Fransanın "humanitar" təxribatı nəyə hesablanıb?

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Cənab Prezident bununla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq eləmişdi. Söhbət ondan gedir ki, 2020-ci ildəki qələbədən sonrakı dövrdə də biz ermənilərin bu yolla silah daşıdığının şahidi idik. Dəfələrlə bizim ərazimizdə mina daşınaraq basdırıldığını, çoxsaylı insanların minaya düşməsini yaxşı xatırlayırıq. Həmin müddətdə ümumilikdə 300 nəfərə yaxın şəxs minaya düşüb. Bu da kiçik rəqəm deyil. Həmin minalar 2020-ci ildən sonra istehsal olunan minalardır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir: "Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti burada da özünü açıq aydın göstərir. Humanitar" bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Bu mənətəqənin qurulmasında əsas məqsəd isə hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərinin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub".

Xatırladaq ki, ermənidən çox ermənilik edən qüvvələr Laçın keçid məntəqəsinin yaradılmasını həzm edə bilmədiklərindən müxtəlif təxribatlara əl atırlar. Azərbaycana qarşı açıq təxribatda bulunan Fransa bu məsələdə xüsusilə canfəşanlıq edir. Fransadan Xankəndində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə "humanitar" yardım daşınması buna bariz nümunədir. Əmək Hüquqları Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, humanitar missiyanın arxasında siyasət durursa bu artıq humanitarlıqdan çıxır və olur siyasət: "Fransanın məqsədi doğrudan da Qarabağdakı "ac" erməni əhalisinə yardım idisə o zaman TİR-lərin üzərinə Azərbaycan dövlətinin ərazi bütövlüyü əleyhinə yazılar verilməli deyildi. İkincisi, Fransa hakmiyyəti humanitar yük adlandırdıqları yükləri Azərbaycan ərazisinə keçirmək üçün əvvəlcədən razılaşmalar aparmalı, sənəd rəsmiləşdirmələri (viza, beynəlxalq yükdaşımalara dair sənədlər və s.) etməli idi. Üçüncüsü, yükləin Azərbaycanın müvafiq qurumlarının müəyyən etdiyi yollarla daşınmasına razılaşmalı idi. Fransanın məqsədi isə tam başqadır. Elə ediblər ki, özünə hörmət edən dövlət bu yükləri öz suveren ərazisinə buraxmasın. Onların bu "humanitar" provokasiyalarına ən yaxşı cavab isə bizim Xankəndiyə ərzaq yardımı göndərməyimiz oldu. "Türk çörəyi" yemərik deyənlər lazım olanda türk çörəyini gözlərinə də təpirlər. Diversiya edib cinayət törədərək cəzaya məhkum edilən ermənilər, müharibə vaxtı əsir düşən ermənilər bizim çörəyi yemirdi? Sizlər də yeyəcəksiz. Çörək istəməsəniz o zaman 42 nömrə nişanı kodu altında göndərəcəyimizı yeməli olacaqsız".

Hüquqşünas Rövşən Qasımov bildirib ki, Fransanın  soyqırımlar törətmiş bir ölkə kimi haqqı yoxdur haradasa  vasitəçi olsun: "Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Fransa Vyetnamda da çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü. Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. 1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31