İranın Zəngəzur narahatlığı: ABŞ qüvvələrinin bölgəyə gəlişi nə vəd edir?- ÖZƏL
16:59 Siyasətİran Zəngəzur dəhlizinin təhlükəsizliyinin Ermənistan ordusu və ya Ermənistanda yerləşən üçüncü ölkə qüvvələri tərəfindən təmin edilməsini tələb etməklə ABŞ hərbçilərinin İran sərhədləri yaxınlığında yerləşdirilməsinin qarşısını almağa çalışır.
İranın bu tələbinin arxasında hansı təhlükəsizlik və geosiyasi məqsədlər dayanır və ABŞ qüvvələrinin mümkün iştirakı regiona necə təsir edə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Burada əsas məsələ İranın həmin dəhlizin tərəfi olmamasından daha çox, İran-Ermənistan sərhədində ABŞ-ın institusional təhlükəsizlik iştirakının yaranmasına qarşı narahatlığıdır.
İran Ermənistan sərhədində Rusiya və yaxud regiona aid digər ölkələrin hərbi qüvvələrinin olmasını qəbul etsə də, bunu ciddi təhdid kimi qiymətləndirmir. Lakin ABŞ-nin orada olmasını təhdid hesab edir. Çünki hazırda ABŞ və İran arasında gərginlik davam edir və bu vəziyyət İranın təhlükəsizlik narahatlıqlarını daha da artırır.
Amerikanın təsir imkanlarının artması İranın regional manevr imkanlarını da məhdudlaşdıra bilər. Çünki İranın regiondakı əsas tərəfdaşlarından birinin Ermənistan olduğu bəllidir.
Burada kəşfiyyat məsələləri də çox önəmlidir. Hazırkı münaqişə fonunda ABŞ-nin Ermənistan ərazisində, İran sərhədinə yaxın bölgələrdə logistika, rabitə, müşahidə və təhlükəsizlik imkanları əldə etməsi Tehranda narahatlıq yaradır. İran bunu potensial təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu narahatlığını açıq şəkildə ifadə edir.
Digər məqam isə Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin İranı yan keçən strateji dəhlizə çevrilməsi ehtimalıdır. Belə bir marşrutun reallaşması İranın regiondakı tranzit və siyasi çəkisini azalda bilər. Bu baxımdan Tehran özünü bu prosesin potensial itirən tərəfi kimi görür.
Düşünürəm ki, Amerika dəhliz məsələsində təhlükəsizlik nəzarəti mexanizminin yaradılması ilə regionda uzunmüddətli sabitliyin təmin olunmasına çalışır. Məqsəd ondan ibarətdir ki, gələcəkdə həmin dəhlizdə də təhlükəsizlik və sabitlik qorunsun. Əks halda ABŞ-nin də iştirak etdiyi bu layihə təhlükəsizlik baxımından o qədər də effektiv olmaz.
Ona görə də dəhliz məsələsində tərəflərin dəqiqləşdirmələr aparması prosesi ABŞ-ni İranla mümkün razılaşmaları çərçivəsində də nəzərdən keçirilir. Lakin Vaşinqton bu prosesdən öz maraqları baxımından mümkün qədər gəlirli çıxmaq niyyətindədir".
Zeynəb Mustafazadə