“Müəllimlik insanın dünyagörüşünə toxunmaqdır” -Şəfiqə Tahirova- Müsahibə
11:10 Sosial- Müəllimlik yalnız bilik öyrətməkdən ibarət olan bir peşə deyil. Bu sahəni seçən insan eyni zamanda gənc nəslin dünyagörüşünün, düşüncə tərzinin və şəxsiyyətinin formalaşmasında müəyyən məsuliyyət daşıyır. Müəllimin auditoriyada söylədiyi bir fikir, tələbəyə yanaşması, ona verdiyi istiqamət və göstərdiyi münasibət bəzən illər sonra belə öz təsirini göstərə bilir. Bu baxımdan pedaqoji fəaliyyət həm bilik, həm də insan amilini özündə birləşdirən xüsusi bir sahədir.
- Şəfiqə Tahirovanın peşə yoluna nəzər saldıqda da müəllimlik və elmi fəaliyyətin onun həyatında bir-birindən ayrı istiqamətlər kimi deyil, paralel inkişaf edən iki mühüm xətt kimi formalaşdığını görmək mümkündür. Onun üçün təhsil sahəsi yalnız dərs demək və elmi fəaliyyət isə yalnız araşdırma aparmaqla məhdudlaşmır. Bu iki istiqamət insanı öyrənmək, onun inkişafına təsir göstərmək və cəmiyyət üçün faydalı bilik yaratmaq baxımından bir-birini tamamlayan sahələrdir.
- Elmi fəaliyyət insanın yalnız müəyyən mövzu üzrə biliklərini genişləndirmir, eyni zamanda ona hadisələrə daha fərqli baxış bucağından yanaşmaq imkanı verir. Pedaqoji fəaliyyət isə əldə olunan nəzəri biliklərin insanlarla ünsiyyətdə, tədris prosesində və gənc nəslin formalaşmasında necə tətbiq olunduğunu göstərir. Məhz bu baxımdan həm müəllim, həm də tədqiqatçı kimi fəaliyyət göstərən insanların təcrübəsi təhsil və elm arasındakı əlaqənin daha aydın görünməsinə imkan yaradır.
- Şəfiqə Tahirovanın fəaliyyətində elmi araşdırmalarla yanaşı, beynəlxalq akademik əlaqələr də xüsusi yer tutur. Müxtəlif elmi tədbirlərdə iştirakı, fərqli ölkələrin akademik mühiti ilə tanışlığı və xarici həmkarlarla əməkdaşlığı onun peşə fəaliyyətinin coğrafiyasını genişləndirən amillərdəndir. Belə təcrübə insanın yalnız öz sahəsinə deyil, bütövlükdə təhsil və elmə münasibətini də zənginləşdirir. Lakin bir müəllimin fəaliyyətini yalnız elmi göstəricilər və peşə nailiyyətləri ilə ölçmək kifayət deyil. Çünki müəllimlikdə insan amili hər zaman ön plandadır. Tələbəni dinləmək, onun potensialını görmək, inkişafına düzgün istiqamət vermək və təhsili yalnız bilik əldə etmək prosesi kimi deyil, şəxsiyyətin formalaşması baxımından qiymətləndirmək bu peşənin mahiyyətini müəyyənləşdirən əsas məqamlardandır. Bu gün təhsil və elm sürətlə dəyişən bir mühitdə fəaliyyət göstərir. Rəqəmsal texnologiyalar, süni intellekt və yeni tədris imkanları müəllim qarşısında yeni suallar və məsuliyyətlər yaradır. Belə bir dövrdə ənənəvi pedaqoji dəyərlərin qorunması, insan amilinin diqqətdə saxlanılması və müasir imkanlardan düzgün istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.
- Məhz bu istiqamətlərdən çıxış edərək Azərbaycan Dillər Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirova ilə onun müəllimlik və elm yolundan, peşə fəaliyyətinə təsir edən amillərdən, beynəlxalq akademik təcrübəsindən, insan və şəxsiyyət amilinə münasibətindən, eləcə də müasir təhsilin qarşısında dayanan yeni çağırışlardan söhbət etdik.
-Müəllimlik və elm yolunu seçməyinizə hansı amillər təsir edib və bu seçim illər sonra həyatınızın əsas istiqamətinə necə çevrilib?
-Müəllimlik və elm yolunu seçməyim təsadüfi qərar olmayıb. Hələ gənclik illərindən insanın formalaşmasında təhsilin, müəllimin və mənəvi tərbiyənin nə qədər mühüm rol oynadığını dərk etmişəm. Müəllimlik mənim üçün yalnız bir peşə deyil, insanın dünyagörüşünə, mənəvi aləminə və gələcəyinə təsir göstərmək, onun həyatında müəyyən iz buraxmaq imkanıdır. Zaman keçdikcə pedaqoji fəaliyyətə olan marağım elmi axtarışlarla daha da zənginləşdi. Təlim prosesində qarşılaşdığım müxtəlif suallar məni araşdırmağa, öyrənməyə və yeni elmi nəticələr əldə etməyə sövq etdi. Beləliklə, müəllimlik və elm həyatımda paralel inkişaf edən iki fəaliyyət sahəsi olmaqdan çıxaraq bir-birini tamamlayan vahid bir istiqamətə çevrildi.
Bu yolda mənim elmi rəhbərim, pedaqogika elmləri doktoru, professor Fərahim Balakişi oğlu Sadıqovun xüsusi rolu və böyük dəstəyi olub. Fərahim müəllimin verdiyi elmi istiqamətlər, dəyərli məsləhətləri, doktorantlarına və dissertantlarına göstərdiyi inam hər bir doktorant və dissertant üçün daim böyük mənəvi və elmi dayaq olub.
Bu gün geriyə baxanda düşünürəm ki, seçdiyim yol həyatımın mənasını müəyyənləşdirən əsas amillərdən biridir. İllər ərzində yazdığım elmi əsərlər, apardığım tədqiqatlar, tələbələrə və gənc tədqiqatçılara verdiyim bilik və təcrübə bu yolun nə qədər mənalı və məsuliyyətli olduğunu bir daha təsdiqləyir.
-Uzun illər ərzində həm pedaqoji, həm də elmi fəaliyyətlə məşğul olan bir mütəxəssis kimi, bu iki sahənin bir-birini necə tamamladığını düşünürsünüz?
-Mənim üçün pedaqoji və elmi fəaliyyət bir-birindən ayrı anlayışlar deyil. Əksinə, bu iki istiqamət daim bir-birini tamamlayır. Müəllimlik mənə insanları, onların düşüncə tərzini, ehtiyaclarını və inkişaf imkanlarını daha yaxından tanımaq imkanı verir. Elmi fəaliyyət isə bu müşahidələri sistemləşdirməyə, təhlil etməyə və elmi nəticələrə çevirməyə şərait yaradır.
Digər tərəfdən, elmi araşdırmalarım pedaqoji fəaliyyətimə də ciddi təsir göstərib. Elmdə əldə etdiyim yeni yanaşmaları təlim prosesinə gətirməyə, tələbələrə yalnız hazır bilik verməklə kifayətlənməyərək onları düşünməyə, araşdırmağa və müstəqil nəticə çıxarmağa istiqamətləndirməyə çalışmışam. Mən hesab edirəm ki, yaxşı müəllim daim öyrənən və araşdıran müəllimdir. Alim isə öz elmi nəticələrini gənc nəslə çatdırmağı bacardıqda elmin davamlılığını təmin edir. Buna görə də pedaqogika ilə elmi fəaliyyət mənim üçün vahid yaradıcılıq, axtarış və xidmət yoludur.
Elmi fəaliyyətiniz ərzində çoxsaylı elmi əsərlərin müəllifi olmusunuz, müxtəlif ölkələrdə elmi əməkdaşlıqlarda iştirak etmisiniz, eləcə də xarici universitetlərdə tələbələrə dərs demisiniz. Bu zəngin akademik təcrübə sizə elm və təhsilin fərqli mühitlərini müqayisə etmək baxımından nə qazandırıb?
Elmi fəaliyyətim ərzində müxtəlif ölkələrdə keçirilən beynəlxalq və respublika səviyyəli elmi konqres və konfranslarda iştirak etmək, xarici həmkarlarla əməkdaşlıq və fikir mübadiləsi aparmaq, eləcə də xarici universitetlərdə tələbələrlə tədris fəaliyyəti ilə məşğul olmaq mənim üçün böyük təcrübə məktəbi olub. Bu təcrübə mənə elmin sərhəd tanımadığını, müxtəlif ölkələrdə və fərqli akademik mühitlərdə eyni elmi məqsədlərə müxtəlif metod və yanaşmalarla nail olmağın mümkünlüyünü göstərib.
Xarici akademik mühitlərlə tanışlıq zamanı diqqətimi cəlb edən əsas məqamlardan biri tələbənin müstəqil düşünməsinə, tədqiqat aparmasına, sual verməsinə və öz fikrini əsaslandırmasına verilən önəmdir. Bu təcrübələr mənim pedaqoji və elmi baxışlarımı da zənginləşdirib.
Eyni zamanda beynəlxalq əməkdaşlıqlar mənə Azərbaycan elminin və pedaqoji fikrinin imkanlarını daha geniş müstəvidə təqdim etmək, öz elmi nəticələrimi müxtəlif ölkələrdən olan həmkarlarla bölüşmək imkanı yaradıb. Buna görə beynəlxalq təcrübəni yalnız müqayisə vasitəsi deyil, həm də qarşılıqlı öyrənmə, əməkdaşlıq və elmi zənginləşmə məktəbi hesab edirəm.
-İnsan, onun mənəvi dünyası və şəxsiyyət kimi formalaşması üzərində apardığınız araşdırmalar, eləcə də beynəlxalq müstəvidə qazandığınız təcrübə zaman keçdikcə insanlara və cəmiyyətə münasibətinizi necə dəyişib?
-İnsan və şəxsiyyət məsələləri üzərində apardığım araşdırmalar, eləcə də beynəlxalq akademik mühitlərdə qazandığım təcrübə mənə bir həqiqəti daha dərindən dərk etməyə imkan verib: insanı yalnız biliyi və peşəsi ilə deyil, onun mənəvi keyfiyyətləri, dünyagörüşü, dəyərləri və cəmiyyətə münasibəti ilə birlikdə qiymətləndirmək lazımdır.
İllər ərzində apardığım tədqiqatlar göstərib ki, təhsil insanın yalnız intellektual inkişafına deyil, həm də onun mənəvi və sosial formalaşmasına xidmət etməlidir. Buna görə də müəllimin vəzifəsi yalnız bilik verməkdən ibarət deyil. Müəllim, əslində, şəxsiyyət yetişdirir və onun sözü, davranışı, münasibəti gənc insanın həyatında uzun illər, bəzən isə ömür boyu iz buraxa bilər.
Bu araşdırmalar insanlara münasibətimi də daha həssas və anlayışlı edib. Düşünürəm ki, hər bir insanın özünəməxsus daxili dünyası, potensialı və inkişaf imkanları var. İnsanların bu potensialını üzə çıxarmaq üçün düzgün istiqamətləndirmə, etimad, səbr və mənəvi dəstək mühüm əhəmiyyət daşıyır.
-Müasir təhsil və elm qarşısında süni intellektdən tutmuş rəqəmsal transformasiyaya qədər çoxsaylı yeni çağırışlar var. Sizcə, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə müəllimin və alimin əvəzolunmaz xüsusiyyəti nə olaraq qalır?
-Müasir texnologiyalar, xüsusilə süni intellekt, təhsil və elm qarşısında yeni imkanlarla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya qoyur. Bu gün informasiya əldə etmək əvvəlki dövrlərlə müqayisədə daha asandır. Lakin informasiya ilə bilik, biliklə isə müdriklik eyni anlayış deyil.
Mən düşünürəm ki, texnologiya nə qədər inkişaf etsə də, müəllimin və alimin əsas üstünlüyü insanı anlamaq, düşünmək, düzgün istiqamət vermək və mənəvi dəyərləri qorumaq bacarığında qalacaq. Süni intellekt böyük həcmdə informasiyanı sürətlə təhlil edə və təqdim edə bilər. Lakin insanın daxili aləmini, hisslərini, mənəvi məsuliyyətini və şəxsiyyət kimi inkişaf ehtiyaclarını müəllim kimi dərk etməsi mümkün deyil. Ona görə də mən texnologiyanı müəllimin rəqibi deyil, onun imkanlarını genişləndirən mühüm vasitə hesab edirəm. Əsas məsələ texnologiyadan necə və hansı məqsədlə istifadə etməkdir.
Müasir müəllim rəqəmsal bacarıqlara malik olmaqla yanaşı, özünün ən mühüm xüsusiyyətlərini -insanpərvərliyini, yaradıcılığını, tənqidi düşüncəsini və mənəvi məsuliyyətini qorumalıdır. Çünki texnologiya inkişaf etdikcə insan amilinin əhəmiyyəti, əslində, daha da artır.
-Qarşıdakı illərdə elmi və pedaqoji fəaliyyətinizdə hansı istiqamətlərə üstünlük verməyi, hansı yeni ideya və layihələri həyata keçirməyi düşünürsünüz?
-Qarşıdakı illərdə də elmi və pedaqoji fəaliyyətimi davam etdirmək, uzun illər ərzində topladığım təcrübəni yeni tədqiqatlarla zənginləşdirmək əsas məqsədlərimdəndir. Xüsusilə müasir təhsilin inkişafı, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi, şəxsiyyətin formalaşması, peşəkar inkişaf və akmeoloji yanaşmalar istiqamətində araşdırmalarımı genişləndirmək niyyətindəyəm.
Müasir dövrün əsas tələblərindən biri təhsil prosesində innovativ texnologiyalardan, rəqəmsal imkanlardan və süni intellektdən səmərəli istifadə etməklə yanaşı, insan amilini ön planda saxlamaqdır. Bu baxımdan gələcək tədqiqatlarımda ənənəvi pedaqoji dəyərlərlə müasir innovativ yanaşmaların vəhdətinə xüsusi diqqət yetirmək istəyirəm.
Digər mühüm istiqamətim gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq elmi əməkdaşlıqlarının genişləndirilməsidir. İllər ərzində əldə etdiyim bilik və təcrübəni yalnız özümdə saxlamaq istəmirəm. Mənim üçün elmi fəaliyyətin ən böyük mənası ondan ibarətdir ki, insanın yaratdığı elmi irs ondan sonra da elmə, təhsilə və cəmiyyətə xidmət etsin.
Buna görə qarşıdakı illərdə də yazmaq, araşdırmaq, öyrətmək və gənc nəslə yol göstərmək mənim əsas prioritetlərim olaraq qalacaq.
Zeynəb Mustafazadə