“Bu üçlük Qərbi narahat edən yeni siyasi gücə çevrilir” – Ramiyə Məmmədova – ÖZƏL
30 May 13:03 Siyasət"Bu üçlük - Azərbaycan, Türkiyə və Pakistan - yeni bir siyasi balans yaradır. Bu balans təkcə regionda deyil, eyni zamanda dünya siyasətində də özünü göstərir. Çünki burada iki dövlət Yaxın Şərq dövlətidir - Türkiyə və Pakistan - biri isə Qafqaz dövlətidir - Azərbaycan".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistanın birgə siyasi və hərbi gücü, Qərbin maraqlarına zidd olaraq regionda və dünyada yeni güc balansı formalaşdırır:
"Regionda baş verən bütün proseslər fonunda bu üç ölkənin - güclü ordulara və təsir imkanlarına malik olan Türkiyə və Pakistanın, eləcə də strateji əhəmiyyətə malik olan Azərbaycanın - bir araya gəlməsi yeni bir siyasi gündəmin formalaşmasına səbəb olur. Onları birləşdirən yalnız regional maraqlar deyil, həm də Qərb və Avropa tərəfindən bu ölkələrə qarşı olan qərəzli münasibətlərdir. Yaxın Şərqdəki problemlər və bu dövlətlərin bu problemlərə qarşı tutduğu mövqelər təsadüfi deyil, bu, uzun illərin siyasi təcrübəsinin nəticəsidir. Azərbaycan 30 ilə yaxın bir müddətdə, həm Rusiya, həm də Qərb tərəfindən müəyyən mənada dəstəklənən Ermənistanın işğal siyasətinə məruz qalmışdır. Pakistan isə uzun illərdir Hindistanla davam edən münaqişələrdən zərər çəkmişdir. Bir neçə günlük qarşıdurmalarda belə Qərb, xüsusilə ABŞ, Hindistana açıq şəkildə dəstək verir. Hətta Pakistan bu qarşıdurmalarda öz məqsədinə çatsa da, Qərbin Hindistana verdiyi dəstək, Pakistanı bu münaqişələrdə zəiflətmək məqsədi daşıyırdı. Buna qarşı olaraq, Türkiyə, Azərbaycan və bəzi digər ölkələr Pakistanı dəstəkləyərək Hindistanı geri çəkilməyə vadar etdilər. Digər tərəfdən, Türkiyə regionda getdikcə daha böyük bir aktora çevrilir - həm Yaxın Şərqdə, həm də Qafqazda. Buna baxmayaraq, o da Qərbin daimi təzyiqlərinə məruz qalır. NATO-nun ən güclü ordularından birinə sahib olmasına rəğmən, Türkiyənin inkişafı və irəliləməsi Qərbin, xüsusilə də ABŞ-nin maraqlarına uyğun gəlmir. Bu səbəbdən də bu üç ölkənin bir araya gələrək güclənməsi dünya siyasətində balans pozuntusuna səbəb olur".
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan, Türkiyə və Pakistanın strateji əməkdaşlığı regionda yeni güc balansı yaradaraq həm islamofobiyaya qarşı dayanır, həm də geoiqtisadi və geosiyasi imkanları genişləndirir.
"Bu birlik, həmçinin Yaxın Şərq və Qafqazda qorxu yaradır - təkcə siyasi deyil, həm də iqtisadi və hərbi baxımdan. Çünki bu üç ölkənin birləşməsi, eyni zamanda islamofobiyaya qarşı duran müsəlman dövlətlərinin birliyi kimi də qiymətləndirilə bilər. Onlar həm müsəlman, həm də inkişaf etməkdə olan dövlətlər kimi yeni bir güc mərkəzi formalaşdırırlar. Bu üçlüyün əməkdaşlığı regionun inkişafı üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin açılması, Çinlə münasibətlər və yeni Şərq-Qərb yolunun qurulması baxımından əhəmiyyətlidir. Yeni İpək Yolu ideyası çərçivəsində həm Asiyanı, həm Avropanı birləşdirən yeni logistika xətləri bu ölkələrin ərazisindən keçməklə həyata keçirilə bilər. Çin Pakistan iqtisadiyyatına böyük sərmayələr yatırıb və bu prosesə mane olmaq üçün Hindistanın vasitə kimi istifadə olunması cəhdləri müşahidə olunur. Buna baxmayaraq, bu planlar hələlik nəticə verməyib, çünki bu üçlü tandemin arxasında həm də Çin dayanır və onun da ciddi dəstəyi var. Nəticə etibarilə, bu əməkdaşlıq təkcə siyasi deyil, həm də iqtisadi gücün formalaşmasına səbəb olur. Qərbin bu prosesdən narahat olması da təbiidir. Regionda baş verən inkişaflar və bu ölkələrin artan nüfuzu həm logistik, həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə geniş imkanlar və gələcək vəd edir".
Səidə Ramazanova