Daha bir ölkədən Pakistana hücum – Yeni müharibə başlayır?

Əfqanıstanla Pakistan arasında silahlı toqquşma baş verib. Atışma iki ölkənin sərhədində yerləşən və uzun illərdir mübahisəli ərazi hesab edilən Bəhramça məntəqəsində qeydə alınıb. Məlumata görə, Əfqanıstan tərəfi Şimali Vəziristan əyalətindəki sərhəd-keçid məntəqəsini tutmaq üçün hücuma keçib. Sərhəd döyüşləri zamanı 4 pakistanlı hərbçi həlak olub, hücuma keçən qruplaşmanın 6 silahlısı zərərsizləşdirilib.

Əfqanıstanla Pakistan arasında böyük müharibə başlaya bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımovdeyib ki, Əfqanıstanla Pakistan arasında zaman-zaman sərhəd toqquşmaları baş verir:

"Yəni bu, yeni və gözlənilməz hadisə deyil. İki ölkənin sərhəd bölgələrində qaçaqmalçılıq, radikal silahlı qruplaşmaların fəaliyyəti və bəzən də sərhədin dəqiq delimitasiya edilməməsi bu cür insidentlərə səbəb olur. Bu kimi hallarda atışmaların baş verməsi artıq illərin təcrübəsidir.

Pakistanla Əfqanıstan arasında sərhəd - Dürand xətti - 1893-cü ildə çəkilib və bu, hələ də Əfqanıstan tərəfindən rəsmi olaraq tanınmır. Məhz bu hüquqi qeyri-müəyyənlik də zaman-zaman hərbi gərginliklərə zəmin yaradır".

Politoloq hesab edir ki, Pakistanla Əfqanıstan arasında fundamental və dərin siyasi problem yoxdur:

"Əksinə, münasibətlər son illər ərzində bir sıra sahələrdə yaxınlaşıb. Lakin terrorla mübarizə hər iki ölkənin ortaq və davamlı problemidir. Əfqanıstanda fəaliyyət göstərən radikal-terrorçu qruplar zaman-zaman Pakistana sızmağa, orada fəaliyyət göstərməyə cəhd edirlər. Bu isə ciddi narahatlıq doğurur.

Pakistan Silahlı Qüvvələri xüsusilə Tehrik-i-Taliban Pakistan (TTP) kimi radikal qruplara qarşı 2021-ci ildən bəri artan miqyasda hərbi əməliyyatlar keçirir. Bu əməliyyatlar bəzən sərhəddə yerləşən Əfqanıstan ərazilərinə də sıçrayır".

oqtay qasimov 5

Oqtay Qasımov

O.Qasımovun fikrincə, bu kimi qarşıdurmaların genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı son dərəcə azdır:

"İki ölkə arasında diplomatik kanallar daim açıqdır və həm İslamabad, həm də Kabil tərəfi bu cür lokal insidentlərin geniş konfliktə çevrilməsinin qarşısını almaqda maraqlıdır. Əksinə, zaman-zaman birgə hərbi əməliyyatların keçirilməsi bu əməkdaşlığın göstəricisidir.

Pakistan və Əfqanıstan bölgədəki sabitlik üçün əsas aktorlardan hesab olunur. Bu iki ölkə arasında əlaqələrin sağlam platformada davam etməsi yalnız region üçün deyil, beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31