Diplomatların Qarabağ səfərləri: Tarixi həqiqətlərin bərpası və Azərbaycanın sülhsevər imici – ÖZƏL
18:46 SiyasətHikmət Hacıyevin sözlərinə görə, son altı ildə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri ərazilərin simasını əhəmiyyətli dərəcədə dəyişib. O bildirib ki, diplomatik korpus nümayəndələri ilə Qarabağa 22-ci səfər zamanı bölgədə yeni nailiyyətlərin və həyatın yenidən canlanmasının şahidi olublar.
Xarici diplomatların bölgəyə səfərləri Azərbaycanın Qarabağla bağlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından nə dərəcədə əhəmiyyətlidir?
"Şərqi Zəngəzurda və Qarabağda aparılan bərpa-quruculuq işlərinin Azərbaycana təsiri müsbətdir. Xalq, gəlib-gedənlər, diplomatlar, xarici qonaqlar anlayırlar ki, bu ərazilər Azərbaycan torpaqlarıdır, dağıdılıb və viran qoyulub. Azərbaycan isə heç bir problem yaratmadan bu əraziləri bərpa edir, öz tarixi torpaqlarını yenidən qurur və sülh naminə, hətta bütün bu vəhşilikləri törədənlərin də üzərinə getmir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu, ölkənin sülhsevər imicini yaradır, eyni zamanda məqsədyönlü quruculuq işlərini ortaya qoyur və böyük bir mədəniyyətin davamçısı kimi Azərbaycan xalqının müsbət keyfiyyətlərini diqqətə çatdırır. Diplomatların bölgəyə aparılması ilə bağlı hazırda artıq 22-ci səfər təşkil olunur. Əlbəttə, bu da olduqca lazımlı bir təşəbbüsdür. Çünki Qarabağ məsələsi üzərindən o qədər manipulyasiya aparılıb ki, həqiqətin və yalanın harada olduğunu müəyyənləşdirmək çətinləşib. Hətta vaxtilə Xocalıda qətlə yetirilən azərbaycanlıları sonralar ermənilər ermənilərə qarşı törədilmiş qətliam kimi təqdim edirdilər. Müxtəlif şəkillər göstərərək dünya ictimaiyyətini ciddi şəkildə aldada və çaşdıra bilmişdilər. Bunu Ermənistan hökuməti, erməni diasporu və onların arxasındakı havadarlar həyata keçirirdilər. Yəni biz həm əzilən, təcavüzə məruz qalan tərəf olmağımıza baxmayaraq, həm də təqsirkar, günahkar tərəf kimi təqdim olunmuşduq. İndi diplomatların bölgəyə səfər etməsi, vəziyyəti yerində görməsi, orada törədilən vəhşilikləri öz gözləri ilə bilavasitə müşahidə etməsi və bunları öz hökumətlərinə çatdırması, əlbəttə, çox faydalıdır. Düzdür, hazırda Azərbaycana qarşı Ermənistanın elə ciddi informasiya savaşı yoxdur. Amma bütün hallarda bu, uzun illər boyu atılan çirkabların təmizlənməsi baxımından əhəmiyyətlidir. Dünya birliyi bölgəmizdə nə baş verdiyini, həqiqəti bilməlidir. Bunun üçün də ən ciddi faktor bölgənin özünü gedib görmək, orada baş verənləri bilavasitə müşahidə etməkdir.
Səidə Ramazanova