“Balaca qara balıq” okeanda

(Eluca Atalının məşhur kitabı haqqında qeydlər)

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu hal-hazırda xaricdə yaşasa da, dogma Yurdu bir an belə unutmayan, azad düşüncəli insanların yaşadığı bütöv Azərbaycan eşqilə yazıb-yaradan Eluca Atalının dünyanın bir çox əsas dillərinə tərcümə olunmuş, düşünürlərin masaüstü kitabına çevrilmiş, haliyədə gündəmdə müzakirə obyekti olan  "İran hizbullah zindanında"   adlı kitabı haqqında olacaq.  Eluca Atalı  Azərbaycan ədəbiyyatında publisistik düşüncəni, milli oyanış və azadlıq ideallarını cəsarətlə ifadə və təbliğ edən yazıçılardan biridir. Onun "İran hizbullah zindanında" romanı təkcə bir insanın, bir qəhrəmanın deyil, bütöv bir millətin ruhunun azadlıq uğrunda çəkdiyi mənəvi iztirabların bədii salnaməsidir. Bu kitabda yazıçı təkcə zindan divarlarını deyil, həm də düşüncələrin, vicdanların, milli kimliyin üzərinə çəkilən görünməz zəncirləri sındırmaq istəyir. Ümumi olaraq daha geniş baxış bucağından baxdıqda müəllifin kitabda qaldırdığı problem (problemlər)  yeni deyil. Bütün problemlərin mərkəzində (nüvəsində) "İNSAN" dayanır ki, səhifələr şəklində  endirilmiş (olan)  ən qədim səmavi (dini) kitablardan, Azərbaycanın əsasən nəzimlə yazıb-yaratmış Nizami, Nəsimi, Füzuli kimi mütəfəkkirlərdən tutmuş, nisbətən yaxın keçmişdə  Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Əhməd bəy Ağaoğlunun  yaradıcılığında iszləri görünən, Yusif Vəzir Çəmənzəminlinin  " İki od arasında", Məmməd Səid Ordubadinin  "Qılınc və qələm", Pənahi Makulunun "Səttarxan", Balis Sruoganın "Tanrılar meşəsi" kitablarda qaldırdığı, oxucularla müzakirə etdiyi problemin həmən-həmən eynisidir. Bəs Eluca Atalı ona məlum olan fikirləri təkrarlayırmı? Bax, bu maraqlı sualdır.

Eluca Atalı "İran hizbullah zindanında" əsərində konkret bir həbsxananın sərhədlərindən çox uzağa gedir. Burada zindan həm siyasi, həm də mənəvi anlam daşıyır. O, bir ölkənin nümunəsində ümumilikdə mövcud rejimlərin öz vətəndaşlarına, milli haqlarını tələb edən insanlara qarşı apardığı təzyiq siyasətini realist boyalarla təsvir edir. Zindana gedən yolların (əməllərin, hərəkətlərin) təsvirindən tutmuş, zindanda saxlanılan qəhrəmanların taleyində bütöv bir toplumun faciəsi əks olunur. Bu, sadəcə bədən azadlığının deyil, düşüncə azadlığının da zəncirlənməsi, ümumilikdə insanlıq üçün məhdudiyyətlər deməkdir.

QISA ARAYIŞ

Konkret olaraq əsərin təhlilinə keçməzdən əvvəl kitab haqqında qısa arayış vermək istəyirəm.
"İran hizbullah zindanında" romanı "İnqilabın travması", "Üç vəd, üç tələb", "Qanlı orkestr", "Həyatı tabutda axtaranlar" adlı dörd kitabdan (haqqında danışdığımız  bu  kitabda yerləşmiş dörd bölümdən - hissədən) ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan ölkədə 1979-cu ildə baş verən hadisələrin (inqilabın) təbii proseslərin nəticəsində doğan zəruri yekun, yoxsa süni şəkildə katalizatorların böyük təsiri altında təsadüfi partlayış olması suallarını cavablandırır. "İnqilab" və "insan" anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini sübut etməyə çalışır  və demək olar ki, müəyyən mənada buna nail olmağı bacarır. 1978-1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş versə də, yuxarıda qeyd etdiyim kimi Eluca Atalının bu romanı zaman və məkanın fövqündə (ötəsində) olan bir əsərdir. Müəllif real mövcud rejimin nümunəsində idarə edənlərin və idarə olunanların (köhnə təbircə yuxarıdakıların və aşağıdakıların) hərəsinin öz həqiqəti olduğunu bariz misallarla tam çılpaqlığı ilə açıq - aydın göstərməyə müvəffəq olmuşdur. Əsərdə sadəcə düşüncəsinə görə və ya sadəcə idarə edənlərin belə olmasını istədiyi üçün zindana (zindanlara) atılmış yüzlərlə (minlərlə) insanın taleyi ilə tanış oluruq.

Əsərin ən önəmli xətti milli özünüdərk, dil və kimlik uğrunda mübarizədir. Yazıçı açıq şəkildə göstərir ki, insan üçün ən ağır zindan milli kimliyindən məhrum edilməkdir. Əsərin qəhrəmanları üçün zindan sadəcə dəmir qapılar deyil - qadağan olunan dil, təhqir edilən tarix, susdurulan vicdandır. Eluca Atalı bu mənada öz qəhrəmanlarını ideoloji savaşçılar səviyyəsinə qaldırır; onların mübarizəsi fiziki deyil, mənəvi bir savaşdır.

Yuxarıda adını qeyd  etdiyim Yusif Vəzir Çəmənzəminlinin  " İki od arasında", Məmməd Səid Ordubadinin  "Qılınc və qələm", Pənahi Makulunun "Səttarxan", Balis Sruoganın "Tanrılar meşəsi" kitabları ilə artıq tanış olan oxucular  müəyyən mənada  müəllifin "İnqilabın travması", "Üç vəd, üç tələb", "Qanlı orkestr", "Həyatı tabutda axtaranlar" adları altında  prinsipial şəkildə  dörd  hissəyə bölərək, ümumi məğzi (mətləbi)  loxma-loxma (hissə-hissə) oxucusuna həzm elətdirməyə çalışdığı "İran hizbullah zindanında" romanını daha asan mənimsəyəcək, öz düşüncə süzgəclərindən keçirəcəklər.

Kitab boyunca rejimin sərt ideoloji nəzarəti və idarə etmə təfəkkürünün qorxu üzərində qurulmuş mexanizmi təsvir olunur. Eluca Atalı bu rejimi tənqid etməklə yanaşı, insanın daxilindəki azadlıq duyğusunun heç bir zorakılıqla öldürülə bilməyəcəyini göstərir. Zindan qorxunun məkanı kimi təqdim olunsa da, məhz bu divarlar arasında insan ləyaqəti öz həqiqi dəyərini tapır.

Eluca Atalı bu mənada həm publisist, həm də filosof kimi çıxış edir. O, oxucunu sadəcə hadisələrin şahidi deyil, düşünən bir tərəfdaşa çevirir.

Eluca Atalının dili kəskin, publisistik ruhu isə sarsıdıcı dərəcədə səmimidir. O, hadisələri təkcə bədii ifadələrlə deyil, publisistik emosional tonla təqdim edir. Hər bir cümlə həm bir fakt, həm də bir fəryaddır. Müəllif hadisələri sadəcə təsvir etmir, onlara münasibət bildirir, mövqe tutur. Bu da əsəri adi sənədli hekayətdən publisistik manifest səviyyəsinə qaldırır (Bu hal maraqlı və diqqətəlayiqdir).

Əsərin sonunda fiziki zindan hələ qalır (atanın şirinlik paylamağa məcbur edilməsi səhnəsi "İNSAN" kəlməsi haqqında müfəssəl məlumat ötürən müdhiş səhnədir), lakin mənəvi azadlıq artıq qazanılmış olur. Eluca Atalı göstərir ki, rejim bədəni qıfıllaya bilər, amma ruhu əsir saxlamaq mümkün deyil. Bu, təkcə hadisələrin cərəyan etdiyi ölkədə yaşayan xalqların deyil, bütün dünya xalqlarının azadlıq idealına ünvanlanan bir çağırışdır. Bu mənada problem ümumi olaraq qalır; idarə edənlər və idarə olunanlar. Hər iki zümrənin öz həqiqətləri var. Və bizim nə düşünməyimizdən asılı olmayaraq, hər iki cəbhə öz düşüncələrində özgür (azad) və haqlıdırlar.

Eluca Atalının "İran hizbullah zindanında" romanı milli düşüncənin, azadlıq idealının və insan ləyaqətinin zindanda belə sarsılmazlığını göstərən dərin mənalı bir əsərdir. Yazıçı bu romanında həm fərdi, həm də ictimai səviyyədə ideoloji toqquşmaların, siyasi təzyiqlərin və mənəvi dirənişin ağrılı mənzərəsini yaradır. Və yuxarıda qeyd etdiyimiz dörd bölümün hərəsi bu mənzərənin daha aydın görünməsi üçün öz üzərinə düşən vəzifəninin öhdəsindən uğurla gəlmişdir.

"İnqilabın travması" bölümü

Xüsusilə "İnqilabın travması" bölümü (kitabı) bu əsərin bədii-fəlsəfi məğzini açan, İran inqilabının mahiyyətini və onun insan talelərinə vurduğu zərbəni sənədli-publisistik aydın anlaşılan sadə bir dillə ifadə edən hissədir. Yəni, əsərin əsas qəhrəmanları Fatma (Fatimə yox!) ilə atası Allahkərim ("Allah kərimdir, quyusu da dərindir" - aydın məsələdir ki,  Eluca Atalı bu adı da məxsusi olaraq seçib) arasanda baş verən söhbətlər, onların başına gələnlər, lap əsərin sonunda Allahkərimin çarəsizliyi və məyusluğu, bütün bunlar bir məhəllənin, bir kəndin, bir şəhərin, bir ölkənin, ümumilikdə dünyanın problemidir.  Bu bölümdə - kitabın mənim əlimdə olan (Bakı, "Qanun", 2023,  567 s.) variantında 21 - ci səhifədə "Nağıldan reallığa" yarımbaşlıqlı (sərlövhəli) parçada zoomağazada Fatma ilə atası Allahkərim və  eyni zamnda Allahkərim ilə mağazanın yeganə sahibi (müəllif onu məhz belə təqdim edir) Rza Səbri (razılıq və səbrlə hər şey mümkündür, tələsənlər isə Fatma və atası Allahkərim kimi təndirə düşməyə məhkumdurlar...) ağa ilə söhbət, oradakı abu-hava və kuliminasiya: "...Allahkərimin qulağına pıçıldayırmış kimi: - Ağa, xəbərin oldu, keçən həftə  Əlirza Şükrü Əfşarı və Bəhram Əfşarı edam etdilər. - qəfildən gözü vitrinə sataşan satıcı: - Öhö,öhö... (səh. 22)" Birinci kitabdan (bölümdən - hissədən) təqdim etdiyim bu kiçik parça həm ümumilikdə əsər, həm də bölüm haqqında kifayət qədər məlumat ötürüb, hələ kitabı oxumamış şəxsləri mütaliəyə təşviq etmək gücünə malikdir.

Eluca Atalı bu bölümdə İran inqilabının ideoloji parıltısının arxasında gizlənən zülm mexanizmini açır. Yazıçı göstərir ki, "inqilab" adlanan o siyasi dalğa sadə insanlara azadlıq, ədalət və bərabərlik vəd etsə də, nəticədə yeni bir ideoloji qəfəs yaratdı (elə bir çirkin mühit formalaşdı ki, qonşu-qonşudan qorxmağa başladı, dünənə qədər qardaş olanlar bu gün satqına, xainə çevrildilər - bu elə mexanizmdur ki, insanlar artıq özləri bir-birlərinə nəzarət etməyə başlayıblar). Öz gündəlik həyatını yaşayan sadə insanlar (idarə olunanlar) sadəcə özlərini hər zaman, hər yerdə haqlı bilən idarə edənlərin istədiyi kimi yaşamadığı üçün vətən xaini, xalq düşməni elan olunarq, zindanlara dolduruldu. Bu zindanlarda satqın, xain (əslində isə hakimiyyət düşməni) damğası ilə işgəncələrə məruz qaldı.

Burada müəllif sadəcə hadisəni nəql etmir - o, bir ictimai şüurun deformasiyasını, mənəvi dəyərlərin məhvinin psixoloji portretini cızır. "İnqilabın travması" sadəcə bir siyasi hadisənin nəticəsi deyil, həm də insanın ruhunda qırılan inamın, sarsılan etimadın simvoludur.

Bu bölümdə zindan təkcə fiziki məkan deyil, həm də mənəvi sınaq meydanıdır. Burada insanın ideyaya sədaqəti, inamı və mənliyi ölçülür. Eluca Atalı zindanı bir siyasi laboratoriya kimi təqdim edir - burada rejim (idarə edənlər) insanı sınayır (idarə olunanları), əyməyə, sındırmağa, öz ideologiyasına uyğunlaşdırmağa çalışır.

Zindanda aparılan "tərbiyə" prosesi, məhbuslara qarşı psixoloji və fiziki təzyiqlər, idarə edənlərin idarə olunanları öz istədikləri kimi yaşamağa öyrətmək səyləri yazıçının bədii dili ilə dərin fəlsəfi məna qazanır. Bu, təkcə İran zindanının deyil, ümumən bütün totalitar sistemlərin obrazıdır.

Ardı növbəti sayımızda

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31