Təhsildən uzaq,təhlükəyə yaxın
25 Aprel 22:08 SosialBakının mərkəzi küçələrində və böyük şəhərlərin yolayrıclarında rast gəldiyimiz uşaqların əksəriyyəti ya ailələrinin təşviqi ilə, ya da istismar məqsədilə başqa şəxslərin nəzarətində küçələrdədir. Onlar təkcə dilənmirlər - eyni zamanda məktəbdən, uşaq olma haqqından və təhlükəsiz gələcəkdən məhrum edilirlər.
Rəqəmlər bu problemi daha da aydın göstərir. BMT-nin Uşaq Hüquqları Komitəsinin son hesabatında bildirilir ki, Azərbaycanda uşaq əməyinin ən ağır formalarından biri olan diləndirilməyə məcbur edilən uşaqların sayı ilə bağlı rəsmi statistik göstəricilər qeyri-kafidir. Bunun əsas səbəblərindən biri də bu prosesin gizli xarakter daşıması və dilənçiliyin arxasında cinayətkar qrupların dayanması ehtimalıdır.
Azərbaycanda uşaq hüquqları sahəsində fəaliyyət göstərən ekspertlər bildirirlər ki, diləndirilmə yalnız iqtisadi yoxsulluğun nəticəsi deyil. Bu, həm də maarifləndirmə çatışmazlığı, sosial müdafiə sisteminin əhatəsizliyi və valideyn məsuliyyətsizliyi ilə birbaşa əlaqəlidir. Məsələnin təhlükəli tərəfi ondan ibarətdir ki, uşaqlar dilənməyə məcbur edildikləri müddətdə həm psixoloji, həm də fiziki zorakılığa məruz qala bilirlər.
Bəzi hallarda ailələr öz övladlarını bilərəkdən küçəyə göndərir. Bu zaman onlar üçün bu "fəaliyyət" gündəlik gəlir mənbəyinə çevrilir. Belə bir mühitdə uşağın təhsilə cəlb olunması, hüquqlarının qorunması mümkünsüzləşir. Halbuki Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Uşaq Hüquqları haqqında Qanuna əsasən, hər bir uşağın inkişaf, təhsil və təhlükəsizlik hüququ qorunmalıdır.
Ekspertlərin fikrincə, bu problemə qarşı yalnız cərimə və reydlər yolu ilə mübarizə aparmaq kifayət deyil. Çünki nəticədə, həmin uşaqlar yenidən küçəyə qaytarılır. Həll yolu daha köklü sosial müdafiə tədbirləri, uşaq və ailə psixoloqları ilə işləmək, valideyn məsuliyyətinin artırılması və hüquqi mexanizmlərin tətbiqi ilə mümkündür.
Eyni zamanda, ictimaiyyətdə bu problemin normal bir hal kimi qəbul olunması da vəziyyəti daha da ağırlaşdırır. İnsanlar dilənən uşaqlara pul verməklə problemi "yüngülləşdirdiklərini" düşünsələr də, əslində, bu davranış həmin uşağın daha uzun müddət küçədə saxlanmasına səbəb olur.
Sosioloq Mətanət Məmmədova:
-Ümumiyyətlə, dilənmək insanlığa yaraşmayan haldır. Əgər vəhşi təbiətdə bütün canlılar gündəlik ruzisini zəhməti ilə əldə edirsə, şüurlu insan yaşadığı cəmiyyətdə nə üçün bunu edə bilməsin.
Uşaqları dilənməyə məcbur etmək isə insan alveridir, onlara qarşı zorakılığın tətbiqidir. Xüsusilə Avropa ölkələrində və qonşu Türkiyədə geniş yayılan uşaq dilənçiliyi mənəvi yoxsulluqdan irəli gələn bağışlanmaz haldır. Bu ölkələrdə uşaqları diləndirmək həm qrup şəklində, həm də valideynlər tərəfindən həyata keçirilir. Onların gündəlik əməyi mənimsənilir, bütün hüquqları pozulur. Belə uşaqların geyimi, gigiyenası hər zaman çox aşağı vəziyyətdə olur. Onlar yazıq görkəm alması üçün bəzən şikəst vəziyyətə də salınır.
Çox təəssüf ki, Azərbaycanda da uşaqların diləndirilməsi vəziyyəti mövcuddur. Və bu, ailə və milli-mənəvi dəyərləri zəngin olan cəmiyyətimizə yaraşmayan haldır.
Uşaqların diləndirilməsi Azərbaycan qanunvericilində cinayət hadisəsi hesab olunur. Hüquq-mühafizə orqanları dilənçiliklə məşğul olanlarla bağlı tədbirlər həyata keçirsə də, lakin gizli şəkildə bu fəaliyyət davam etdirilir.
Hər dəfə məktəbdən yayınan, pal-paltarı cırıq, əl-üzü çirkli uşaqları kimsə əl açması, maşınların qarşısına qaçması mənzərəsi ilə qarşılaşanda adam insanlığa yaraşmayan üçün bu vəziyyət qarşısında əzilir.
Düşünürəm ki, cəmiyyətimizə yaraşmayan bu halla elə bütün cəmiyyəti üzvləri, xüsusilə uşaqlarla, ailələrlə işləyən qurumlar, məktəblər də mübarizə aparmalıdır.. Çünki uşaq dilənçiliyi gələcəyimizin baltalanmasıdır. Hesab edirəm ki, bir uşağa qarşı edilən bu istismar ölkəmizdə böyüyən bütün uşaqlara qarşı edilən haqsızlıqdır. Odur ki, onları dilənməyə sövq edənlər ciddi şəkildə cəzalandırılmalıdır.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov:
-Azərbaycanda uşaqların küçədə diləndirilməsi və bunun nəticəsində təhsildən yayındırılması cəmiyyətin sosial və mənəvi problemlərinin ən ağrılı və təhlükəli formalarından biridir. Son illər Dövlət Statistika Komitəsinin və Ombudsman Aparatının hesabatlarında küçə uşaqlarının dəqiq sayı barədə rəqəmlər olmasa da, hər il onlarla azyaşlının polis orqanlarına, sığınacaqlara və sosial xidmət mərkəzlərinə gətirildiyi qeyd olunur. Bu faktın özü göstərir ki, uşaqların küçədə istismarı geniş yayılmış sosial problemdir və dövlətin, cəmiyyətin və hər bir fərdin qarşısında ciddi çağırışdır.
Uşaqların diləndirilməsi onların uşaq hüquqları haqqında Konvensiyanın, həmçinin "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (maddə 9, 19, 25 və s.) tələblərinin kobud şəkildə pozulmasıdır. Hər bir uşağın yaşamaq, inkişaf etmək, təhsil almaq və təhlükəsiz mühitdə böyümək hüququ var. Uşağın məktəbdən yayındırılıb istismara məruz qalması həm onun gələcəyinə, həm də cəmiyyətin gələcəyinə birbaşa zərbə vurur. Statistika göstərir ki, küçədə böyüyən uşaqların əksəriyyəti ya məktəbə getmir, ya da təhsili tez tərk edir, gələcəkdə isə cinayətkarlıq, asılılıq, zorakılıq və sosial inteqrasiyadan uzaqlaşma kimi problemlərlə üz-üzə qalır.
Küçə uşaqları probleminin yaranmasında əsas səbəblər sosial-iqtisadi çətinliklər, ailədaxili zorakılıq, valideyn nəzarətinin zəifliyi, bəzi hallarda isə təşkil edilmiş cinayətkar qrupların fəaliyyətidir. Təhsil müəssisələrinin bu istiqamətdə profilaktik tədbirləri, icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının monitorinqi, sosial xidmət qurumlarının rolu hələ də kifayət qədər effektiv deyil. Bir çox uşaq məcburən, bəzən isə valideynlərinin təzyiqi ilə dilənçiliyə cəlb olunur, nəticədə, onlar üçün məktəb, inkişaf və normal həyat anlamını itirir.
Dünya təcrübəsi göstərir ki, bu problemi həll etmək üçün yalnız inzibati tədbirlər deyil, kompleks sosial proqramlar, sosial müdafiə və maarifləndirmə siyasəti tələb olunur. Türkiyə, Fransa və digər ölkələrdə uşaq dilənçiliyi ilə mübarizə üçün həm qanuni mexanizmlər sərtləşdirilib, həm də sosial reabilitasiya mərkəzləri, təhsil dəstək proqramları tətbiq olunur. Azərbaycanda da bu sahədə son illər müəyyən addımlar atılsa da, problemin miqyası və nəticələri göstərir ki, mövcud tədbirlər yetərli deyil.
Çıxış yolu kimi, ilk növbədə, uşaqların ailələrinə sosial dəstək və məsləhət proqramlarının, təcili müdaxilə və reabilitasiya xidmətlərinin genişləndirilməsi, təhsil müəssisələrinin bu istiqamətdə monitorinq və məlumatlandırma işinin gücləndirilməsi vacibdir. Uşaqların təhsildən yayınması halları aşkar olunduqda dərhal sosial xidmət orqanlarına və polisə məlumat verilməli, hər bir halda uşaq maraqları qorunmalıdır. Həmçinin, cəmiyyətin diqqətini bu problemə cəlb etmək, uşaq hüquqlarının müdafiəsi barədə ictimai maarifləndirmə tədbirlərini artırmaq mühüm əhəmiyyət daşıyır.
Uşaqların küçədə diləndirilməsi onların gələcəyinə vurulan ən ağır zərbədir və bunun qarşısını almaq həm dövlətin, həm cəmiyyətin, həm də hər bir vətəndaşın mənəvi borcudur. Təhsildən yayındırılan, istismara məruz qalan uşaqların müdafiəsi Azərbaycanın sosial inkişafının, insan kapitalının və milli təhlükəsizliyinin başlıca prioritetlərindən biri olmalıdır.
Sonda qeyd etmək istəyirəm ki, bu gün küçədə gördüyümüz dilənçi uşaq sabah cinayət şəbəkələrinin qurbanı, erkən yaşda məcburi əmək aləti və ya istismarın daha ağır formalarına məruz qalan bir fərd ola bilər. Bu mənzərənin dəyişməsi üçün həm dövlətin, həm də cəmiyyətin birgə səyi vacibdir. Əks halda, biz yalnız bu günkü problemi deyil, sabahın faciəsini də görməzdən gəlmiş olacağıq.
Zeynəb Rzayeva