Rusiya və Türkiyə “3+3” formatının fəaliyyətində maraqlıdır-Cənubi Qafqazda nə baş verir?- ÖZƏL

Rusiya və Türkiyə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə "3+3" Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlıdır. Moskva və Ankaranın XİN-lərarası məsləhətləşmələrində Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bölücü xətlər yarada biləcək xarici təşəbbüslər yolverilməz hesab edilib. Tərəflər Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən "3+3" formatının müntəzəm fəaliyyətinin vacibliyini vurğulayıblar.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" "3+3" platforması Rusiya üçün, ilk növbədə, Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturasının region ölkələri və onlara qonşu dövlətlərin iştirakı ilə formalaşdırılması baxımından əhəmiyyətlidir.
Burada əsas ideya ondan ibarətdir ki, Cənubi Qafqazın üç ölkəsi və üç  qonşu dövlət vahid platformada əlaqəli və koordinasiyalı şəkildə sıx əməkdaşlıq edir. Bu da regional problemlərin region dövlətləri tərəfindən həlli prinsipinin institusional ifadəsidir. Bu yanaşmaya görə, regiondankənar qüvvələr prosesdən mümkün qədər kənarda saxlanılır.
Lakin son illərdə regionda yeni reallıqlar formalaşıb. Müəyyən güc mərkəzləri öz təsirlərini artırıb, əvvəllər Cənubi Qafqazda daha güclü mövqeyə malik olan bəzi aktorların təsir imkanları isə nisbətən zəifləyib. Rusiya da gələcək perspektivdə region ölkələri ilə münasibətlərini qorumağa və "3+3" platformasından bu baxımdan faydalanmağa çalışır.
Eyni zamanda, ABŞ və Avropa İttifaqı son illərdə regionun təhlükəsizlik və siyasi proseslərində daha fəal iştirak etməyə başlayıb. Bu isə təbii olaraq Rusiyanın maraqları ilə uzlaşmır.
Bununla yanaşı, "3+3" formatını yalnız Rusiyanın maraqları çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Bu platforma Türkiyə, Azərbaycan və digər region ölkələri arasında əlaqələrin, o cümlədən nəqliyyat və iqtisadi əməkdaşlığın inkişafına xidmət edə biləcək mexanizmdir. Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdə baş verən gərginliklər və münaqişələr fonunda Orta Dəhliz və digər alternativ nəqliyyat marşrutlarının inkişafı xüsusi əhəmiyyət qazanıb. Regionda yeni dəhlizlərin və nəqliyyat bağlantılarının formalaşması artıq yeni reallıqdır.
Təbii ki, region ölkələri kənar qüvvələrin Cənubi Qafqazda təsir imkanlarını artırmasını heç də həmişə öz maraqlarına uyğun hesab etmirlər. "3+3" platformasının formalaşması da bu baxımdan regional əməkdaşlığın təşviqinə xidmət edən təşəbbüslərdən biridir və Azərbaycanın da bu prosesdə mühüm təşəbbüskar rolu olub.
Platformanın gələcəkdə daha da güclənməsi, əlbəttə, üzv ölkələrin atacağı addımlardan asılıdır. Ayrı-ayrı ölkələr arasında mövcud olan narazılıqlar və fikir ayrılıqları platformanın effektivliyinin tam şəkildə ortaya çıxmasına müəyyən maneələr yaradır. Əgər bütün ölkələr, o cümlədən Rusiya "3+3" platformasının effektiv və işlək mexanizmə çevrilməsində maraqlıdırsa, mövcud narazılıqları və fikir ayrılıqlarını da nəzərə almalıdırlar.
İstənilən halda Rusiya özünə rəqib hesab etdiyi böyük güclərin regionun yaxınlığında, xüsusilə də Cənubi Qafqazda təsirlərini artırmasını istəmir. Burada əsas məqamlardan biri ABŞ və Avropa İttifaqının, xüsusilə Ermənistan vasitəsilə, regiondakı fəallığının artmasıdır. Rusiya bu prosesi müsbət qiymətləndirmir və imkanları çərçivəsində öz mövqelərini qorumağa və regional proseslərdə təsir imkanlarını saxlamağa çalışır.
Azərbaycanın xarici siyasəti baxımından isə "3+3" formatının əhəmiyyəti regionda qarşılıqlı əməkdaşlığın, kommunikasiyaların və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlıdır. Azərbaycanın əsas yanaşması regional məsələlərin region dövlətlərinin iştirakı ilə, qarşılıqlı hörmət və milli maraqlar nəzərə alınmaqla həll edilməsidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31