımıram. Mənə heç kəs təklif eləməyib, "gəl müqavilə bağlayaq, səndən işləyək" deyən olmayıb. Elə bir şey yoxdur. Bildiyim qədər mənim həmkarlarıma da belə müqavilə təklif edən olmayıb. Ona görə də Azərbaycanda bir az bu problem var. Hökumətin, mən hesab edirəm ki, burada heç bir qarışığı olmamalıdır. Çünki hökumət qarışsa, yenə qaydırıq Sovet rejiminə. Hər şeyi oradan həll edirlər, oradan da parasını, pulunu verirlər. Biz ondan canımızı qutardıq ki, o yaxşı deyil. Çünki pulu verən adam sonra da hökm edəcək sənə. Sənə məcbur edəcək ki, "elə yazma, belə yaz". "Elə oxuma, belə oxu". O da biraz azadlığı sıxmaqdır. Mən dövlətin bu işə qarışmasını istəmirəm. Sadəcə qanun. Sadəcə, dövlət qanunlar işə salmalıdır. O şəraiti dövlət yaratmalıdır, qanunvericilik şəraitini. Gerisi bizdikdir.
O da məncə var, çünki qeyri-hökumət təşkilatları haqqında, ictimai təşkilatlar haqqında müxtəlif qanunlar var bizdə. Qanunlar yazılıb, o qanunları işləməlidir. Elə olan şəkildə söu biznes sağlam təməldə yaşayar və keyfiyyətli nəticələr də verər, mən elə düşünürəm.
- Sizcə, gələcəkdə musiqi sənayesində inqilabi bir dəyişiklik ola bilərmi? Əgər bu imkan sizin əlinizdə olsa, ilk nəyi dəyişərdiniz?
-Hesab edirəm ki bizim musiqiimizə inqilabi dəyişikliklərə ehtiyac yoxdur. Musiqimiz olduqca zəngin və gözəldir. İnkişaf qaydaları və qanunları var. Sadəcə ifa edənlər yazanlar və dinləyənlər zövqlərini daha yüksəyə apararaq daha keyfiyyətli əsərlər yazmalı və dinləməlidirlər.Dinləyən də yazan da keyifiyyət axtarmalıdır. Bizim musiqmizdə inqilaba ehtiyac yoxdur. Sadəcə daha diqqətli olmaq lazımdır.
Zeynəb Mustafazadə