Gəl, sənə bir həzin şeir oxuyum...

Gəl, sənə bir həzin şeir oxuyum, dəfələrlə olub ki özüm özümə, yaxud dostuma,incik saldığım kimsəmin könlünü oxşamağa bu misranı, bu ifadəni təkrar edəm: Gəl sənə bir həzin şeir oxuyum...
Şeir həzinliklə oxunanda daha gözəl olur, ürəkdən səslənındı ürəklərə yol tapa bilir.  
Şeir mənim üçün bir layladır, desəm ifrata varmaram, yanlış olmaz... 
Əlbəttə, həzin bir şeir,əlbəttə ürəkdən yazılan, dinlədikcə bizim tərəflərdə deyildiyi kimi, ürəkdən tikan çıxaran şeir və əlbəttə ki, Sona xanım Vəliyevanın təbirincə desək,
Bu da bir fürsətdir ələ düşməyən,
Sözlərin mələklər göydəngətirən.
Min ildir heç kimə söylənilməyən, -  dediyi kimi həzin bir şeir ola.
Əsl şeir, "Səhra istisində kölgə gəzəntək", gəzilir,
oxunur, qəlblərdə yuvasını tapır, yaddaşa köçür. Belə şeirləri "Tanrı göndəribdir dərman, dad kimi", deyib də, həya edib, gəl məni qınama, "Min bir gecədəki" çar-naçar qalan Şəhrizad
kimi həzin bir şeir demək keçdikcə könüldən əsir düşürsən, necə də gözəldir belə əsir düşmək, ruha, duyğuya təslim olmaq, şeirin zərif toxunuşlu misraları qədər bir birinə bağlandığı kimi həzin səslənən şeirdən gələn hislərə bağlanmaq.
Bilmirəm heç, bu ifadəm doğrudurmu, əziz oxucu, şeir insanın içinə hopur,  ruhuna çilənir, rahatlanırsan və şairin
misralarında özünü görürsən: 
İçim çiçəkləyən badam ağacı,
Tanrı möcüzəsi, ruh ehtiyacı - olan misraları pıçıldayırsan:
 Gəl sənə bir həzin şeir oxuyum...
Unudulan ağrı-acı... hələ pöhrəsi duyulan, özü görünməyən sevincə tərəf boylanasan, kipriklərin həzin bir şeirin misraları kimi düzülə, saf göz yaşı həzin bir şeirin hecalarına dönə... və ətrafdakı "boşluq".  Yenə də təsəllini şeirdə tapasan:
Hamıdan vəfalı içimdəki "mən",
Qəmimi ovudar, dərdimi bölər.
Özüm öz qəlbimin qadasın alım,
Məni misra-misra təzdən göyərdər.
Niyə? Çünki:
 Hamı gələr, gedər, odur həyanım,
Hər sözü, hər dərdi hamı anlamaz.
Düz demir ki? Dəfələrlə edilən gileylərin içində bu ifadə öz əksini tapmır ki? Dəfələrlə müşahidə etməmişik, görməmişik, eşitmənişik ki, içimizdəki, gizlində saxladığımız "MƏN"imiz hissimiz,-
Küsülər, qayğılar ömrü əyəndə,
Ruhuma bir məhrəm sığal gətirər.
Bir sözdən dolanda göz yaşlarımı,
Gözümdən öpərək, içinə çəkər,- ? 
Görmüşük, yaşamışıq axı. Bu zərif çiyinlərində, kövrək, həzin ürəyində həzin olduğu qədər də ağır hissləri gəzdirən şairimiz  şeirlərində etiraf edir, deyir ki, labrintə düşüb fikirlər aləmində dolaşıq qalanda,
Yağışdan, doludan, ömrün qışından
Mənim sığındığım güvən yerimdi.
Səhra yolçusu tək susuz yananda,
Xızır duasında su sərnicimdi...
Və hökm, yadasalma, xatırlatma, özünə qayıdış və inamlı olmağın ifadəsi:
 Mən sənə, o vaxtlar demişdim axı...:
...Qəlbin küsüsündən göyərən giley,
Sükutun dilində sözə çevrilər...
Sona xanımın "Özümə etiraf" şeirinin hər misrasında tanış notlar, yaşantılar var. Hər kəsin tanımadığı, bəzən özümüzn belə güvənib bölüşmədiyimiz içimizdəki xəlvət yerdə məkanlaşan "MƏN"imiz yaddaşımızda bərpa olunur:
İçimdəki sirdaş, içimdəki dost,
Kədərimi bölər, sevincə qıymaz.
Xanım əfəndimizin şeirlərinin mənə doğmalığını, ruhuma yaxın olmasını  bir neçə dəfə etiraf etmişəm, bunu yazdığım yazılarla sübutlamışam.
Şeirlərindəkitanış təsvirlər, rəssam baxışların fırça kimi kətan üzərinə enməsi, misralardakı viziulllıq ekrandan seyr edirmişəm kiçi gözlərim özündədir, -

Pəncərəsi sınıq, qapısı bağlı
Bu evin sonuncu sakini hanı?
Yağış navalçayla ağı söyləyər,
Ağlayar evlərin tənhalığını - çox görmüşəm, bu tənhalığa çox qapılmışam, babamın, nənəmin, ata-anamın ayaq izlərini,
nəfəslərini özləmişəm, özünə acığım gəlib.. içimdə təəssüf də olub, kədər də, ruhumda sərgərdanlıq da. Yenə də Sona xanımın misraları ilə düşüncə ifadə olunub:
Dəli-dolu oğlu bu xan ocağın
Qürbətə səpilən ömür hayında.
Göz açıb görər ki, qəlbindəki yol
Tərsinə döndərib qatarları da.
Bu misralardakı görüntü isə öz həyatımda yaşanıb;
Doğmalarım deyirdi ki, sən "gedəndəndən" sonar bir cüt qumru, yoxsa alabaxtamı,  həyət qapısından içəridə, darvazanın üst qatında  yuva qurdu. Sən gələn günün səhəri uçub getdilər. Eynən Sona xanımın İspaniyanın cənub bölgəsində görüb də duğulanıb yazdığı "Tərk edilən evlər" şeerindəki bu misralarda olduğu kimi:
Bir cüt qumru quşu eşq timsalıtək,
Tərk edilən evdə yuvasın qurub.
Bu günümü də belə yaşadım, Tanınmış, sevdiyim şair, əsl xanım-xatın bir Azərbaycan xanımının şeirlərinin əhatəsində, sanki,  səsini eşitdim. Həmişə dediyi müraciətlə:
Faiq, qardaşım Gəl sənə bir həzin şeir oxuyum..
Gəl, sənə bir həzin şeir oxuyum...
Faiq Balabəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31