Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da inkişaf edəcək — Elşad Həsənov- ÖZƏL 

"Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili ilk rəsmi səfərini Azərbaycana etməsi təsadüfi deyil. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli, strateji əhəmiyyətə malik müttəfiq ölkədir".
Bu fikirləri Olaylar.az- açıqlamasında Politoloq Elşad Həsənov söyləyib. Politoloq bildirib ki,  Azərbaycanla Gürcüstan arasında əlaqələr çox qədim tarixə söykənir və bu münasibətlər bu gün də qorunub saxlanılır:

"Bu münasibətlər illərlə formalaşıb və dərinləşib. Azərbaycan Gürcüstanda böyük maliyyə yatırımları edib, iqtisadiyyatına ciddi dəstək verib. Bu əməkdaşlıq Ulu Öndər  Heydər Əliyev dövründən başlayaraq inkişaf edib. Azərbaycanın enerji resursları Gürcüstan vasitəsilə Avropaya çatdırılır və Gürcüstan bu tranzitdən böyük faydalar əldə edir. Eyni zamanda keçən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkiləri zamanı bəzi xarici ölkələrin xüsusi xidmət orqanları və qeyri-hökumət təşkilatları bu ölkədə "məxməri inqilab" təşkil etməyə, hakimiyyəti dəyişərək öz maraqlarına uyğun bir hakimiyyət formalaşdırmağa çalışdılar. Ancaq Gürcü xalqı "Gürcü Arzusu" partiyasının proqramını dəstəklədi və ona səs verdi. Həmin dövrdə Avropa ölkələri və ABŞ açıq şəkildə bəyan etdilər ki, Gürcüstan hökumətinə ayırdıqları maliyyə vəsaitlərini müxalifətə yönləndirəcəklər ki, müxalifət seçkilərdə üstünlük qazansın. Məqsəd isə Avropayönlü bir hakimiyyət qurmaq və Gürcüstanı Rusiya əleyhinə ikinci cəbhəyə çevirmək idi. Amma Gürcüstan hökumətinin düzgün siyasəti və əhalinin böyük dəstəyi nəticəsində "Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəldi. Gürcü xalqı və orada yaşayan müxtəlif xalqların maraqları qorundu, Gürcüstanın xarici dövlətlər üçün bir plasdarma   çevrilməsinin qarşısı alındı. Bəli, onlar açıq şəkildə bildirdilər ki, əgər Gürcüstan ərazisində Rusiyaya qarşı cəbhə açılarsa, bu balaca ölkə üçün fəlakətli nəticələr doğura bilərdi. Ona görə də xalq bu cəhdlərə qarşı çıxdı. Həmçinin həmin dövrdə Azərbaycan höküməti və  orada yaşayan soydaşlarımız da "Gürcü Arzusu" partiyasına dəstək verdilər və bu şəkildə Gürcüstan böyük bir təhlükədən qurtuldu. Bu səbəbdən də Gürcüstan hakimiyyəti yaxşı bilir ki, onlara ilk dəstək verən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanla Gürcüstan arasında əlaqələr çox qədim tarixə söykənir və bu münasibətlər bu gün də qorunub saxlanılır. Təəssüf ki, bəzi ölkələr bu əlaqələrə xələl gətirməyə, aramıza nifaq salmağa çalışırlar, lakin bu cəhdlər əbəsdir. Prezident Mixail Kavelaşvili Azərbaycana rəsmi səfəri son dərəcə əhəmiyyətlidir. Bu səfər çərçivəsində iki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda regionda sülhün bərqərar olması üçün də danışıqlar aparılacaq. Artıq Antalya Forumunda Ermənistanın xarici işlər naziri də bildirmişdi ki, onlar yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına çalışırlar. Onun sözlərindən belə başa düşülür ki, bu müqavilə Gürcüstanda imzalanacaq. Keçən il Azərbaycan Prezidenti Gürcüstanda olarkən demişdi ki, sülh danışıqları üçün Avropa və ya Amerika ölkələrinə getməyə ehtiyac yoxdur - ən yaxın və münasib yer Gürcüstandır. Gürcüstan həm Azərbaycan, həm də Ermənistan üçün strateji tərəfdaşdır və balanslaşdırılmış siyasət aparmağa çalışır.
Əgər Cənubi Qafqazda sülh əldə olunarsa, bu regionun stabilləşməsi və inkişafı üçün böyük imkanlar yaranacaq. Gürcüstan da bu istiqamətdə fəal iş aparır və hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması üçün təşəbbüslər göstərir. Bu məsələ hələ müzakirə mərhələsindədir. 
Gürcüstanın Azərbaycana bu şəkildə üstünlük verməsi onu göstərir ki, strateji müttəfiqlik daha da möhkəmlənəcək. Bizi birləşdirən çox güclü tellər var - iqtisadi, siyasi və mədəni əlaqələr. Unutmayaq ki, Gürcüstanda, xüsusilə Borçalı bölgəsində yarım milyona yaxın azərbaycanlı yaşayır və onlar da Gürcü cəmiyyətinə uğurla inteqrasiya olurlar. SOCAR-ın təqaüdləri hesabına çox sayda azərbaycanlı tələbə Gürcüstan universitetlərində, o cümlədən Gürcü və İngilis dillərində təhsil alır. Sevindirici haldır ki, azərbaycanlı gənclər tibb, hüquq, mühəndislik kimi mühüm sahələrdə təhsil alır və bir çoxu artıq Tbilisidə çalışır. Digərləri isə doktorantura təhsili üçün Almaniya kimi ölkələrə üz tutur. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da inkişaf edəcək. Bu da bizim strateji hədəfimizdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31