Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib

Keçən ilin sonları, cari ilin əvvəllərində cənub qonşumuz İran İslam Respublikasında baş verən daxili siyasi gərginlik rəsmi Tehrandan daha çox deyəsən işğalçı Ermənistanı ciddi şəkildə narahat edib. Əslində Ermənistanın İranla bağlı narahatçılığı da başadüşüləndir. Çünki İslam Respublikası işğalçı Ermənistanın əsas müttəfiqlərindən biri hesab edilir.

Keçən ilin sonları, cari ilin əvvəllərində cənub qonşumuz İran İslam Respublikasında baş verən daxili siyasi gərginlik rəsmi Tehrandan daha çox deyəsən işğalçı Ermənistanı ciddi şəkildə narahat edib. Əslində Ermənistanın İranla bağlı narahatçılığı da başadüşüləndir. Çünki İslam Respublikası işğalçı Ermənistanın əsas müttəfiqlərindən biri hesab edilir. Eyni zamanda İran Ermənistan üçün əsas nəfəslik funksiyasını yerinə yetirir. İşğalçı ölkənin Azərbaycan ərazilərinə təcavüzü səbəbindən üzləşmiş olduğu iqtisadi blokadanın yarılmasında da Tehranın İrəvana dəstəyi əvəzsizdir. İki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə inkişaf edən əlaqələr Ermənistanın ayaqda durması üçün əlverişli fürsətdir. Bir müdət əvvəl İran İslam Respublikası ilə işğalçı Ermənistan arasında Mehridə azad iqtisadi zonanın yaradılması da məhz Tehran-İrəvan əməkdaşlığının bariz nümunəsi sayıla bilər. Bütün bunları nəzərə alan işğalçı ölkə İranda heç bir halda ictimai-siyasi sabitliyin pozulmasında maraqlı deyil. Çünki İslam Respublikasında proseslərin arzuedilməz məcrada inkişaf etməsi və iğtişaşların yenidən qızışması Ermənistanla iqtisadi əlaqələrə də təzirsiz ötüşməyəcək və beləlilklə işğalçı ölkənin iqtisadi durumu getdikcə pisləşəşəcək. Bunu Ermənistan rəhbərliyində aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, müntəzəm olaraq erməni rəsmiləri də İran İslam Respublikasında sabitlik tərəfdarı olduqlarını ifadə edirlər. Ancaq bu heç də Ermənistanın sülh və sabitlik tərəfdarı olduğu demək anlamını vermir. Yalnız öz maraqları naminə Ermənistanda düşünürlər ki, İslam Respublikasında sabitlik hökm sürməlidir. Bu istək və arzu, eyni zamanda narahatçılıq erməni rəsmiləri tərəfindən açıq ifadə edilir. Hətta işğalçı ölkənin rəhbərliyi də bundan yana olduğunu bildirir. Məlumat üçün qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 13-də "Armeniya" televiziyasına verdiyi müsahibədə İranda sülh və sabitliyi şübhə altına salan bəyanat verib. O, bildirib ki, İran bizim üçün dost ölkədir: "İndiki iqtisadi əməkdaşlığın səviyyəsi bizi qane etmir. Nəhəng potensial mövcuddur. Onun reallaşması üçün İranda sülh və sabitlik zəruridir".

Məsələ ilə bağlı mövqeyini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Ermənistan prezidenti Serj Sərkisyanın bu mövqeyi yenidir: "Belə başa düşülür ki, Ermənistanın İranla əlaqələri inkişaf etdirməməsinin səbəbi İranda sülhün və sabitliyin olmamasıdır. Əlbəttə, İranda 2017-ci il ağır il oldu. Amma sosial partlayışlar dekabrın 29-da başladı. Serj Sərkisyanın 15 gün öncədən İranda sülh və sabitliyi şübhə altına alması onun müəyyən xarici dövlətlərlə bu məsələni konkret müzakirə etməsi kimi başa düşülə bilər. Ermənistanın Xarici İşlər Nazirliyi İranda baş verənlərə heç bir münasibət bildirmədi. İranın daxilində baş verənlərə münasibət bildirməyən dövlətlərin sayı çox olsa da, Ermənistanın bu sırada olması paradoksdur. Çünki bu ölkənin prezidenti hətta sammitlərdə az qala İranın məmuru kimi çıxış edirdi". Mərkəz rəhbəri bildirib ki, əksər erməni ekspertləri İrandakı xaosda Azərbaycanın rolunu axtardılar: "Şərqşünas, filologiya elmləri doktoru, İranın milli azlıqlar üzrə qrantlarının əsas istehlakçısı Qarnik Asatryan bir az da qabağa gedərək Bakıda, Azərbaycanın Müdafiə Nazirliyi sistemində İrandakı iğtişaşları qızışdırmaq məqsədilə xüsusi qrupun fəaliyyət göstərdiyini bildirdi. Bütün bunları ümumiləşdirməklə çox maraqlı nəticələr əldə etmək mümkündür. Birincisi, Ermənistan rəhbərliyi İrandakı xaosdan əvvəlcədən məlumatlı imiş. İkincisi, Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib. İranın Azərbaycana ehtiyatlı, Ermənistana isə xoş münasibəti bəllidir. Ermənistanın İsraillə artan rəsmi əlaqələrinə İranın müsbət yanaşması hər şeyi deyir. Ola bilər bu bir qrup İran səlahiyyətlisinin fəaliyyətidir. Amma bu fəaliyyət bütün İranın mövqeyi kimi görünür". Mübariz Əhmədoğlu deyib ki, İranda sosial-gərginlik çoxdan mövcud idi: "Amma bunun Birləşmiş Ştatların Ermənistandakı səfirliyinin İranla əlaqələri aktiv müzakirə etdiyi və İsrail-Ermənistan rəsmi əlaqələrinin intensivləşdiyi dövrə düşməsi təsadüfi deyil. Xüsusi olaraq qeyd edək ki, bu dövr ərzində heç bir xarici dövlət Azərbaycanda İran mövzusunu aktuallaşdırmayıb. Əksinə, Azərbaycanın Myanma, Qüds və İranın daxilində baş verənlərlə bağlı rəsmi mövqeyi İranda təqdir olunub".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31