Qarabağ səfəri ilə dünyaya verilən mesaj: “Bu torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır”- ÖZƏL

" Hikmət Hacıyevin  diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağ səfəri və burada görülən işlərin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələrə göstərilməsi çox mühüm bir hadisədir.
Prinsip etibarilə, biz müharibə dövrünü geridə qoymuşuq. Hazırda danışıqlar prosesi uğurla davam edir. Sərhədlərin delimitasiya və demarkasiya prosesi də sülh çərçivəsində aparılan bir prosesdir və orada da uğurlu nəticələrin şahidi oluruq. Lakin bütün hallarda xarici siyasətdə gedən proseslərin daxildəki təzahürü göstərilməlidir. Yəni sabitliyin də gətirdiyi şərait nəticəsində Azərbaycan bərpa-quruculuq işlərini sürətlə görür. Əslində, çox qısa bir zamanda, 37 il işğaldan danışırıq, 30 ildən artıq bir işğalın təzahürlərini biz çox qısa zamanda aradan qaldırmağa çalışmışıq və artıq bir çox kəndlərdə dağıdılmış yaşayış məskənləri bərpa edilib, böyük şəhərlərin təmin edilməsi prosesi gedibdir". 

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib: 

"Bu gün artıq Şuşada, Xankəndidə, faktiki olaraq Laçında, hətta Kəlbəcərdə belə faktiki olaraq yaşayış var, Xocalıya həyat qayıdıb. Minalanmış ərazilərin təmizlənməsi davam edir və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdır. Burada çox böyük işlər görülüb. Hətta mən deyərdim ki, 30 il işğalın təzahürləri qısa zamanda böyük əsasda qaldırılıb. Azərbaycan burada birinci növbədə mesaj verir ki, bu torpaqlar Azərbaycanın əzəli və əbədi torpaqlarıdır və işğal dövrü ilə işğal sonrakı dövr arasında çox böyük fərq var. Bu, əslində, torpağın mülkiyyət haqqı və beynəlxalq hüquq sahəsində qanunverən bir növ təsdiqidir.
Baxın, o nümayəndəliklər arasında, diplomatlar arasında zamanında Qarabağa gəlməyə çəkinənlər də vardır. Amma biz bu gün artıq hər kəsin rahat gəlib getdiyini görürük. Görürük ki, siyasi konfliktlər, siyasi maneələr və çəkişmələr aradan qalxıbdır. Artıq vaxtilə Ermənistanın yanında olan qüvvələr belə bu gün Qarabağa səfər edir və Azərbaycan torpaqlarında Azərbaycan qonaqpərvərliyinin, Azərbaycan mədəniyyətinin şahidi olur. Hesab edirəm, bu tip səfərlər dost ölkələr üçün güvən və sevinc mənbəyi, vaxtilə Ermənistanın yanında yer alan ölkələr üçün isə əslində simvolik mesajdır-"siz elə-elə bu torpaqlara gəldiniz və biz bu torpaqların kimə aid olduğunu göstərdik".  Azərbaycan qonaqpərvər ölkədir, Azərbaycan sülh və əmin-amanlığın tərəfdarı olan ölkədir.
Azərbaycanın diplomatiyası da hər zaman dostlarına, rəqiblərinə qarşı bu istiqamətdə olubdur. Bizim əbədi düşmənçilik və kin kimi bir xüsusiyyətimiz yoxdur. Ona görə hesab edirəm ki, bu səfərlər hələ artacaqdır. Azərbaycanın gördüyü işlərlə, əslində, bu dövlətlərə çatdırılaraq bu ölkələrə göstərir ki, təhlükəsiz bir  coğrafiyayıq artıq. Bu, həm də gələcək investisiya axınının artması üçün böyük bir stimul və motivasiya mənbəyidir. Hər halda, bu diplomatik nümayəndəliklərin səfər sonrası ölkələrinə müvafiq bülletenlər göndərilər və məruzə edirlər ki, bu səfərdə bunlar oldu, bu səfərlərdə əslində Azərbaycan bu işləri görübdür. Və bu, eyni zamanda həmin ölkələrin böyük şirkətlərinin, həmin ölkələrin şirkətlərinin investorlarının diqqətini Azərbaycanın gəlib bərpa prosesində və ümumiyyətlə investisiya yatırılmasında çox böyük təsir göstərəcəyi demək mümkündür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31